reklam
HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 16. HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 16. https://sun.az/uploads/posts/2021-01/thumbs/1610608869_loading.az_20201125222842.jpg
ParadiseSark

ParadiseSark Hekayələr 14-01-2021, 14:00

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 16.

HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 16.
16-cı bölüm..
-----
Bu səhər baş ağrısı ilə oyanmışdım. Normal keçən bir günüm olmayacaqdı, deyəsən. Güzgüyə baxıb üzümü turşutdum. Gözlərim ağlamaqdan şişmişdi. Hələ də özümə inanmırdım. Mən necə də axmağam. Kənana başqasını sevdiyimi niyə demişdim? Əsəblə saçlarımı topladım. Bu gün özümü evə həbs edib cəzalandıracam. Mütləq bir iş görüb fikrimi yayındırmalı idim. Psixoloqdan canımı yenicə qurtarmışkən dəli olub seanslara davam etmək niyyətində deyildim. İdman edib səhər yeməyi yeməyə çalışdım. Boğazımdan keçmədi. Evi təmizləməyə başladım. Kənanın üzümə toxunmağını xatırladım. Gülümsədim. Dodağım altında pıçıldadım: Kaş ki Hər şey başqa cür olardı..
Günortaya qədər evi təmizləyib bitirdim. Yenə dəli düşüncələr fikrimi qarışdırırdı. Kənana zəng edib dünən dediyim sözün yalan olduğunu bildirmək istədim. Axı bu nəyi dəyişdirəcəkdi? Bəs Məndən niyə nigaran qalırdı? Özünü mənə borclu hesab edirdi, sadəcə. Onun mənə qarşı olan hissi peşmançılıq idi.. Məsləhətə ehtiyac duyurdum. Bu halda mənə Sara kömək edə bilərdi. Sara ailə qurandan sonra əvvəlki kimi çox danışa bilmirdik. Vaxt itirmədən ona zəng etdim. Kənanla aramızda yaşanan o gecəni və Kənan gələndən sonra aramızda olanları danışdım. Saranı heyrətləndirmişdim. Bu acımı onunla daha əvvəl bölüşmədiyim üçün mənə hirsləndi..
Sara: Kaş mənə əvvəldən danışardın.. "Niyə işləri korlamısan, Nazlı? Yaxşı bunları keçdim. Bəs başqasını sevirəm nə deməkdir axı?"
Bu sualım cavabsız qalmışdı. Sadəcə susdum. Sara qəbul etmədiyim gerçəyi üzümə vurdu: "Sən Kənanı sevirsən, Nazlı."
Çarəsiz vəziyyətdə Saranın sözlərini dinləyirdim: "Daha gecdir, Sara. Mən duyğularımdan əmin deyiləm. Kənanın mənə qarşı nə hiss etdiyini də bilmirəm. Qorxuram.. İtirməkdən qorxuram..Yenə gedəcəyindən qorxuram..."
Sara: Nazlım, bil ki qorxularından asılı qalsan qorxduğun başına gələcək. Ürəyinin səsini dinlə. Mübarizə apar..Qorxularına qalib gəl...
Eyvanda dayanıb günün batışını izlədim. Zamanı geri qaytarmaq istəyirdim. Ürəyimlə ağlım savaşırdı. Duş qəbul edib yorğunluğumu üstümdən atdım. İndi daha yaxşı hiss edirdim özümü. Yenə dəli fikirlər başımda dolanırdı. Hazırlaşıb evdən çıxdım. Gedəcəyim ünvan Kənangilin evi idi. Yol boyu ora getməyim üçün səbəb axtarırdım. Avtobusdan enib küçəni döndüm. Hava qaralmışdı. Bayaqdan əsən sərin meh güclü küləyə çevrilmişdi. Öz-özümə "Yağış da yağsa lap yerinə düşəcək" dedim kinayəli şəkildə.. Həyət qapısını açıb içəri keçdim. Ülkər xalagilə nə deyəcəkdim? Yağış xəfif-xəfif damcılayır, şimşək çaxırdı. Bəxtim heç yox idi. Telefonu çantamdan çıxarıb söndürdüm. Məni Kənangilin həyətində şimşək vursa heç təəccüblənməzdim. Bura gələnə qədər düşündüyüm nə varsa hamısını unutmuşdum.. Qəfil göy guruldadı. Qısıq səslə qışqırıb küçəyə qaçdım və kiməsə çırpıldım. Burnuma dolan o qoxu ilə ürəyim rahatladı.. Bir addım geri çəkilib üzünə baxdım.. Küçənin işıqları yandı. Bu anı illər öncə də yaşamışdıq. Göz-gözə gəldik, tez-tez nəfəs alırdım. Baxışlarımı ondan yayındırdım.
Kənan: Sənin burada nə işin var?
Səsi buz kimi idi. Üzünə baxanda olan cəsarətimi də itirdim. Ağlıma nə gəlsə deməyə hazır idim.
Mən: Yaxınlıqda tanışım var.
Kənan: Tanışın? Hmm.. Sanki, bizim həyətdən çıxdın.
Mən: Sənə elə gəlib.
Ahh, Kənanı inandıra bilmişdimmi, görəsən?
Kənan: Sənin tanışın.. səni evə niyə aparmayıb ?
Mən: Özüm istəmədim, Kənan. İndi icazənlə gedim. Sağ ol.
Geri dönüb sürətlə addımlamağa başladım. Əynimdəki nazik köynək su içində idi. Üşüyürdüm. Ürəyimdə avtobusa səsləndim: "Məni gözlə..."
Qarnımın üstündə hiss etdiyim əllər məni geri çevirib belimə dolandı. Qışqırtım küçədə əks-səda verdi.
Kənan:"Yalan danışmağını nəyə borcluyuq? Bizim həyətdən çıxdığını gördüm. İnkar edə bilməzsən."
Güclənən yağış altında ikimiz də islanmışdıq.
Mən: Burax məni.
Əllərimlə sinəsindən itələməyə çalışdım.
Qollarından qurtulmaq istəyirdim.
Kənan: Nə üçün gəlmisən?
Mən: Soruşma nə olar. Burax gedim.
Kənan: Titrəyirsən.
Əlavə söz deməyib əlimdən tutdu. Qarşı qoymadım. Küçənin yuxarısına qədər addımladıq. Maşını burada dayanmışdı. Qapını açıb "Əyləş" dedi sərt səs tonu ilə..
Mən: Bir şərtlə.. heç nə soruşmayacaqsan..
Kənan razılıq əlaməti olaraq başını aşağı-yuxarı elədi. Maşının arxasındakı çantadan dəsmal çıxarıb mənə uzatdı: "Al bunu..Qurulan".
Su içində olan saçlarımı qurulamağa çalışdım. Günün sonunun belə olacağını təsəvvür etmirdim. Qərarsızlığım ucbatından pis vəziyyətə düşdüm. Üstəlik Kənan onların həyətində olduğumu gördü.
Kənan: Anam gəldiyini bildi?
Mən: Yox. İçəri keçmədim. Ona bu haqda danışmasan yaxşı olar.
Kənan: Niyə qayıtdın bəs?
Mən: Çünki,qorxdum.
Kənan: Kimdən?
Mən: Göy gurultusundan təbii ki.. Məndən heç nə soruşmayacaqdın! Məni danışdırma.
Başımı pəncərəyə söykəyib evə doğru uzanan yolun qısalmasını gözlədim. Günün yorğunluğu ilə yuxu məni ağuşuna aldı. Nə qədər yatmışdım bilmirəm. 5 dəqiqə... 10 dəqiqə.. Maşının anidən dayanması ilə gözlərimi açdım. Yağış şiddətlənmişdi.
Kənan: Yatmışdın yoxsa mənə elə gəldi?
Mən: Yatmamışam.
Kənan hiyləgər şəkildə gülərək " İnanım?" dedi və əlavə etdi " bayaqdan xoruldayan yəqin maşının motorudur"..
Əsəbi şəkildə üzünə baxıb maşının qapısını açdım. Məni yenə pərt eləmişdi. Maşından enəndə donub qaldım.
"Bura haradır?" deyib maşına geri qayıtdım. Kənan qəhqəhə ilə güldü. Bu anın dayanmasını istəyirdim. Kənanı tanıdığım müddətdə belə ürəkdən güldüyünü görməmişdim.
Mən: Haradayıq biz? Maşın xarab olub? Axı mən bu yolları tanımıram.
Kənan: Rahat ol, Nazlı. Şəhərdən kənarda bir yerdəyik.
Mən: Bu nə deməkdir?
Kənan: Heç nə soruşmayacam ancaq sən danışana qədər burada qalacağıq. Sən də həbs olduğun düşüncələrdən azad olarsan.
Mən: Əsla. Ehtiyac deyil. Evimi istəyirəm. Evə apar məni.
Kənan: Sözümü iki eləmə. Maşından en.
Nə qədər inad eləsəm də Kənan sözündə qəti idi.
Kənan: Məncə, işini şansa buraxma. Ya sağlam şəkildə özün gedəcəksən ya da məcbur aparacam..
Kənana hirslə " Kobudsan" deyib maşından endim. Kənan balaca həyət evinin qapısını açdı. Əlimdən tutub içəri apardı. İki nəfərin yaşaya biləcəyi ev idi.
Kənan: 2 nəfər? Yaşayarıq.
Ürəyimdə danışdığımı zənn edirdim. Yenə özümü pərt elədim..
Kənan otağa getdi, çox keçməmiş geri qayıtdı. Paltarını dəyişmişdi. Öz islanmış geyimlərimə baxıb məyus oldum.
Kənan: Sənin üçün paltar seçdim. Geyinə bilərsən.
Məni də düşündüyünə görə sevindim. Otağa keçdim, göy gurultusu məni qorxudurdu. Çarpayının üstündəki paltara nəzər yetirdim. İdman şalvarı və köynək seçmişdi mənim üçün. İkisi də böyük olmuşdu əynimə. Köynəyin ətəyini bağlasam da çiyni aşağı düşürdü, Şalvarın belini sıxdım. Bir gün Kənanın paltarlarını geyincəyim ağlıma gəlməzdi. Otaqdan çıxdım, Kənan baxışlarını mənə yönəltdi. Nə isə deyəcəkdi ki, geri dönüb masanı göstərdi: "Yoldan yemək almışam, yəqin ki acsan. (İşarə edərək) Hamam küncdədir, əllərini yuya bilərsən."
Hamama keçib əl-üzümü yudum. Güzgüyə baxıb üzümü turşutdum. Gözlərim qızarmış, rəngi tündləşmişdi. Saçlarım dalğalı olsa da islanmışdı deyə burulmuşdu. Öz-özümə deyinirdim.
- Sən nə vaxt normal görünəcəksən?
Möhkəm göy gurultusu ilə diksindim. Anidən ortalığa qaranlıq çökdü. İşıqlar sönmüşdü. Zil qaranlıqda nəfəsim daraldı. Qışqıraraq Kənanı səslədim. Divara söykənib aşağı çökdüm. Elə hiss edirdim ki üstümə kimsə gəlir..
Otağa dolan işıqla gözlərim aydınlandı.
-Qorxma. Buradayam.
Kənanın səsini eşidib xeyli rahat oldum. Olduğum yerdən qalxıb Kənanın ardınca otağa qayıtdım. Qaranlıqda nəyə ilişdiyimi bilməsəm də Kənanın üstündə olduğumu bilirdim. Əlləri belimin açıqda qalan hissəsinə təmas edəndə dik atıldım. Ayağa qalxmaq istəsəm də məni sıxışdırmışdı. Söz deməyə hazırlaşırdım ki qarnım siqnal çalmağa başladı. Lənət olsun. Bu gün ancaq pərt olmuşdum. Kənanın gülüş səsləri otağa doldu. Qaşlarımı çatsam da onun bu halına dayana bilməyib mən də gülməyə başladım. Alnını alnıma söykəyib "Darıxmışam" dedi. Ürəyimin döyüntüsünü eşidirdim. Elə hiss edirdim ki yuxudayam. Bu yuxudan oyanmaq istəmirdim..

16-cı bölüm sonu.

Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 257 303 308 301 326

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.