Şəmkir rayonu haqqında
Şəmkir rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. Şəmkir rayonu (1991-ci ilədək Şamxor) 1930-cu ildə təşkil olunmuşdur.
Tarix
Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür, Şəmkir kimi göstərilmişdir. 1924-cü ildə İstanbulda "Müxtəsər Azərbaycan tarixi" kitabını çap etdirən Zeynaloğlu bu adı aşağıdakı kimi izah etmişdir. Şəms-Günəş-Kür-Tapınan, yəni Günəşə tapınanlar yurdu deməkdir. Dilçi alim Cahangirov isə bu adı "Şamkür", yəni "Kür qırağı" kimi izah etmişdir. Şəmkir erkən orta əsr şəhərlərindəndir. Qədim Şəmkir şəhərinin xarabalıqları Şəmkir çayının sol sahilindədir. Şəhərin qala yerinin sahəsi 20 hektar olmuşdur. Şəhər qala yeri çayın sağ sahilində iki körpü vasitəsilə birləşmişdir. Bu körpünün qalıqları indi də qalmaqdadır. VII əsrin ortalarında Şəmkir ərəblər tərəfindən işğal olundu. Ərəb xəlifəsi Mütəvəkkilin şərəfinə Mütəvəkkilliyə adlandırıldı. Şəhərin adı sonralar özünə qaytarıldı. Şəmkir haqqında yazan bütün tədqiqatçıların yekdil fikri belədir ki, şəhərin çiçəklənmə dövrü IX-XII əsrləri əhatə edir. Bu dövrdə Şəmkir səlcuqlar tərəfindən işğal olundu. X-XII əsrlərdə Şəmkir özünün yüksəliş dövrünü keçirirdi. XII əsrdə Eldəgizlərin hakimiyyəti dövründə Şəmkirə xüsusi diqqət yetirildi. XIII əsrdə monqol işğalçılarına qarşı qanlı döyüş gedən Azərbaycan şəhərlərindən biri Şəmkir olmuşdur. Şəhər əhalisi Bəhram hakimiyyətindən işğalçılara qarşı ciddi müqavimət göstərməyi tələb etmişdir. XVI əsrin əvvəllərindən Şəmkir mahalı Azərbaycanın Zülqədəz tayfa başçısının irsi hakimiyyətinə keçdi. Azərbaycanda xanlıqlar dövründə Şəmkir, Gəncə xanlığının tərkibində olmuşdur. 1803-cü ildə çar qoşunları tərəfindən tutulan Şəmkir Rusiyaya birləşdirildi. 1826-1828-ci illərdə, yəni sonuncu Rusiya-İran müharibəsinin qanlı səhifələrindən biri də Şəmkir yaxınlığında olmuşdur. 1826-cı il sentyabrın 3-də Şəmkir yaxınlığında baş vermiş döyüşdə çar qoşunları İran ordusunu məğlub etdi. XIX əsrin I yarısında çar hökumətinin icazəsi ilə Zaqafqaziyaya köçürülmüş alman kalonistlərindən bir qrupu Şəmkirdə məskunlaşdı. Həmin dövrdən Şamxor Anino adlandırıldı. 1918-ci il yanvarın 8-10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələri tərk-silah edilmiş və bir çoxu güllələnmişdir. Bu hadisə tarixdə Şamxor hadisəsi kimi yadda qalıb. 1938-ci ildə şəhərin köhnə adı bərpa edildi. 1991-ci ildə isə yenidən Şəmkir şəhəri adlandırılmışdır.//
7 fevral 1991-ci ildə Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri və müvafiq olaraq Şamxor rayonu Şəmkir rayonu adlandırılmışdır
Görkəmli şəxsləri
Əhməd Cavad — Şair, Azərbaycan himninin sözlərinin müəllifi.
Fərman Salmanov — Geologiya-minerologiya elmləri doktoru.
Yaqub Hacıyev — Azərbaycan Milli Elmlər Akademiyasının Kənd təsərrüfatı İnstitutunun akademiki.
Rüstəm Əliyev — Şərqşünas alim.
Leyla Bədirbəyli — Azərbaycan SSR xalq artisti.
Teymur Əhmədov — jurnalist, "Respublika" qəzetinin baş redaktoru.
Gülxar Həsənova — Azərbaycan SSR xalq artisti.
Zülfüqar Abdullayev — təhsil işçisi, "Tərəqqi" medalı laureatı (2005).
Davud Hacıyev — Gəncə Dövlət Universitetinin rektoru.
Mübariz Qurbanlı — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın icra katibinin müavinidir.
Tacəddin Mehdiyev — general-mayor, Azərbaycan Respublikasının müdafiə naziri (1991-1992).
Paşa Qəlbinur — Tibb elmləri doktoru, ATU-nun Oftolmologiya kafedrasının müdiri.
Sabir Məmmədov (1944-1994) — Şəmkir rayon İcraiyyə Komitəsinin sədri və Azərbaycan Ali Sovetinin deputatı.
Vüqar Namazov — pauerliftinq üzrə dünya və Avropa çempionu.
Bəxtiyar Aslanbəyli 1976-cı il avqustun 7-də Bakıda anadan olub.
Fazil Məmmədov — Azərbaycan Respublikasının Vergilər naziri (2000-dən).
Yasin Qarayev — Azərbaycan Respublikasının xalq artisti.
Molla Vəli Vidadi — 18-ci əsr Azərbaycan şairi.
Yəhya bəy Dilqəm — 19-cu əsr Azərbaycan aşığı
İsrafil Məmmədov- Azərbaycanın ilk Sovet İttifaqı Qəhramanı






