weher uwagi

weher uwagi özünü 😉 kreativ hiss edir. Məşhurlar 29-06-2022, 14:20

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Tahir Salahov

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Tahir Salahov
Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, SSRİ Rəssamlıq Akademiyasının akademiki (1975-ci ildən), Sosialist Əməyi Qəhrəmanı (1989), SSRİ xalq rəssamı (1973), Azərbaycan SSR xalq rəssamı (1963), Rusiya Federasiyasının xalq rəssamı (1996) fəxri adlarına layiq görülmüş, Azərbaycan SSR Dövlət mükafatları (1965, 1970), Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti (1997-ci ildən), SSRİ Dövlət mükafatı (1980), Rusiya Federasiyasının Dövlət mükafatı (2012) laureatı olmuş Tahir Teymur oğlu Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olmuşdur

1937-ci ildə onun atası Teymur, Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdir. Bu onun sonuncu iş yeri olmuşdur. 1937-ci il sentyabrın 29-da atasını həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatının üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb, xalq düşməni damğası vurdular. Doqquz aydan sonra iyulun 4-də isə güllələnmişdir. Protokolda yazılmışdı ki, istintaq zamanı Teymur Salahov özünü günahkar hesab etməyib, etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi. Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdır. Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifə Salahovanın 5 yaşı, körpə Leyla isə cəmi 2 aylıq idi.

O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi bitirmişdir. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib, daha sonra V.İ.Muxina adına Leninqrad ali rəssamlıq sənaye məktəbinə daxil olmuşdur. 1951-ci ildə V.İ.Surikov adına Moskva İncəsənət İnstitutuna daxil olmuşdur. 1955-ci ildə "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir. O, 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir. Diplom işi "Növbədən qayıdanlar" əsəri olmuşdur. 1958-ci ildə "Səhər eşelonu" əsərini çəkmişdir. 1959-cu ildə "Rezervuar parkı", "Neftçi" əsərlərini çəkmişdir.

1980-ci ildə 10-cu çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. 1982-ci ildə Tahir Salahov SSRİ Rəssamlıq Akademiyasının rəyasət heyətinin üzvü seçilmişdir. 1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilmişdir. 1984-cü ildə 11-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilmişdir. Tahir Salahov 1984-cü ildən 1992-ci ilə qədər V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri işləmişdir. 1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilmişdir. 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyasının Xalq rəssamıdır. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. 1998-ci ildə Qırğızıstan Respublikasının Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilmişdir. 2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilmişdir. 2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın — "Beynəlxalq Adlar" nominasiyasının laureatı adına layiq görülmüşdü. 2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıbdır.

1947-ci ildə Tahir Salahov özbək rəqqasəsi Tamara xanımın qızı Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Vansetta xanımla Tahir Salahovun nigahından Lara (1949), Alagöz (1953) və Aydan (1964) adlı 3 qız övladı dünyaya gəlib. Lakin sonradan cütlük arasında münasibətlər pozulub. Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova (1952–2020) ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan adlı oğlu dünyaya gəlib.

Tahir Salahov 20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
602 558 492 496 544 570

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.