Esmeralda

Esmeralda Şeirlər 21-08-2018, 23:00

Unutqan qadın

Unutqan qadın
Unutqan qadın

İlahi, nə unutqandı bu qadın,
dümdüz gedir sağı-solu unudub.
Ürəyində mürgüləyən adamın
yuxusuna gedən yolu unudub
O unudub sevinməyi, gülməyi
gözlərində qorxu dolu təlaş var
O unudub hər gecənin sonunda
yeni günə hamilə bir günəş var
Sevməyi də illər öncə unudub
nədənsə heç çiçək açmır bəd bəxti
Bir özüdür, bir kitablar, bir də ki,
dörd divar və bir qapılı mətbəxti.
Xoş gününü xatırlamır bu qadın,
Allah bilir daha nəyi unudub.
Güz saçları oxşanmağı, tumarı,
yanaqları öpülməyi unudub
Qış düşəndə sağlamlığı unudur
incə beli günü-gündən incəlir
Yaşamaqdan yorulanda bu qadın
görən kimin xəyalında dincəlir?
Bu qadın ki unutqandır beləcə
arzusunu, diləyini unudub
Bir oğlanın yuvasına köç edib,
bir oğlanda ürəyini unudub
Dağ qoynunda tənha qalan çiçək tək
necə açıb, necə solub bilinmir.
İlahi, nə unutqandı bu qadın,
unudub ya unudulub bilinmir...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
651 625 553 529 595 592

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.