Alış-veriş mərkəzləri insanların xarakterindən xəbər verir
20.11.2013   Bölmə: Maraqlı

Alış-veriş etməklə insanlar gündəlik tələbatlarını ödəməyə çalışsalar da, bu, bəzi insanların həyat tərzinə çevrilib. Yəni bir qisim insanlar var ki, ehtiyacları olmadan belə alış-veriş etməyə üstünlük verirlər.

Alış-veriş mərkəzləri müştərilərin sosial statusunun göstəricisidir

Bu gün alış-veriş mərkəzlərinin, dükanların sayı kifayət qədərdir və həmin obyektlər müştərilərinə müxtəlif xidmətlər təklif etməklə onları cəlb etməyə çalışırlar. İnsanların bir hissəsi istirahətini evdə keçirməyə üstünlük versə də, bəziləri alternativ qismində məhz belə alış-veriş mərkəzlərinə üz tuturlar. Hazırda insanların vaxtlarını keçirəcəyi, dostları ilə söhbətləşəcəyi, yeyib-içəcəyi, eyni zamanda görüb-bəyəndiyi geyimləri ala biləcəyi bir çox məkanlar var. Bir vaxtlar müxtəlif markalar və fərqli geyimlərə marağı olanlar alış-veriş üçün uzun məsafələr qət edərək xaricə gedirdilərsə, bu gün artıq onlar istənilən məhsulu belə alış-veriş mərkəzlərindən əldə edə bilirlər.

Xarici ölkələrdə adətən belə məkanları ən çox gənclər və yaşlıların ziyarət etdiyi qeyd edilir ki, bunun da səbəbi görüşmək, söhbət etmək, belə yerlərdə alış-veriş etməkdən çox, gəzməkdir. Bəziləri isə yeni geyim, marka, dəb, maraq üçün belə yerlərə üz tuturlar. Mütəxəssislərin fikrincə, belə mərkəzlər eyni zamanda müştərilərin sosial statusunun göstəricisidir. Bəzi insanlar sadəcə geyimlərini təmin etmək üçün alış-verişə çıxmaqla ucuz, cibinə uyğun məhsul almağa çalışırlar. Digərləri isə bahalı mağazalara üz tutaraq ən yeni dəb, bahalı məhsulları seçirlər. Beləliklə, onlar bununla öz xarakterlərini, necə seçici, geyim pərəstişkarı olduqlarını göstərirlər.

Alış-verişi qadınlar, yoxsa kişilər çox sevirlər?

Mütəxəssislərin fikrincə, qadınlar alış-veriş etməyi kişilərdən daha çox sevirlər. Bu da qadınların xarakterini müəyyən etməyə imkan verir. Belə ki, qadınlar alış-veriş etməyi sosial münasibətlər qurmalarında rol oynayan fəaliyyət kimi görürlər. Qadınlar alış-veriş etməklə yaxın adamları üçün önəmli olduqlarını düşünürlər. Əslində yaxşı bir alış-veriş etməklə qadın özünü güclü hiss edir. Ziyarət etdiyi mağazalarda yaşadığı hissin bir həyat standartı olduğunu düşünür və bunu ailəsinə də yaşada bildiyi düşüncəsi ona xoş gəlir. Qadınlar alış-veriş etməyi əyləncəli bir fəaliyyət kimi görürlər. Eyni zamanda onları gündəlik yaşayış tərzindən çıxaran və onlara dəyişiklik gətirən bir fəaliyyət sayırlar. Hətta bəzən qadınlar üçün şoppinq ən yaxşı psixoloqdan, ən güclü dərmandan daha təsirlidir. Belə ki, özünü pis hiss edən qadınlar alış-verişdə rahatlanır və bütün üzüntülərini bir anlıq da olsa, unuda bilirlər. Stressdən uzaqlaşırlar. Yeni əşyalara sahib olmağın verdiyi həzz qadınlar üçün əvəzsizdir.

Avstraliyada aparılan bir araşdırma kişilərin də alış-verişə marağının olduğunu göstərib. Belə ki, mövzu texnologiya olduqda kişilərin də alış-verişi sevdikləri məlum olub. Son illərdə kişilərin alış-veriş obyektlərində dəyişikliklər yaranıb. Onlar artıq satış mağazalarına və marketlərə qarşı daha çox maraq göstərirlər, artıq daha çox alış-veriş edirlər. Burada xüsusilə də gənc oğlanlar fərqlənirlər.

İngiltərədə aparılan bir araşdırmaya görə, qadınlara alış-veriş sevgisi anadan keçir. Qızların uşaqlıqlarından başlayaraq anaları ilə alış-verişə çıxmalarının bu prosesin inkişafında payı olduğu göstərilir. Qız uşaqları üçün istehsal olunan geyimlərin oğlanlara nisbətən 50 faiz daha çox satıldığı müəyyən edilib. Qız uşaqlarının 4 yaşına çatdıqlarında həmyaşıdları olan oğlanlardan 20 faiz daha çox geyimlərinin olduğu müşahidə edilir. Digər bir araşdırmaya görə, alış-veriş edən qadınların yarısı sonra lazımsız alış-veriş etdiyinin düşünüb özünü günahkar hiss edir. Alış-veriş edərkən onların 41,3 faizi sevincli, 16,3 faizi həyəcanlı, 12,3 faizi sıxıntılı olur.

Cib dolu, mal ucuz?

Psixoloq Tünzalə Verdiyeva Milli.Az-a açıqlamasında təsdiq edir ki, hər bir insanın geyimi onun xarakteri və əxlaqı haqqında ilkin informasiya verir: “Bəs bu geyimlərin hansı alış-veriş mərkəzlərindən alınması necə? Nə istədiyini və ona nə lazım olduğunu bilən, qətiyyətli və soyuqqanlı, rahatlığı sevən, ağıllı və tədbirli insanlar daha çox keyfiyyətə üstünlük verirlər. Keyfiyyətli mallar isə daha çox brend mağazalar və butiklərdə satılır. Bəzi meşşan və şöhrətpərəst insanlar isə ucuz alış-veriş mərkəzlərindən aldıqları malları dost-tanışlarına şəhərin mərkəzindən, Nizami küçəsindəki mağazalardan olduqca baha qiymətə aldıqlarını söyləyirlər.

Bəziləri alış-veriş mərkəzlərinə müraciətin sırf maddi vəziyyətlə bağlı olduğunu söyləyirlər. Amma bu fikir doğru deyil. Əgər maddi təminatınız aşağıdırsa, bu o demək deyil ki, siz ucuz və keyfiyyətsiz mal almalısınız. "Mən o qədər varlı deyiləm ki, ucuz mal alam" fikri tamamilə həqiqətdir”.

Psixoloqun fikrincə, bəzən maddi təminatı yüksək olan insanlar belə, ucuz və keyfiyyətsiz malların satıldığı alış-veriş mərkəzlərindən "bəhrələnirlər". Onun sözlərinə görə, bu isə artıq "zövq" məsələsidir: “Yüksək zövqlü insanlar gündə bir geyim almağa deyil, keyfiyyətli və rahat geyim almağa üstünlük verirlər. Ucuz və keyfiyyətsiz mallara üstünlük vermək qənaətcillik yox, israfçılıqdır. Hər bir insan "ayağını yorğanına görə uzatmalıdır", büdcəsinə uyğun, lakin keyfiyyətli məhsul almalıdır. İnsanlar tələbatı və ehtiyacı olduğu qədər alış-veriş etsələr, praqmatik olsalar, israfçılıq etməsələr, büdcələrinə nəzarət edə bilərlər. Başqalarını yamsılamaq, "qonşudan qalma dala" prinsipi ilə yaşamaq, əlbəttə, xoş deyil”.

Alış-veriş xəstəlikdirmi?

Alış-verişin bir xəsətlik olduğunu deyənlər də var. Mütəxəssislərin fikrincə, bu, insanların ehtiyac duymadan nəzarətsiz qaydada alış-veriş etmələri və düşüncənin sıx bir şəkildə alış-verişlə məşğul olmasıdır. Lakin alış-verişi sevməklə alış-veriş xəstəliyi eyni deyil. Bu xəstəliyin adı “oniomaniya”dır və 1900-cü illərdə müəyyən edilib.

Psixoloq Vahid Rüstəmov isə deyir ki, bu gün müasir dünyanın bir göstəricisi olan istehlak mədəniyyəti insanları daha çox məhsul almağa məcbur edir. Alış-veriş xəstəliyini sürətləndirən reklamlar, şüarlar, mövsüm sonu endirimlər, kampaniyalar kimi amillər alıcılıq riskini daha da artırır. Onun sözlərinə görə, alış-veriş xəstəliyi nəzarət pozğunluğu və asılılığa aiddir, burada müxtəlif şəxsi problemlər öz əksini tapır:

“İnsanlar daha çox gərgin və kədərli olarkən, həmçinin depressiya kimi amillər bu xəstəliyə yol aça bilər. Bəzi insanlar həyatlarındakı duyğusal boşluqları alış-veriş etməklə doldurmağa çalışırlar. Evli qadınlar üçün alış-veriş bəzən həyat yoldaşlarından intiqam ala bilmək vasitəsi də sayılır. Evliliklərində əldə edə bilmədikləri xoşbəxtliyi alış-veriş etməklə təmin edirlər. Həmçinin bununla yalnızlıq və bəxbəxtliklərini bir anlığa da olsa, aradan qaldıra bilirlər. Alış-veriş etmək beyindəki xoşbəxtik hormonu olan serotoninin də artmasına səbəb olur. Beləliklə, alış-verişin niyə çox sevilməsinin səbəbi budur”.

Hətta bu sahədə araşdırmaların aparıldığını deyən psixoloq qeyd edir ki, qadınlar alış-verişə orta hesabla 4-6 saat arasında vaxt sərf edirlər və bu da həmin müddətdə xoşbəxt hisslər deməkdir:

“Alış-veriş xəstələri adətən bu müddətdə rahat olsalar da, bir müddət sonra bir peşmanlıq hissi yaşamağa başlayırlar. Ruhi baxımdan taqətdən salan bu xəstəlik bir müddət sonra nə qədər alış-veriş edilsə də, onları qane etmir. Alış-verişin nə zaman zövq, nə vaxt asılılıq olduğuna gəldikdə isə, əgər insanların əsas ehtiyaclarını artıqlamasıyla aşırsa, bu artıq asılılıqdır. Alış-veriş asılılarının dolabları yarlıqları kəsilməmiş, bir dəfə də olsun geyilməmiş geyim və ya əşyalarla dolu olur. Belələrinin tək dərdi markalı geyinmək deyil. Əgər insanlar asılı olduğunu düşünürlərsə, bunun müalicəsi olduğunu bilməlidirlər. Bunun üçün dərmanla müalicənin müsbət nəticələri var. Eyni zamanda psixoloji dəstək almaq daha da yaxşı nəticələr verəcək. Alış-veriş həyatın bir hissəsidir, amma bütün həyat demək deyil”.
loading...
 (Səs sayı: 0)
Müəllif: Hade     Baxış sayi: 779     20.11.2013
Təşəkkür edənlər (0) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bir az sərt, bir az gülməli. "50 Cent" boks rinqində
Ən məşhur Hackerlər. DÜNYANIN 8-Cİ MÖCÜZƏSİ : ÇƏHRAYI GÖL
Qulaq çirki qulağın sağlamlığı üçün laz.. Gözəlçə
İnsan qorxuları... MƏNDƏN SİZƏ #8
METBEX ALEMINDE FAYDALI MESLEHET SOLĞÜN ÜMIDLƏR
Şərhlər görsənsin: axırda yazılanlar | əvvəl yazilanlar | maraqlı şərhlər
asi
Qısa məlumat

Sevilen istifadəçi
asi
: qiymət: 0
Tarix: 22.11.2013 | # 1
Bu xeberden var deyesen sagol






 

Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.
SAYTA GİRİŞ
İstifadəçi adı:
Parol:
            
Qeydiyyat
Şifrənizi unutmusunuz?

Hal-hazırda saytda
İstifadəçilər: 1
Qonaqlar: 81
Cəmi: 82
Bu gün saytda olanlar

Hal-hazırda saytda
OrxanXanlaroglu
Sorğu
Paltar Mağazasına Girsəydiz İndi Nə Alardız ?

Platya
Yubka
Kofta
Cins Şalvar
Pencək
Mini Yubka
Uzun Platya
Cins Pencək
Lasin
Şalvar
Şarf



Nəticələr
Başqa sorğu-suallar

Səs sayı: 113830
Sayğaclar



Mp3 yukle