Niyə...?
Mənim başa düşə bilmədiyim, bir qadına yaşadacaq o qədər gözəl şey varkən niyə onu ağlatmağı seçər ki bir kişi? Onun göz yaşlarına səbəb olmaq əvəzinə üzündə təbəssüm yaradıb gülüşlərində gizlənməyi seçsə daha gözəl olmazmı? Onsuz da qadınlar incə, həssas, kövrək varlıqlardır. Kiçicik səbəblər üzündən belə hər an ağlaya biləcək xüsusiyyətə malikdirlər. O kiçicik səbəbləri axtarıb tapana qədər həmin qadını sevmək üçün milyon səbəbdən birini seçsələr olmazmı? Çünki qadınların kişilərdən tək istədiyi kiçik bir eşqdir. Üstəlik kişilərin onlara dillərə dastan olacaq möhtəşəm, qüsursuz bir eşq yaşatmaqları da vacib deyil. Qadınlar hər kiçik şeyi böyüdə bildikləri kimi onlara az da olsa bəxş edilən sevgini də öz gözlərində böyüdə biləcək qabiliyyətə malikdirlər. Çünki hər qadın öz sevgisini daha mükəmməl hesab edər. Lap vaxtaşırı işlər yolunda getməsə də, hərdən arada soyuqluq hiss etsə də öz sevgisinin bütün sevgilərdən mükəmməl olduğuna özünü inandırar. Onun nəzərində dünyada ən çox sevən qadın da, ən çox sevilən qadın da özü olar. Vətəbii ki, ona sevgisini bəxş edən bir kişi üçün edə bilməyəcəyi fədakarlıq yoxdur. Amma bir kişini həyatından sildimi qəlbində ona sonsuz eşq bəsləsə belə, bu həmin insanı həyatından çıxarmasına mane olmaz. O insanı qəlbinə həbs edib hərkəsdən gizli sevər, amma bir daha həyatına daxil etməz..
#azizyaqubzade
#azizyaqubzade






