{Ağlamaqdan {ölmüşəm {bütün {gecəni {səssiz {
Bu gün yenə zəng edib parçaladın qəlbimi,
Harda idin nə vaxtdır, harda it-bat olmusan?
Soruşursan, “səsimdən tanımadın sən məni?”
Soruşmursan, “ay Kenan, necə mənsiz qalmısan?”
Nə sən soruş, nə də ki, mən danışım halımdan,
Necə olasıyam ki, boran kimi, qış kimi.
Gözlərimə baxanda, bilərsən əhvalımdan,
Bir qəfəsdə çırpınan, çarə gəzən quş kimi.
Eşitmisən buralar bu il yaman soyuqdur,
Səndən uzaq nə olsa, yenə qəlbim üşüyür.
Evimdə hər nə varsa, sevgidən nəsə yoxdur,
Burda körpə də yoxdur, yırğalana beşiyi.
Ürəyimin içində bir yara var, dərində,
Ağlamaqdan ölmüşəm, bütün gecəni səssiz.
Gecələri yatmıram, vurnuxuram yerimdə,
Sanki topu partlamış, bir uşağam, kimsəsiz.
Mən böyük bir çinar, sənsə məni əyirsən,
Vallah əyən olmasa, çinar yerə əyilmir.
Nə isə, sözüm başqadır, demək belə deyirsən,
Tanımadım səsini, tanımadım deyilmi?
Mənim həyat mənbəyim yox nəfəsindən ayrı,
Ah, nə deyim, bilmirəm, başqa sözüm qalmadı.
Bu zəhrimar həyatda sənin səsindən ayrı,
Ruhumu ovsunlamış başqa bir səs olmadı.
Tanımadım düşündün, sındı qolum qanadım,
Ayağının səsindən tanıyıram mən səni,
Bir də “alo” deyəndə soruşma ki, “tanıdın?”
Verdiyin nəfəsindən tanıyıram mən səni.






