Niyə bəzən sevdiyimiz insana kobud davranırıq?
Çox vaxt insanlar hislərini büruzə verməkdən çəkindikləri üçün bu yola əl atır. Elə də olur ki, qarşındakına hiss etdirməyə çalışırsan, amma o hislərini anlamır. Açıq etiraf da səni qorxudur və bundan sonra incitmələr başlayır. Məsələn, məktəbli oğlan sevdiyi qıza açıq şəkildə öz hislərini bildirə bilməyəndə, üstüörtülü formada – saçını dartıb incitməklə, laqeyd rəftarıyla qıza sanki “Sən mənim üçün çox dəyərlisən” demək istəyir.
Müasir bəşəriyyətin problemi hövsələsizlikdir. Ona görə də çox insan kəsə yollara üstünlük verir. Bu yolla diqqət çəkmək çox rahatdır. Doğru yolla – xoş sözlərlə diqqət çəkmək isə zəhmət tələb eləyən bir şeydir. Bəzən də özümüzü müdafiə etmək üçün bu yolu seçirik, çünki çox diqqət, qayğı göstərdikdə qarşı tərəf sevildiyini anlayır və onu heç vaxt üzüb tərk etməyəcəyimizi zənn edib bizi üzməyə başlayır.






