Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Vahid Ələkbərov
Rusiyalı sahibkar və idarəçi, «Koqalımneftqaz» istehsalat birliyinin icraçı direktoru (1987-1990), SSRİ neftqaz sənayesi nazirinin müavini (1990-1991) və birinci müavini (1991-1992), «Langepasuraykoqalımneft» neft konserninin prezidenti (1992-1993), Rusiyanın nəhəng neft şirkəti olan “Lukoyl”un prezidenti və şəriki (1993-2022) – Vahid Yusif oğlu Ələkbərov, 1 sentyabr 1950-ci ildə Bakının keçmiş Razin qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. O, həm də Moskvanın «Spartak» futbol klubunun səhmlərinin 36,8%-nin sahibi, iqtisad elmləri doktorudur. Üstəlik, «Ölkə qarşısında xidmətlərinə görə» ordeninin tam kavaleridir. 2021-ci ilin aprel ayında Forbes jurnalının nəşr etdiyi Rusiyanın ən varlı biznesmenləri reytinqində Vahid Ələkbərov 24,9 milyard dollarlıq imkanla dördüncü yeri tutur. 1974-cü ildə indiki Dövlət Neft və Sənaye Universitetini “neft və qaz yataqlarının işlənməsinin texnoloji və kompleks mexanikləşdirilməsi üzrə dağ mühəndisliyi” ixtisası ilə bitirmişdir. Evlidir, öz atasının adını qoyduğu Yusif adında 1990-cı il təvəllüdlü bir oğlu var.






