ice berg

ice berg özünü ☺️ nostaljik hiss edir. Maraqlı 8-02-2021, 16:16

Aktyorların improvizə etdikləri məşhur film səhnələri

Aktyorların improvizə etdikləri məşhur film səhnələri
Filmlər bəlli ssenari və süjet xətti üzrə getsə də, bəzən aktyorların və ya rejissorun hər hansı ssenaridən kənar, məhz o anlıq yaratdığı səhnə olur. Bu dəfə sizə bunlar arasında ən məşhur və yaddaqalan 9 səhnəni göstərəcəyik.

1. Robert De Niro – Taksiçi (1976)

Martin Skorsezenin “Taksiçi” filmində Robert De Nironun güzgüyə baxaraq dediyi “Mənimlə danışırsan?” sözləri tamamilə özündən uydurduğu ssenaridə olmayan sözlər idi. Traybeka kinofestivalında filmin 40-cı ildönümü ilə əlaqədar keçirilən tədbirdə filmin ssenaristi Pol Şreder bu əfsanəvi səhnə ilə bağlı xatirəsini bölüşmüşdü. Şrederin bildirdiyinə görə, özü bu səhnə üçün konkret olaraq sözlər yazmamışdı. De Niro ondan bu səhnədə “nə etməliyəm?” deyə soruşduqda isə “özünü güzgü qarşısında öz oyuncaq silahı ilə oynayan uşaq kimi təsəvvür et” deyib. De Niro isə bu səhnədə ssenaridə olduğu kimi hərəkət etsə də, daha sonra güzgüyə çevrilərək, sanki başqa biri ilə danışırmış kimi “sən mənimləsən?” sualını verərək öz özünə danışmağa başlayır. Bu söz hətta bu filmi izləməyən insanların belə əzbərlədiyi və sevdiyi sözə çevrilir.

2. Harrison Ford - İndiana Cons: İtirilmiş gəminin axtarışlarında (1971)

İndiana Cons seriyasından olan bu filmdə Harisson Ford əslində əlində qılınc tutan döyüşçü ilə döyüşməli idi. Səhnənin çəkilişlərindən az öncə yeməkdən zəhərlənən və qızdırıma içində olan Harisson Fordun döyüşməyə halı olmadığı üçün, bu səhnədə döyüşmək əvəzinə, gözlənilmədən silahını çıxararaq döyüşçünü vurmağı təklif edir və bu səhnə rejisor Stiven Spilberqin daha çox xoşuna gəlir.Nəticədə filmin ən gülməli və yaddaqalan səhnələrindən biri ortaya çıxır.

3. Edvard Norton – Döyüş klubu (1999)


“Döyüş Klubu” filminin bu səhnəsində Bred Pitt və Edward Norton döyüşərkən əvvəlcədən planlaşdırılmışdı ki, Edvard Norton Bredd Pittin çiynindən zərbə endirməlidir. Səhnənin çəkilişlərindən öncə rejissor Devid Finçer Edvard Nortonu kənara çəkərək ondan Bredd Pittin qulağına zərbə endirməsini istəyir. Edvard Norton tərəddüd etsə də, məcburən razılaşır. Səhnənin çəkilişi zamanı dərin nəfəs alır və yaxınlaşaraq Bred Pittin qulağının dibinə yumurq yapışdırır, nəticədə Bred Pitt təəccüb və ağrı içinə “qulağıma vurdun” deyərək qışqırmağa başlayır.

4. Hit Ledcer – Qara cəngavər (2008)

Bu səhnədə Hit Ledcer irəliyə doğru gələrək bombanı işə salan pultu basmalı və nəticədə xəstəxana partlamalı idi. Amma texniki nasazlıq səbəbindən partlayış, pultun basılmasından bir neçə saniyə sonra baş verir. Hit Ledcer o an roldan çıxıb “nə baş verir?”, “niyə partlamadı?” deyə soruşsaydı, bu bahalı səhnə məhv olacaqdı, amma o rolundan çıxmır və pultu təkrar təkrar əsəbi şəkildə basmağa davam edir. Nəticədə səhnə problemsiz çəkilir. Hit Ledcerin tək qeyri-adi səhnəsi bu deyildi, belə ki, Qordonun vəzifəsinin qalxması elan olunan səhnədə heç kəsin gözləmədiyi halda Hit Ledcer alqışlamağa başlayır və ikonik səhnə ortaya çıxır.

5. Dastin Hoffman – Gecəyarı kovboyu (1969)

1969-cu il istehsalı olan “Gecəyarı kovboyu” filmində aktyorlar Con Voyt və Dastin Hoffman küçədə yeriyərkən birdən qarşılarına taksi çıxır, hansı ki, az qalsın Hoffmanı vururdu. Bundan əsəbləşən Dastin Hoffman taksi sürücüsünə “ey, mən burda yeriyirəm” deyə bağırır və taksi sürücüsü də ona bağıraraq cavab verir. Dastin Hoffman sonradan deyirdi ki, “o səhnədə əslində taksi sürücüsünə “ey, biz burda kino çəkirik, sənsə bu çəkilişə pox qoydun” demək istəyirdim, amma sonra səhnəyə uyğun şəkildə başqa cür ifadə etdim. Səhnə o qədər inandırıcı alınmışdı ki, rejissor özü belə bu səhnənin improvizə edildiyini anlamamışdı. Öz açıqlamasında bildirir ki, həmin səhnədə taksinin bizim setə aid olduğunu düşünmüşdüm.

6. Leonardo Di Kaprio – Azad olunmuş Canqo (2012)


Leonardo Di Kaprio Tarantinonun “Azad olunmuş Canqo” filmində əlindən ciddi zədə almışdı. Belə ki, qarşısındakıların yalanını ifşa etdiyi səhnədə əsəbi şəkildə əlini stola vuran aktyorun əli stoldakı stəkana dəyərək onu sındırır və sınan stəkanın şüşəsi onun əlini kəsir və aktyorun əli qanamağa başlayır. Filmi izləyən zaman bu səhnə və Leonun əlinin qanaması açıq-aşkar görünür. Bu ciddi zədəyə rəğmən usta aktyor səhnəni kəsmədən davam etdirir, hətta improvizasiya edərək əlinin qanının əsir rolunda olan aktrisa Kerri Vaşinqtonun üzünə sürtərək tam olaraq psixopat quldar olan obrazı ifadə edən qəddar bir səhənin yaranmasına səbəb olur. Səhnənin çəkilişi zamanı rejissor Tarantino və aktyor yoldaşı Ceymi Foks da daxil olmaqla hər kəs Leoya görə narahat olsa da, aktyor heç bir kənar ifadə olmadan öz roluna davam etdiyi üçün hər kəs sakitcə Leonun bu möhtəşəm səhnəsinə tamaşa edir.

7. Marlon Brando – Xaç atası (1972)

“Xaç atası” filmində Don Vito Korleonenin qucağındakı pişiklə oynaması möhtəşəm görüntülər ortaya çıxarmışdı. Məhz bu səhnələr sonradan bir çox filmdə buna oxşar səhnələr yaranmasına səbəb oldu. Məsələn “Kurtlar Vadisi” serialında Laz Ziyanın da qucağında məhz eyni cür pişiklə oynadığını görürük, amma

“Xaç atası”ndakı bu səhnə əvvəlcədən nəzərdə tutulmamışdı, sonradan əlavə edilmiş bir səhnə idi. Belə ki, çəkiliş meydançasına daxil olan pişiyi qucağına alaraq oynayan Marlon Brando bunu çəkiliş zamanı da davam etdirir və bu səhnə obrazı çox gözəl ifadə etməklə, tamamlamaqla yanaşı həm də kinoya möhtəşəm rəng qatır.


8. Cek Nikolson – Dönüklər (2006)

Hollivudun ən böyük rejissorlarından olan Martin Skorsezeyə “ən yaxşı rejissor” nominasiyasında ilk Oskarını qazandıran “Dönüklər” filmi heyətinə görə sanki Çempionlar Liqasını xatırladır. Cek Nikolson, Leonardo Di Kaprio, Mett Deymon, Alek Bolduin, Mark Uolberq, Vera Farmiqa, Martin Şin kimi ulduzların rol aldığı bu filmdə ən maraqlı səhnələrdən biri şübhəsiz Cek Nikolsonun etdiyi improvizasiya idi. Ssenariyə görə Cek Nikolson, Leonardo Di Kaprio ilə adamları arasındakı xain barədə dialqou zamanı normal qaydada danışıb səhnəni bitirməli idi. Nikolson isə gözlənilməz şəkildə gizlincə üstündə gəzdirdiyi həqiqi silahı çıxararaq Di Kaprioya tuşlayır. Bu səhnədə Leonun üz cizgilərindən onun şokda olduğunu hiss etmək mümkündür. Martin Skorseze verdiyi müsahibəsində “Cekin Leoya dolu silah tuşladığını xatırlayanda hələ də qorxuram, amma bu improvizasiya möhtəşəm səhnə ortaya çıxardə” deyə bildirib.

9. Muxtar Manıyev - Bəyin oğurlanması (1985)


“Dara nara dah diri nara dih riri nara.... oooyyy”
- utanmırsan?!
- nədən???
- ayıb döyül səən üçün?!
- nəə???
- Oğluvu evləndirirsən mənə xəbər eləmirsən?!
- nə?? Onu kim dedi sənə?
- Məmmədəliii, sarı Məmmədəli...
- Nə Məmədəlii?
- axxx İsrafill 30 ildi görmürəm səni, düz 30 il....
- Belimi burax... eeee.... qırıldı beliiimm...
- Məmmədəli də gəlmək istiyirdi....İsrafil döyülsən?
- Aaaa sən O israfili deyirsən, ode diyanıb orda.


“Bəyin oğurlanması” filmini yəqin ki, Azərbaycan kino tarixindəki ən güclü komendiya adlandırsaq, yanılmarıq. Möhtəşəm heyətə malik bu filmdə yuxarıdakı səhnənin çəkilişi öncəsi rejissor Vaqif Mustafayev aktyor Muxtar Manıyevə tapşırır ki, Siyavuş Aslana yaxınlaşıb, onu şillə ilə vursun. Muxtar Manıyev tapşırığı olduğu kimi yerinə yetirir. Səhnənin canlı şahidi olan Yaşar Nuri verdiyi müsahibədə bildirirdi ki, “o səhnə zamanı biz düşündük ki, bunlar arasında yəqin daha əvvəl problem olub ona görə indi burda həll edirlər”. Səhnəyə diqqətlə fikir versəniz, görərsiniz ki, Muxtar Manıyev şillədən sonra Siyavuş Aslanı qucaqlayan zaman arxada olan Mirzə Babayev təəccüb və narahatlıq içində onları izəyir. Deyilənə görə bu məsələyə görə Siyavuş Aslan rejissor Vaqif Musafayevdən uzun müddət küsülü qalmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
786 769 739 684 762 751

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.