ADMiN

ADMiN Xəbərlər / Müxtəlif 2-03-2017, 20:02

Mərhum jurnalist Rasim Əliyevin ölümündə təsirləndirilənlərin şikayətinə baxılıb

Mərhum jurnalist Rasim Əliyevin ölümündə təsirləndirilənlərin şikayətinə baxılıb

Dünən Bakı Apelyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən şəxslərin barələrindəki hökmdən verdikləri apelyasiya şikayətinə baxılıb. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, beş nəfərdən ikisi - Arif Əliyev və Samir apelyasiya şikayətindən imtina etdiklərini açıqlayıblar. 

Prosesdə çıxış edən vəkil Rəsul Yusifbəyli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin işə başdansovdu yanaşılıb. "Təqsirləndirilən tərəflə zərərçəkmişin fikirləri çox nadir hallarda üst-üstə düşür. Amma bu işdə biz də, zərərçəkən də həkimlərin məsuliyyətə cəlb olunmasını tələb etmişik, bu haqda vəsatətlər qaldırmışıq. Amma təəssüf ki, vəsatətlərimiz təmin olunmayıb, həkimlər məsuliyyətdən kənarda saxlanılıblar. Halbuki Rasim Əliyevin ölümünün səbəbi həkim səhlənkarlığıdır”. 
O, Kənan Mədətovun 9 il həbslə cəzalandırılmasını ədalətsizlik hesab etdiyini deyib. O qeyd edib ki, kamera görüntülərində də Kənanın Rasim Əliyevə toxunmadığı aşkar görünür. Müdafiəçi Kənan Mədətov haqda hökmün dəyişdirilməsini, ona bəraət verilməsini istəyib.
Vəkil Şəmsəddin Quliyev qalan dörd nəfərdən danışaraq deyib ki, kimisə öldürmək niyyətləri olsaydı, onları heç müdafiə etməzdi: "Rasim Əliyevin ölümü həkimlərin səhlənkarlığının nəticəsidir. Amma məhkəmə həkimləri çağırıb dindirmədi. Ekspertiza rəylərində xeyli səhvlər vardı, onlar araşdırılmadı".

Şəmsəddin Quliyev hadisədən sonra Rasim Əliyevin xəstəxanada çəkilmiş rentgen şəkillərinin alınıb araşdırılması haqda vəsatət qaldırıb. Bu vəsatət zərərçəkmişin nümayəndəsi Fariz Namazlının iştirakı ilə müzakirə olunmaq üçün növbəti məhkəmə iclasına saxlanılıb. 

Təqsirləndirilən Elşən İsmayılov da birinci instansiya məhkəməsinin işə səhlankar yanaşmasından narazılığını bildirib. “Ortada kamera görüntüləri var, orada hər şey görünür. Mənə ittiham veriblər ki, guya pulqabı götürmüşəm. Elə şey olmayıb, axı. Özümü ancaq dalaşmaqda günahkar bilirəm, Rasim Əliyevin ölümündə yox. Heç onun ölümündə mənim günahım sübuta yetirilmədi də. Eybi yox, vaxt gələcək, prokurorluq əməkdaşları, müstəntiqlər də bura düşəcəklər. Əvvəlcədən təşkil olunmuş qaydada kameranın altına düşdüm, buna görə cavanlığım getdi".

Elşən İsmayılov çıxışının sonunda bu işin istintaqını aparmış müstəntiqin hərəkətlərinə hüquqi qiymət verilməsini istəyib.

Təqsirləndirilən Camal Məmmədov da müstəntiqdən gileylənib. Onun sözlərinə görə, müstəntiq deyib ki, onluq bir iş yoxdur, hər şey "yuxarıdan" tapşırılıb. Camal Məmmədovun fikrincə, Kənan Mədətov və Samir Mustafayev, ümumiyyətlə, buraxılmalıydılar, çünki onların günahı yoxdur.
"Bir təpiyə görə mənə 11 il verilib. Mən Apellyasiya Məhkəməsindən də ədalət gözləmirəm, çünki bura Azərbaycandır”.

Mərhum jurnalistin anası Teyfurə Əliyeva da öz fikrini bildirib: “Bu adamlar Rasimin ölümündə günahkardırlar, qatildirlər. Bu, təsdiqini tapıb. Bu hadisə əvvəlcədən təşkil olunub. Bunların dediklərindən belə çıxır ki, “biz onu döymüşdük, amma həkim qurtarmalı idi”. Mən bunlara da, həkimlərə də ən ağır cəzanın verilməsini istəyirəm. Rasim Əliyevin ölümündə həm bu beş nəfərin, həm də həkimlərin günahı var. Onların hamısı oğlumun ölümündə iştirak edib”.
Məhkəmə martın 15-də davam edəcək.

Jurnalist Rasim Əliyev 8 avqust 2015-ci ildə bir qrup şəxs tərəfindən döyüləndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəb jurnalistin öz Facebook" səhifəsində futbolçu Cavid Hüseynovu tənqid etməsi olub.

Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və  aralarında mübahisə yaranıb. Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» maqazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. R.Əliyev təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.

Jurnalistin ölümü ilə bağlı Cavid Hüseynov və daha 5 nəfər həbs edilib. Məhkəmə jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və Samir Mustafayevi 9 il müddətinə azadlıqdan məhrum edib.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynov ağır cinayəti gizlətmədə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin hökumü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

2016-cı il Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ildən 1 il 2 aya endirib və həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib. 


Rəşad VAQİFOĞLU

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
763 652 620 605 688 632

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.