Ailə tərbiyəsi vətəndaş tərbiyəsində necə rol oynayır?
24.07.2016   Bölmə: Tərbiyə




Hər bir xalqın özünəməxsus ailə tərbiyəsi üsulları olduğu kimi, Azərbaycan xalqının da özünəxas mütərəqqi uşaq tərbiyəsi metodları var. Bir məqamı da nəzərə almaq lazımdır ki, digər dövlətlərlə müqayisədə bizdəki tərbiyə metodları mükəmməl və dolğun olmağı ilə seçilir.

Bu da təsadüfü deyil. Çünki Azərbaycan ailələrində uşağın tərbiyə olunması üsulları o qədər zəngin, spesifik xüsusiyyətlərə malikdir ki, bunları saymaqla qurtarası deyil. Məsələ ondadır ki, Azərbaycan ailələrində valideynlərin uşaqların təlim-tərbiyəsində xüsusi rolu var.

Həmin rol ondan ibarətdir ki, valideynlər mümkün olduğu qədər uşaqları zərərli vərdişlərdən uzaq tutmağa çalışır. Məsələn, bütün valideynlər çalışır ki, övladları siqaret çəkməsin, spirtli içki içməsin, qumar oynamasın, oğurluqla məşğul olmasın, yalan danışmasın, böyük-kiçik yeri bilsin, nizam-intizamdan kənara çıxmasın və s.

Bir növ, bütün bu deyilənlər sağlam gənc nəslin formalaşması üçün başlıca kredo hesab olunur. Digər tərəfdən, Azərbaycan ailələrində uşaqlar tərbiyə olunarkən valideynə bağlılıq xüsusi önəm kəsb edir. Bu da nəticə etibarilə yanlış nəticələrin baş verməsinin qarşısını alır. Məlum həqiqətdir ki, sadalanan bu xüsusiyyətlərin bir çoxu qərb ölkələrində yoxdur. Məsələn, Avropa dövlətlərində valideyni ahıl yaşında qocalar evinə qoymaq adi bir şeydir.

Baxanda bunun kökü həmin ölkələrin özünəməxsus ailə tərbiyəsindən qaynaqlanır. İş ondadır ki, Avropa dövlətlərində əksər hallarda uşaqların sərbəst böyüməsinə daha çox üstünlük verilir ki, bu da onların müəyyən zərərli vərdişlərə yiyələnməsinə birbaşa şərait yaradır. Bu da nəticə etibarilə cəmiyyətdə bir sıra sosial fəsadların baş verməsinə gətirib çıxarır.

Bəzən bu sosial fəsadlar o qədər ağır nəticələrə gətirib çıxarır ki, onu sağaltmaq üçün illərlə vaxt lazım olur. Bununla belə, əksər hallarda sosial fəsadlardan doğan yaraların sağaldılması itkisiz ötüşmür. Məsələn, cavanların narkotikə qurşanması, əyyaşlığın vüsət alması məhz aşırı sərbəstlikdən qaynaqlanır. Etiraf etmək lazımdır ki, son yüz ildə Azərbaycan xalqının mütərəqqi ailə tərbiyəsi üsullarında deqradasiya halları da bu və ya digər dərəcədə özünü göstərir.

Bütün bunlara rəğmən, xalqımızın mütərəqqi ailə tərbiyəsi üsullarını arzuolunan səviyyədə qorunmasına çox böyük ehtiyac var. Unutmaq olmaz ki, digər millətlərlə müqayisədə, Azərbaycan xalqında bu metod daha güclüdür. Azərbaycan insanı daha çox istəyir ki, öz övladını qayğı ilə əhatə etsin, daim diqqətdə saxlasın, hərəkətlərinə nəzarət etsin.

Bizim ailə tərbiyəmizdə bu sadalananlar xüsusi çəkiyə malikdir. Bəzilərinə görə, bu bir yandan yaxşıdır, digər yandan pis. Yaxşıdır ona görə ki, bu, valideyinin öz övladının təlim-tərbiyəsinə ciddi nəzarət etməsinin göstəricisidir. Ancaq digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bəzən bu nəzarət aşırı həddə olur. Yəni valideyn çalışır ki, övladının hər işinə qarışsın. Bu da bəzən müəyyən xoşagəlməz halların baş verməsinə gətirib çıxarır. Ən azından təşəbbüskarlığın qarşısını alır.

Təbii ki, müəyyən bir yaş həddindən sonra valideynin aşırı qayğıkeşliyi insana mane olmağa başlayır. Bütün bunlara rəğmən, Azərbaycan ailələrində formalaşan ailə tərbiyəsi ənənələri yüksək qiymətləndirilməlidir. Biz, ümumiyyətlə, ailəcanlı, övladcanlı bir millətik. Öz övladlarımızı səhvlərdən, yanlış yollardan çəkindirmək üçün bütün imkanlarımızı səfərbər etməyə çalışırıq. Əksər hallarda buna nail də oluruq.

Bütövlükdə cəmiyyətdə sağlam vətəndaşların formalaşmağında ailə tərbiyəsi ilə yanaşı, uşaq bağcasından tutmuş məktəblər də özünəməxsus rol oynayır. Bir növ bu təsisatların vəhdəti sayəsində tərbiyə işi aparılır. Bütün bu deyilənlərin fonunda Azərbaycanda ailə tərbiyəsinin rolu necə qiymətləndirilir?

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən tanınmış ziyalı professor Xalid Əlimirzəyevin sözlərinə görə, Azərbaycan ailələrində də özünəməxsus tərbiyə üsulları var: "Dünyada dini, etnik kimlik nöqteyi-nəzərindən müxtəlif tərbiyə üsulları var. Bütövlükdə ailə tərbiyəsinin cəmiyyətdə oynadığı rol, ata-ananın tərbiyəsi, onun dünyagörüşü və əxlaq tərzi ilə ölçülür.

Yəni onların əxlaq tərzi, düşüncəsi, cəmiyyətə, insanlığa, dövlətə, xalqa və vətənə münasibətinin hansı səviyyədə olması ilə bağlıdır. Deməyim odur ki, ailə tərbiyəsi göydən düşmür. Tərbiyənin arxasında duran adamın özü gərək yuxarıda sadalanan kriteriyaları özündə daşımalıdır. Ailə tərbiyəsi vətəndaşın formalaşmağına o zaman müsbət təsir göstərir ki, ailə üzvlərinin dünyagörüşü, mənəviyyatı, əxlaqı yüksək olur.

Digər tərəfdən, belələri təkcə milli yox, həm də bəşəri təfəkkür sahibi olmalıdılar. Ümumən ailədə tərbiyə məsələsi ailənin üzvlərindən başlayır. Bir şeyi nəzərə almaq lazımdır ki, ölkəmiz Şərq və İslam dünyası ilə vəhdətdə götürüləndə azərbaycanlıların ailədə çox fərqli tərbiyə metodları ortaya çıxır. Xüsusən də övlada, uşağa münasibətdə fərqlər yetərincə çoxdur. Bu yöndə yaxşı cəhətlər də var, kəsirli cəhətlər də. Tərbiyəmizdə kəsirli cəhət ondan ibarətdir ki, uşaqlarımızı bir sıra hallarda sərbəst böyüməyə qoymuruq.

Hesab edirəm ki, bu cür stereotiplərdən uzaqlaşmaq lazımdır. Ona görə ki, bu, uşaqların sərbəst düşünməsinə və mütərəqqi təşəbbüslərlə çıxış etməsinə mane olur. Bəzən bu o həddə gəlib çatır ki, müəyyən mənfi fəsadlara gətirib çıxarır. Ancaq bununla bərabər, danmaq olmaz ki, Azərbaycan ailəsində həqiqətən də yüksək tərbiyə normaları var. Halbuki, bir çox xalqlarda bu deyilənlər yoxdur.

Böyüyə hörmət, insanpərvərlik kimi nəcib keyfiyyətlər bizim qədim ənənələrdən gəlir. Bu ənənələrin kökündə də xalqımızın mütərəqqi ailə tərbiyəsi vərdişləri dayanır. Bütün bunlar gənclərimizin sağlam vətəndaş olaraq formalaşmağına çox müsbət təsir göstərir. Hesab edirəm ki, bu Azərbaycan ailə tərbiyəsinin vacib elementlərindən biridir.

Bizdə humanizm, insanpərvərlik ailədə uşaqlara çox yaxşı aşılanır. Bu da, öz növbəsində, uşaqların tərbiyəsinə müsbət mənada çox yaxşı təsir göstərir. Valideynlər çalışır ki, övladları xeyirxah, istedadlı, cəmiyyətə faydalı olsun. Bu minvalla bizim millətin, xalqın mənəvi-əxlaqi keyfiyyətlərinin hansı səviyyədə durduğunu, hansı cəhətdən mütərəqqi, qabaqcıl olduğunu dünyaya çatdıra bilərik.

Digər tərəfdən, mütərəqqi övlad tərbiyəsi ənənələrinin təhsil sahələrində geniş təbliğ olunmasına ehtiyac var. Çünki ailədə uşağa verilən tərbiyəni məktəbdəki təlim-tərbiyədən ayrı təsəvvür etmək olmaz. Bunlar bir-birilə sıx bağlıdır".

X.Əlimirzəyevin açıqlamasından o da məlum oldu ki, "Avam, savadsız, dünyagörüşü məhdud olan ailə üzvlərindən yüksək səviyyədə nəsə gözləmək olmaz. Yəni uşağın formalaşmağını bu günkü dövrün tələbləri çərçivəsində qura bilməz. İstər-istəməz bu kimi amillər ailə tərbiyəsində uşağın formalaşmağına sirayət edir. Bu mənada ailə tərbiyəsi, cavanların vətənpərvər ruhda, insan, şəxsiyyət kimi böyüməsi valideynlərdən aslıdır. Körpə vaxtından tərbiyənin özülü necə qoyulubsa, o cür də olacaq.

Ona görə də ailə tərbiyəsinin oynadığı rolu dəyərləndirərkən, ilk növbədə valideynlərin özünün səviyyəsinə, tərbiyyəsinə fikir verməliyik. Baxaq görək onlar nə vəziyyətdədir. Başqa bir tərəfdən, ailə tərbiyəsinin kökünda milli şüur və təfəkkür tərzi durmalıdır. Bu gün problemlərdən biri də milli təfəkkür tərzindən uzaqlaşma tendensiyasının vüsət almasıdır. Məsələ ondadır ki, vaxtilə körpələrimiz, balalarımız beşikdə ana laylası ilə böyüyürdü.

Bu ana laylası uşağın mənəvi cəhətdən zövqünü formalaşdırırdı. Bizim musiqimiz, laylalarımız çox böyük tərbiyə məktəbi idi. Bütün bu kimi amillər sağlam ruhda gənclərin yetişməsinə gətirib çıxarırdı ki, nəticədə onlar hansı sahədə təmsil olunmalarına rəğmən, ləyaqətli vətəndaş olurdular. Çox təəssüf ki, bu gün bu dəyərlərin bir çoxu qeybə çəkilib. Belə ki, uşaq anadan olan kimi, valideynləri tərəfindən böyütmək üçün kiməsə verilir. Nəticədə uşaq ana südündən də məhrum olur və əldə böyüyür. Ən pisi odur ki, indiki analar uşaqları süni qidalarla bəsləməyə daha çox üstünlük verir.

Bu kimi hallar ailə tərbiyəsinə zərər vurur. Qoyulan mənəvi-əxlaqi bünövrə pozulur. Bax bu kimi məsələlər çox ciddi və düşündürücü problemlərdir. Bunu bir verilişlə, məqaləylə, tövsiyə ilə həll etmək qeyri-mümkündür. Sözügedən problemlər dövlət, ümumxalq, ictimai rəy səviyyəsində geniş müzakirə olunmalıdır. Buna uyğun da həll yolları tapılıb ortaya qoyulmalıdır.

Vəziyyət həqiqətən də təhlükəli həddə çatıb. Problem ondadır ki, gənclərimiz yavaş-yavaş öz milli simasını itirir. Gənclərimizin Azərbaycan musiqisini, muğamlarını eşitmək belə istəmir. Bir çox gənclərimiz elə adət-ənənələrlə yaşayır ki, onlar bizim ata-babadan min illərdən gələn nəcib mənəvi-əxlaqi qayda-qanunlara tamamilə ziddir. Bu mənada milli xarakter, şəxsiyyət formalaşmır.

Ən böyük dərdimiz odur ki, bizdə tədris və təlim düzgün qurulmayıb. Yəni elə qurulub ki, insan amilinə çox az fikir verilir. Halbuki, bizə ilk növbədə kamil insan lazımdır. Özünü dərk etmiş, hüququnu bilən, insanlığın ləyaqətinə qiymət verməyi bacaran, indiki zamanın gedişindən xəbəri olan vətəndaş lazımdır. İlk növbədə öz rəhbərinə, xalqına sadiq olan, onun ənənələrindən, ruhundan xəbərdar olan insan yetişdirməliyik.

Bu kimi məsələlər kənarda qalıb. Təhsilimizdə, tərbiyəmizdə tamamilə unudlularaq yaddan çıxarılıb. O mənada bizdə çox mürəkkəb vəziyyət yaranıb. Nəticə etibarilə bütün bunlar xalqımızın ailə tərbiyəsi ənənələrinə ciddi zərər vurur. O üzdən, sözügedən problemlərin həll yollarını tapmaq üçün ciddi düşünmək lazımdır".
loading...
 (Səs sayı: 0)
Müəllif: ramalqarabaqli     Baxış sayi: 284     24.07.2016
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Analarimizin Qədrin Bilək Ana mən hardan gəldim sualına necə cavab verm..
Valideynlərə 35 məsləhət Oğul anası üçün 9 qayda!
Qorxan uşaqla necə davranmalı? Uşağın tərbiyəsində ata ilə anadan hansın..
Uşağım məktəbə hazırdırmı? Hansı qadınların uşaqları çox ağıllı olur..
Körpənizi çox öpməyin Uşağın tərbiyəsinde bilmediyimiz 3 yalnış
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 4
Qonaqlar: 196
Cəmi: 200
Bu gün saytda olanlar

Hal-hazırda saytda
1DamLa
Darixanurekk
Mirzali_vip
onsuz
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113859
Sayğaclar



Mp3 yukle