weher uwagi

weher uwagi Məşhurlar 12-07-2022, 17:30

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Kərim Kərimov

Əksəriyyətimizin tanımadığı məşhur soydaşlarımız - Kərim Kərimov
Sovet alim və mühəndisi, artilleriya general-leytenantı, Hava Gəmilərinin Uçuş Sınaqları üzrə Dövlət Komissiyasının sədri (1966-1991), Sovet kosmik proqramının banilərindən biri, kosmosun tədqiqinə böyük töhfə verən, Sosialist Əməyi Qəhrəmanı, Stalin, Lenin və SSRİ-nin dövlət mükafatları laureatı – Kərim Abbasəli oğlu Kərimov 14 noyabr 1917-ci ildə Bakıda mühəndis-texnoloq Abbasəli Kərimovun ailəsində anadan olmuşdur (29 mart 2003-cü ilə Moskvada vəfat edib). Uzun illər ərzində Sovet kosmonavtikasının əsas simalarından biri idi. Əhəmiyyətli roluna baxmayaraq, Kərimovun kimliyi onun karyerasının çox hissəsi ərzində ictimaiyyətdən gizli saxlanılıb. Kərimovun ana tərəfdən babası Əsədulla Əhmədov, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü idi.

1936-cı ildə Bakıda 8№-li məktəbi tam bitirmişdir. 1936-39-cu illərdə S.Orconikidze adına Novoçerkassk sənaye institutunda (Rostov vilayətinin Novoçerkassk şəhərində yerləşən indiki M.İ. Platov adına Cənubi-Rusiya Dövlət Politexnik Universiteti) oxuyub, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini) və 1943-cü ilin sonunda F.E. Dzerjinski adına Artilleriya akademiyasını (indiki Böyük Pyotr adına Strateji Təyinatlı Raket Qoşunlarının Hərbi Akademiyası) bitirdi.

O, 1946-cı ildə raket texnikası üzrə digər mütəxəssislərlə bərabər Almaniyanın mərkəzində yerləşən Nordhauzen şəhərinə «Фау-2» ballistik raketi barədə məlumat toplamaq üçün yollanır. Sonra 20 il işlədiyi SSRİ Müdafiə Nazirliyinin Mərkəzi aparatında böyük mühəndisdən rəis vəzifəsinə kimi müxtəlif vəzifələrdə xidmət göstərib. 1960-1974-cü illərdə bir sıra yüksək vəzifələrdə çalışdıqdan sonra 1975-ci ildə «Союз» — «Аполлон» sovet-amerika birgə uçuşunun hazırlığını kurasiya etdi.

1967-ci ildən başlayaraq dövlət komissiyasının sədri kimi kosmik gəmilərin bütün heyət üzvünü (hətta Yuri Qaqarin daxil olmaqla) kosmosa şəxsən özü göndərib. Onlar kosmodromda uçuşa hazırlıq barədə yalnız ona məruzə edirdi və yerə endikdən sonra tapşırığın yerinə yetirilməsi barədə də ona hesabat verirdilər. Bununla belə, Kərimovun özü telereportajlarda yalnız arxadan göstərilirdi, onun adı kütləvi informasiya vasitələrində çəkilmir və çox məxfi idi. Dövlət komissiyası sədrinin kimliyi ilk dəfə 1987-ci ilin yayında SSRİ-də yenidənqurma başlayan vaxt «Правда» və «Советская Россия» qəzetlərindən məlum oldu. 1991-ci ildə 74 yaşında istefaya getdi, lakin Uçuşların İdarəedilməsi Mərkəzində məsləhətçi kimi işləməyə davam etdi. 1995-ci ildə Sovet kosmik proqramının tarixi barədə kitab yazdı. 1995-ci ildə Bakının «Azərbaycan» nəşriyyatında rus dilində çıxan «Kosmosa gedən yol» (Dövlət komissiyası sədrinin qeydləri) adlı avtobioqrafik kitabın müəllifidir.

Azərbaycanın Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Rusiya kosmonavtikası və raketqayırmasının qurulması və inkişafında şəxsən böyük töhfəsinə görə Kərim Kərimov, Rusiya prezidenti Vladimir Putinin 2001-ci il fərmanı ilə «Ölkə qarşısında xidmətlərinə görə» IV dərəcəli ordenlə təltif edilib. Kosmonavtikanın inkişafında çox böyük roluna və Azərbaycan Respublikası qarşısında xidmətlərinə görə Kərim Kərimov, Azərbaycan Respublikası prezidentinin fərmanına əsasən «Şöhrət» ordeni ilə təltif edilmişdir.

Xatirəsi üçün:
- Moskva şəhərində 157 saylı məktəb – indi K.Ə. Kərimov adına məktəbəqədər bölmə ilə birgə 1583 saylı gimnaziya onun adını daşıyır;
- 2007-ci ildə Kərimova həsr olunmuş Azərbaycanın poçt markası buraxılmışdır;
- Kosmosa gedən yol: general Kərim Kərimovun 100 illiyinə;
- onun adına “Elite:Dangerous” kompüter oyununda orbital stansiya var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 505 438 444 493 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.