Murad Dadaşov: “Siqaret çəkmə, kino çək” müsabiqəsində təsirli film görmək istərdim” - MÜSAHİBƏ
Bakı. 6 fevral. / Əməkdar artist, tanınmış teleaparıcı, aktyor, MGP (M Group Production) şirkətinin prezidenti, “Siqaret çəkmə, kino çək” qısa film müsabiqəsinin münsiflər heyətinin üzvü Murad Dadaşovun “Report”a müsahibəsi
- Prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunu imzalayıb. Bu qanunun imzalanmasına və ümumiyyətlə, tütün məhsullarından istifadənin məhdudlaşdırılmasına münasibətiniz necədir?
- Siqaret çəkməyən, üç oğlan övladı olan atanın və xanımı restorana girdikdə siqaret iyindən dərhal o yeri tərk etmək istəyən insanın reaksiyası necə ola bilər?! Yalnız və yalnız müsbət. Məsələ burasındadır ki, mən reklam işinin içindəyəm və deyilənə görə, belə qadağalar əksinə, müəyyən hallarda onun artmasına gətirib çıxarır. Ancaq, bu, belə deyil.
- Bəs siz nə vaxtsa siqaret çəkmisinizmi?
- Nə gizlədim, mənim də elə vaxtım var idi ki, arada siqaret çəkirdim. Nədənsə elə düşünürdüm ki, mən əsəbi insanam və əsəbi aradan bu cür qaldırmaq olar. İşlədiyim təşkilatda istədiyim vaxt kabinetdə siqaret çəkməyə icazə var idi. Ancaq mən fikirləşdim ki, mən rəhbərəm və digərlərinə nümunə deyiləmsə heç kimdən heç nə tələb edə bilmərəm. Hamı ilə bərabər çıxırdım çölə, uzun bir məsafə qət edib siqaret çəkirdim. Bir-iki dəfədən sonra başa düşdüm ki, çətindir. Beləliklə, siqareti atdım.
- “Siqaret çəkmə, kino çək” qısa film müsabiqəsindən danışmağınızı istərdim. Bu layihədən gözləntiləriniz nələrdir?
- Düşünürəm ki, çox maraqlı layihədir. Mən layihədə qısa və təsirli bir film görmək istərdim. Bəd niyyətli bir film yox, rahat, insanların başa düşəcəyi filmlər gözləyirəm. Hamımız bilirik ki, siqaret çəkmək pisdir, bunu yenidən eşitməyə ehtiyac yoxdur. Mən təqdimatı maraqlı olan filmə qiymət verəcəm.
- Mövzu, yoxsa keyfiyyət daha önəmlidir?
- Dünyanın ən bahalı əşyalarından biri brilyantdır. Kiçikdir, ancaq istədiyin rakursdan baxanda çox gözəl və fərqlidir.
- Film demişkən, ən son hansı yerli filmə baxmısınız?
- Sonuncu dəfə “Bəxt üzüyü 2” filmini izləmişəm.






