Hardasan?
Düşüb sorağına axtarıram mən,
Ömrümün gülşəni, söylə hardasan?
Kor olub gözlərim, görə bilmirəm,
Gözümün bəbəyi, söylə hardasan?

Nolaydı yanına gələ biləydim,
Sənin əllərindən tuta biləydim.
Bircə gün üzünü görə biləydim,
Ömürlük həsrətim, söylə hardasan?

Mən səni canimda canım bilirdim,
Damarımda axan qanım bilirdim.
Ucalan şöhrətim, şanım bilirdim,
Getdi şan şöhrətim, söylə hardasan?

Qəm kədər yaxamı elə görüb ki,
Saçıma ağ qarı elə töküb ki,
Sənsizlik belimi elə büküb ki,
Tükənib taqətim, söylə hardasan?

Adını hər şeydən uca tutardim,
Eşqinlə göylərə pərvazlanardım.
Arzudan-arzuya qanadlanardım,
Sınıb qol qanadım, söylə hardasan?

Quruyub çəkilmir gözümün yaşı,
Ələnib yoluma dünyanın daşı.
Sizlayir yaralı qəlbimin başı,
Dirənib göylərə ahım, hardasan?






