Nicat Babaşov

Nicat Babaşov Şeirlər 23-10-2018, 20:05

“Sonuncu noyabr”

“Sonuncu noyabr”


“Sonuncu noyabr”

Bəzən evlənmək istəmirəm səndən bir ömür yazım deyə,
Övladlarım sorğulamasın şeirlərimi kimə ithaf etdiyimi.
Bəzən nə vaxtsa utanıram yazdıqlarıma görə,
Xəyanət etdim sətrlərlə özgə hisslərə.
Bəzən özümü sənsiz təsəvvür edə bilmirəm,
Etiraf edim elə bəzən də sənsiz daha yaxşı oluram, nə bilim.

Bəzən səhərədək oyaq qalıram nə isə dəyişəcək kimi,
Amma səhər ayağa qalxanda tək dəyişən əsəblərimin pozulması olur.
Bəzən 3-4 gün yuxusuzluq səni xatırlamağa mane olur qətiyyətlə,
Yatıram tez oyanıb xatirələr məni tərk etməmiş.
Bəzən israrla deyirəm valideyinlərimə bir olacağımızı,
Sonra da peşman oluram, yenə onları boş yerə gözlətdim.

Bəzən bir cümlə yazıram öz dilimdə, uzaq ölkədən olan adam anlayır,
İyirmi şeir yazdım adına, hər dəfəsində anlamayacağını bilərək.
Bəzən gözümün ətrafın qırışdırıb mənə ağrı verən xatirələrə baxıb gülürəm,
Hansı ki onlar da sənlə bağlı idi, mənim hər hekayəm kimi.
Bəzən içdən keçən xəyalları xatırlayıram başımı yelləyərək,
Onlar da tam sənin kimi ən gözəl başlanğıcda sonlandı.

Bəzən səni tanıdığım şəhərə baş çəkirəm bacardıqca,
Adları sən olan küçələr boş qalıb, tərk edib insanlar doğma yerlərini.
Bəzən xoşbəxt olmaq istəyirəm nədənsə, yanaqlarının batığı qədər heç olmasa,
Sən yanımda olsan istəmirəm, xoşbəxtliyin canı cəhənnəmə.
Bəzən elə deyirəm hər şey sənlə başladı sənlə bitir, nə müxtəliflik var, nə fərqlilik,
Dünyaya gəlmək gözəldir, yaşamadan getmək yandırır adamı..təəssüf ki.
Bəzən minlərlə kilometr yolu qaçmaq istəyirəm bir nəfəsə, sırf sənin üçün,
Bacarmaram yəqin tutular tənəffüsüm, hər səni xatırlayanda çəkdiyim siqaret qutularına görə.

Bəzən buranın ən gözəl məkanı da yorğunluğumu çıxarmır canımdan,
Parkda gülüşən uşaqların popcorn yeməsini seyr etmək belə maraqlı gəlmir mənə əvvəlki kimi.
Bəzən fikrimdən çıxasan deyə hansısa məclisdə iştirak edirəm məcburən,
Məni bağışlayın deyib gedirəm yenə, birinci hissənin sonunda.

Bəzən bir parabüzən tək üstündən meh əsən otların arasında gizlənmək istəyirəm, insanların olmadığı yerdə,
Kəpənəklər qədər azad, qarışqalar qədər qorxaq, arılar qədər təmiz.
Bəzən mən olmuram özüm, məndən çox uzaq, qayıda bilmirəm özümə,
Mən axı balıq tutanda sevincdən qışqıran uşaq idim, göz qırpımında dəyişdim.
Bəzən bezdirir məni bəzənlər, ya heç olmasın istəyirəm, ya olsun həmişə, ya da sən olmayan dünyaya gəlim yenidən,
Elə sən bəzənsən, daim olsaydın gəlməzdin ağlıma, yanımda olanlar ürəyimdədir, uzaqdakılar ağlımda..


Müəllif :Nicat Babaşov

Redaktə etdi:Uğurböceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
540 478 484 522 506 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.