
Sevginin bir fəlsəfəsi var. Bu fəlsəfə, tanış oldum, bağlandım, ailə qurdum və artıb çoxaldım deyil. Bu fəlsəfə çox az adamı filosof edir. Sevən insanlar ilk pillədən başlayaraq yuxarı qalxırlar. Birdən birə yüksəliş başlarını gicəlləndirmir. Və yerə çırpılmaq qorxusu olmur. Sevərək səbri öyrənirlər və zamanla yarışırlar. Yaş və il amili ortada olmur. Qarşıya çıxan maneələrə qarşı mübarizə apararaq savaşmağı öyrənirlər. Bu ağrılı savaş deyil. Bu ağrıda bir həzz var. Çatma ambisiyası daha da ilhamlandırır. Ətrafa qarşı korlaşmırsan və sevdiyin adama tabe olmursan. Əksinə, yeri gələndə ona da qarşı çıxırsan. Bu sevgi kölələşdirmir. Azadlaşdırır. Görərək sevirsən. Qüsurlarını dərk edərək. Onun səndə tutduğu səhv səni incitmir,səni istiqamətləndirir. Bəzən qovuşması mümkün olmayan Ay və Günəş kimi olursan. Amma onda da bir-birindən işıq almağı unutmursan. Sevgi fəlsəfəsində asanlıq yoxdur. Yolu hamar deyil. Amma məqsədi hər zaman birdir. O məqsəd ki, çatanda sönüb getmir. Sabitliyini saxlayır və "qılıncını" hazır tutaraq həyata davam edir. Çünki bilir ki, rahat həyat yoxdur. Amma güc aldığı sevgi bütün ruhundadır.
