ice berg

ice berg Sevgi 30-12-2022, 15:16

Mavi gözündə ulduzlar yatar

Mavi gözündə ulduzlar yatar
İnanırsan niyə yazdığımı bilmirəm, həm normal vaxtı yazmazdım yəqin ki. Demişdim də amma, sən məni dəyişmisən, normal mən adlı bir şey qalmayıb ki onsuz. Yalan deməyin mənası yoxdu çox, bilmirəm ki sənə aid yazılarımı oxumusanmı heç, istənilən halda o yazılar elə də önəmli deyil, yəni tam olaraq yaşadıqlarım deyil həmin şeylər. Bilirsən necədir? Daha çətindi yaşadıqlarım. Doğrudan yarım qalmışam.

Bax, son günlər ancaq sevgi hekayələri oxuyub, sevgi filmlərinə baxıram: “10 il sevdim, daha sonra xoşbəxt olduq”, nə bilim “5 ildir gedib, hələ də unuda bilmirəm”. Mən birinci dediyim hekayədə olmaq istəyirəm. Mən 5 ildən sonra bu gün sənə yazmadığım üçün peşman olmaq istəmirəm. Ona görə də bütün sərhədlərimi, doqmalarımı, qanunlarımı yox sayıb sənə yazıram indi. Qürurumu yerə atıram, amma qürurumu yerə atdığım üçün də çox qürurluyam. “Heç olmasa cəhd etdim, heç olmasa vuruşdum” deyə bilmək üçün.

Gəl və bütün bunları unudaq demirəm, doğru da deyil unutmaq. Yəni əzbər bilirəm hər sözümüzü, necə unudum ki. Gəl və məni sev də demirəm, bu da mümkün deyil ən azından. Nə demək lazımdı, onu da bilmirəm. Gəl, bunu deyə bilirəm yalnız.

Nə gözəl deyib Cemal Safi:

Sana gitme demeyeceğim,

Ama gitme, Lavinia.


Lavinia gül adıdır. Magnolia yadına gəlir? Toxunanda məhv olan. Laviniaya toxunmaq olmur ki heç. Getmə deyə bilir şair, o da yəqin ki yenə də gedir. Mən sənə keçən həftə getmə demədim, deyə bilmədim, getməyə çox qərarlı birinə necə getmə deyəsən axı? Bilirsən, mən sadəcə bu şeirdəki kimi olmaq istəmirəm, getmə belə demədim deyə düşünmək istəmirəm. Getmə ona görə.

Neçə gündü “keçən dəfə mənə nəsə olmuşdu” tipli mesaj gözləyirəm səndən, əslində yazmayacağını bilərəkdən də gözləmək çox qəribədir elə. Səni tənqid edə bilmədiyimdən özümü tənqid edirəm, bütün səhv cəhətləri özümdə axtarıram. Min dənə səbəb tapıram, amma bütün bu səbəblərim qəlbimdəkilərin qabağında heç olur. Tatlı daşları söhbəti yadına gəlir? mən bütün hər tərəfimi rəndələmişdim. Yəni bir adam bir adama bu qədər dəyər verirsə digər hər şey sıfırlanmırmı?

İstəyirəm nə düşündüyümü, nələr yaşadığımı biləsən. Sən bəlkə yenə kiçik bir şey yazacaq, və həyatına qoyduğun yerdən davam edəcəksən. Məndə olmur bu. Çünki həyatımı qoyduğum yerdə də sən varsan, neynəmək olar axı?

Mən yıxılmağa öyrəşməmişdim, yıxılmağa öyrəşmədən əzilmişəm indi. Heç tanış gəlmir hə bu misralar, bunları yazan mənəmmi deyə düşünürsən. Egomu qırağa qoyub yazıram, ilk dəfədir ki, bəlkə də tam özüm kimi yazıram.

Sən fərqlisən tamam, soyuqsan, bəzən saymırsan adamı, gec yazırsan, vecsiz olursan, uzun mesajlara bir sözlə cavab verirsən, yorursan, bezdirirsən. Amma buna baxmayaraq da adama belə bir mesaj yazdırırsan. Postumda yazmışdım, keçən həftənin 5-ci günü: "Həmin gün, orada, səninlə bərabər bu qədər qız varkən məhz niyə sənin baxışın məni cəlb etdi deyə şikayətlənirdim dünən özümə. Sonra yox dedim, yaxşı ki, həmin gün, orada, o qədər qız varkən, sənin dalğın baxışların, soyuq gülümsəmən məni cəlb edib elə. Midası eşitmisən? Toxunduğu hər şeyi qızıl edən. Yaxşı ki toxunmusan həyatıma”.

Bütün bu yazdıqlarım nə mənasına gəlir? Bilirəm ki? Bilmirəm. Sən oxuyub bir məna çıxartmağa çalış, ağlında nələrsə olsun. Mən kədərimi digər insanların xoşbəxtliyi arasında assimilyasiya etməyə çalışıram onsuz. Bəzən də istəmirəm, bu kədər mənə səndən qalan son şeydir. Azaldıqca sənin tam gedəcəyini, bir də heç vaxt qayıtmayacağını düşünürəm.

Slow musiqilər, ağlamalı filmlər, və bütün insanlar məndən bezib. Gəl baxışınla baharı qaytar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
528 468 464 442 453 452

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.