ice berg

ice berg Müxtəlif 26-12-2022, 13:40

I am the one!

I am the one!
Heç nəyin heç vaxt istədiyim kimi olmayacağını öyrənməyimin üzərindən çox keçib. Təbii ki, bəzi vaxtlar həyatda istədiyim şeylər baş verəcək, bunu inkar etmirəm. Xarab saatlar belə gündə iki dəfə doğru vaxtı göstərir. Həmin anlarda xoşbəxt olacam, bəlkə də uğurlu bir insan olduğumu düşünəcək, ətrafdakı insanlara sevgi dolu nəzərlərlə baxacam. Gündə iki dəfə insanları sevəcək, bu dünyanın yaşanacaq bir yer olduğu barədə yalançı düşüncələrə qapılacam. Bəs digər vaxtlar? 23 saat 59 dəqiqə 58 saniyə nə baş verəcək?

Öz fikirlərimi yaxşı ifadə edə bilmədiyimi düşünürəm, mənim dediyim sözlər, etdiyim hərəkətlər digərləri tərəfindən çox fərqli şəkildə qəbul edilir. Bəzən hətta özüm də həmin sözləri o məqsədlə dediyim düşüncəsinə qapılıram və cavabını tapa bilmədiyim bir dilemmada boğulmağa başlayıram. Görəsən bunu niyə demişdim, bunu niyə etmişdim? Bəlkə düz deyirlər, bəlkə mən doğrudan da pis insanam? Hərçənd ki, indiyə qədər heç kim mənə pis insan olduğumu söyləməyib. Adətən “Bunu bu məqsədlə dedin”, “Ora o səbəblə getdin” deyirlər, yəqin ki kiməsə birbaşa pis insan deməyin qanacaqsızlıq olduğunu düşünürlər, və bu tipli cümlələrlə işarə vururlar ki, özümüz başa düşək biz necə yaramazıq. Mən başa düşürəm. Bəs başa düşməyənlərlə nə baş verir? Onlar həm pis insandır, həm də qanmazdır, bu lap dözülməzdir. Yaxşı ki, mən yalnız pis insanam.

Bir yazıda oxumuşdum ki, dünyada istənilən yenilik, liberal düşüncə ilk əvvəl müqavimətlə qarşılaşıb, lakin ziya qaragüruha qalib gəlməyi bacarıb və biz indiki halımıza gəlib çıxmışıq. Yazı bu səbəbdən hər kəsə öz ideyası arxasınca qaçmağı, heç nədən qorxmamağı məsləhət görürdü. Mən elə biri deyiləm. İstənilən yenilikdən qorxuram. Həyatımın sabit sütunlarını daim yerində görmək istəyirəm. Yeni nəsə lazım deyil. Xüsusilə, yeni insanlar mövzusunda həmişə həssas olmuşam. İndi dönüb geriyə baxdıqda 3-4 il əvvəllə müqayisədə həyatımda nə qədər yeni insanın olduğunu görəndə dəli oluram. Bu qədər adamı tanımaq, bu qədər adamla ünsiyyətdə olmaq nəyimə lazımdır deyə həmişə düşünmüşəm. Yeni insanlarla tanış olmağı necə dayandıra bilərəm fikiri daim mənimlə olub. Cəmiyyətin qanunlarıdır, əməl etməlisən və buna bənzər minlərlə klişe ilə özümü susdurmuşam həmişə. Doğrudan da cəmiyyətin qanunlarıdırmı? Təbii ki, xeyr. Axı cəmiyyətin mənim kimləsə tanış olub olmamağım maraq dairəsində ola bilməz. Niyə özümü bu qədər önəmli hesab edirəm? Niyə özümə etiraf edə bilmirəm ki, sən özün insanların sənlə tanış olmasına icazə verirsən, sən hətta onlarla zarafatlaşırsan, onlara maraqlı görünməyə çalışırsan, sən ikiüzlülük edirsən və gecələr hər şeydən bezəndə, heç nəyin öz istədiyin kimi olmayacağını görəndə bunun səbəbinin özün olduğunu çox yaxşı bilirsən.

Bəzi günlər küçədə səbəbsiz şəkildə təbəssüm edən adamlar məni xoşbəxt edir, bəzi günlərsə “mind your business” abu-havasına qapılıram, kiminsə təbəssümünə, yersiz səmimiliyinə çox əsəbiləşirəm. Buna baxmayaraq, hər iki gündə də təbəssümə təbəssümlə cavab verir, səmimi şəkildə hər kəslə söhbətləşirəm. Bunu edən birinin cəmiyyəti hansısa qanunlarına görə ittiham etməsi doğrudurmu? Breaking Band serialında Walter White yoldaşı Skyler-ə deyir:

No, you clearly don’t know who you’re talking to, so let me clue you in. I am not in danger, Skyler. I AM the danger! A guy opens his door and gets shot and you think that of me? No. I am the one who knocks!

Mənim Cəmiyyətin qanunlarından əziyyət çəkən biri kimi özümü təqdim etməyim düzgündürmü? Xeyr, “I am the one”. Hər gün öz həyatımda tətbiq etməklə mən həmin qanunların orda qalmasına yardımçı olan adamam. Walter özünə qarşı səmimidir, mənsə bütün bunları bilə-bilə hələ də bəzi gecələr cəmiyyəti günahlandıra bilirəm, özümün də həmin qanunların mühafizəçisi və ya təbliğatçısı olduğunu başa düşmək istəmirəm.

Yuxarıda səhv etmişəm. Deyəsən həm də qanmazam

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
371 417 403 352 434 375

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.