HƏR KƏSDƏN ÖNCƏ SƏN. BÖLÜM 7.
Bölüm 7....
.....
Dayanmaq bilməyən zaman acı və xoş günlərlə axıb gedirdi.Hər gecə yaşadığım o kabus yuxudan qışqıraraq oyanmağıma səbəb olurdu. Əvvəlki məndən əsər qalmamışdı. Dərsdən sonra dəniz kənarına gedirdim. Özümü dənizə bənzədirdim indi... Ürəyimdə bir boşluq vardı. O boşluq ki çox incidirdi məni. Yaşananları unutmaq istəyəndə ürəyimdəki sızıltı onları yenə mənə xatırladırdı...
Universitetin ilk ilinin son günlərini yaşayırdıq. İmtahanların tarixi açıqlanandan sonra biz də ənənəvi şəkildə toplaşaraq mövzuları birlikdə öyrənirdik. Nəticə həmişəki kimi əla olmuşdu. İmtahanların bitməsinə görə toplanıb gəzməyə gedəcəkdik. Hazırlaşandan sonra Azada zəng etdim. Azad işi olduğuna görə gələ bilməyəcəyini söylədi. Hazırlaşdığımız üçün fürsəti əldən vermədən Sara ilə alışverişə getdik. Axşama qədər şəhərdə gəzdik. Evə qayıdanda yorğunluq bizi əldən salmışdı. Televizora baxmasaq da bəlkə maraqlı film olar deyə kanalları yoxlamağa başladım.. Xəbər aparıcısının "Yenə dəhşətli qəza can aldı" sözləri ilə dayandım.
-"Birinci kurs tələbəsi Səlimov Azad Cavad oğlu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib".
Yerimdə donub qalmışdım. Qulaqlarıma inanmaq istəmirdim. Bu Azad ola bilməzdi. Sara digər otaqdan qaçıb gəlmişdi. O da eşitdiklərinə inana bilmirdi. Dizlərimin üzərinə çöküb özümə gəlməyə çalışdım: Sara, bu bizim Azad deyil hə? Ola bilməz. Ona heç nə ola bilməz."
5 dəqiqə sonra telefona gələn qrup mesajları məni özümdən çıxarmışdı. Mesajlar Azadın qəzaya düşdüyünü doğrulayırdı. Vaxt itirmədən Azadın olduğu xəstəxananı öyrənib ora getdik. Əməliyyat otağının yanında Azadın anası, atası, tanımadığım bir neçə nəfər dayanmışdı. Hər şeyi indi dərk edirdim, sanki. Məndən 2 addımlıqda Azad ölümlə mübarizə aparırdı. Azad mənim ən yaxın dostum,mənə hər zaman dəstək olan,
yeri gələndə məsləhət verən,mənə həqiqətən dəyər verən bir insan idi. İlk tanış olduğumuz gündən bu günə qədər yaşadıqlarımız, xatirələrimiz gözümün önündə canlanırdı. Son dəfə səhər eşitmişdim səsini. Hansı iş idi axı onu ölümə doğru aparan. Fikirlərimdən hönkürtü səsləri ayırdı məni. Azadın anası-Ülkər xala idi. Azad "həyatda hər kəsdən çox onu sevirəm..Mən evlənməyəcəm, çünki anamdan başqa ikinci qadını sevmərəm" deyirdi gülərək..
Azadın səsi qulağıma gəlirdi. Taqətim qalmamışdı,divara söykəndim. Halım pisləşmişdi. Tələbə yoldaşlarımızdan xəbəri eşidənlərin çoxu xəstəxanaya axın edirdi. Sara qoluma toxunanda dik atıldım:"Gedək su alaq,Nazlı.Özündə deyilsən,rəngin ağappaq olub".
Qolumu Saranın qoluna keçirib onunla getdim. Çantamda gəzdirdiyim sakitləşdiricidən içib özümə gəldim. Geri qayıdanda Ülkər xalanın səsi xəstəxana koridorunda əks-səda verdi.
-"Azadım, can balam niyə səni məndən aldı əcəl.. buraxın məni, gedim balamı son dəfə görüm".
Ürəyim yerindən çıxacaqdı, sanki. Titrəyirdim, divarlar üstümə gəlirdi. Heç kəsə fikir vermədən əməliyyat otağına atdım özümü. Qolumdan tutaraq məni çıxarmaq istəyən tibb bacısı və həkimi özümdən ayırıb əməliyyat masası üstündə yatan üzü bağlı adamın üzünü açdım. Bərabər keçirdiyimiz bir il gözlərimdə canlandı. Azad yenə gülümsəyirdi, sanki. Ölüm qəfil gəlib ağuşuna almışdı onu. Mən həyatda ən dəyərli parçamı itirmişdim. Həyata üsyan etmək istəyirdim indi. Tale hökmünə qarşı çıxmaq, zamanı geri gətirmək istəyirdim. Nəfəsim məndən uzaqlaşırdı. Başımın zərblə döşəməyə dəydini hiss elədim. Son dəfə qulaqlarımı batıracaq şəkildə bağırdım..
-Məni də apar,Azad!!
7-ci bölüm sonu.
Müəllif-ParadiseSark






