Yasəmən ağacı
Mənim ən sevdiyim çiçəklər yasəmənlərdir. Hər vaxt onları qoxulayanda kədər və iztirab hissi mənə güc gəlir. Çünki xatirələr məni Qahirədəki "Alkobba Bağları” rayonunda bir neçə il bundan əvvəl yaşadığımız illərə aparır.
Biz onda qonşularımızla birlikdə böyük bir bağda yaşayırdıq. Mən günümün çox hissəsini işdə keçirər, axşamlar isə evə yorğun halda qayıdardım. Dərhal yatağıma uzanıb qəzetlərə nəzər salar, sonra yüngül şam edib gecədən xeyli keçənədək oxuyub-yazardım. Oxumaq məni yoranda dincimi almaq üçün qonşu evinə baxan pəncərəni açardım. Onların divarına sarmaşmış balaca yasəmən ağacından süzülüb gələn sərin meh otağımı xoş, könülaçan ətrə qərq edərdi. O qonşugil barəsində heç nə bilmirdim. Bircə onu bilirdim ki, onlar ailədə üç nəfərdirlər: ər, arvad və təxminən beşyaşlı oğulları. Mən qadının görünüşünü tam xatırlamıram. Təkcə onu xatırlayıram ki, o gənc, incə və xoşsifət qadın idi. Əri adətən evə gec gəlirdi. Qadın isə uşaq yatana qədər onunla birlikdə qalar, sonra da ərinin gəlişini gözləyərdi.
Bir axşam yazmaqla məşğul olarkən anasını həyəcan və hıçqırtı dolu bir səslə ucadan çağıran qonşu uşağının qışqırığını eşitdim. Əvvəlcə fikir vermədim. Lakin hönkürtü kəsmədi. Heç vaxt uşağın o gecəkitək ətürpərdici ağlamağını eşitməmişdim. Tez pəncərəni açdım və oğlanı səslədim. Ondan nə üçün ağladığını soruşdum.
– Anam! – deyərək o ağladı.
– Ona nə olub? Yəqin sözünə baxmayıbsan, o da səni döyüb?
– Xeyr, anam ölmüşdür! – deyə o cavab verdi.
Bu xəbərdən sarsılmış halda onda mənimlə birlikdə yaşayan qardaşım və bacımla dərhal qonşugilə getdik. Evə girəndə gördüyüm mənzərə heç vaxt yadımdan çıxmaz. Üzündə təbəssümü donmuş gözəl bir qadın ölmüş vəziyyətdə döşəyə uzanmışdı. Məni görən kimi ağlayan uşaq özünü qollarımın arasına atdı. Zavallı qadın uşağı ilə oynayarkən iflicdən dünyasını dəyişmişdi. Hadisə baş verən zamanda ona yardım edəcək bir kimsə evdə olmamışdı.
Qadının ərini çağırmaq üçün birbaşa kafeyə getdim. O, vaxtının çoxunu orada keçirərdi. Bu xəbəri ona sakit tərzdə çatdırdım. O, xəbər alan kimi təlaş içərisində evinə yollandı.
Bu hadisədən bir neçə gün sonra Qahirənin tıxaclı küçələrinin birində piyada gedərkən yüksək sürətlə hərəkət edən avtomobil məni vurdu. Xəsarət aldığımı yalnız xəstəxanada həkimin əli mənə toxunanda hiss etdim. Onurğa sütunumdan aldığım yüngülvari zədəyə görə dörd ay yataqda qalmalı oldum. Bu müddət ərzində demək olar ki, xarici aləmlə bütün əlaqəm kəsildi. Dörd ay dörd il kimi keçdi və mən xəstəxananı çox zəifləmiş halda tərk etdim.
Xəstəxanadan çıxan günü ilk işim evə çatanda pəncərəni açıb, keçirdiyim qəzanın ağrılarını unutmaq üçün yasəmənin xoş, fərəhverici ətrini qəbul etmək oldu. Bu vaxt gözucu qonşugilə nəzər saldım və heç vaxt rast gəlmədiyim bir qadını uşağın pəncərəsi yanında gördüm. Bacımdan soruşdum ki, həmin qadın mənim tanıdığım ailənin yerinə son zamanlar köçüb? Bacım mənə dedi ki, bu elə sənin tanıdığın həmin ailədir; qadın da bir neçə ay bundan əvvəl arvadı ölmüş kişinin təzə arvadıdır. Bu xəbərdən sarsıldım. Hətta mən dünyasını dəyişmiş qadını xatırlamamaq üçün qonşugilə baxan pəncərəni açmaqdan çəkinirdim. Sonradan öyrəndim ki, təzə arvad balaca oğlana qarşı çox qəddarlıq edir, onu yaşına uyğun olmayan tapşırıqlarla bezdirir və ağılsız, axmaq səbəblər üstündə onu tez-tez cəzalandırır. Çox vaxtlar o, əri ilə uzunmüddətli gəzintilərə və ya kinolara gedərkən balaca oğlanı bağlı otaqda tənha qoyardı. Çox vaxtlar da uşaq yatanda pəncərəni bilərəkdən açıq qoyardı ki, qışın soyuq küləyi öz kəskin soyuq oxları ilə oğlanı sancsın.
Bir gün evə erkən gəlib pəncərəni açdım. Hiss etdim ki, yasəmən ağacı qol-budaq ataraq uşağın pəncərəsinə daha da yaxınlaşıb. Sonra uşağın pəncərəyə tərəf gəldiyini gördüm. O, məni görməsin deyə gizləndim. Lakin mən onu izləyirdim. Balaca oğlanın ağladığı açıq-aydın görünürdü. Kətilə çıxıb, pəncərədən bayıra baxdı. Başını iki əlləri ilə tutaraq, göz yaşları pəncərədən aşağıya süzülənədək ağladı. Mən onda ağlasığmaz bir mənzərənin şahidi oldum. Elə bir mənzərənin ki, indən belə nə qədər yaşasam da, onu təsvir etməyə söz tapmaq olduqca çətindir! Uşağın göz yaşları yasəmən ağacının üzərinə düşürdü. Onda mən gördüm ki, ağac uşağın qəlb göynədən bu məsum iniltisindən qopub gələn yaşları hiss edən kimi silkələndi və o da ağlamağa başladı. Mən ağacın öz yasəmən çiçəklərindən biz göz yaşı axıdan kimi ağladığının şahidi oldum!
O zaman ağac öz-özünəmi silkələndi, yoxsa onu külək silkələdi? Düzünü desək, bunu mən bilmirəm.
Ağac, deyəsən, məndə olduğu kimi uşaqda da maraq doğurdu. Gördüm ki, o, ağlamağı dayandırıb uzun müddət təəccüblə ağaca baxdı.
O vaxtdan ağacla uşaq arasında yaxın ruhi, mənəvi əlaqə yarandı. Hər zaman o kədərlənəndə dərdini bölüşmək üçün yasəmən ağacını axtarırdı. Bir gün işdən qayıdırdım. Uşaq ağacın yanındakı skamyada oturmuşdu. O, ağacın gövdəsini qolları arasına alıb başını ona söykəyərək şirin-şirin yatırdı. Gedib onu oyadanda ağlamış olduğunu gördüm. Hava çox bürkülü idi. Bu səbəbdən də onu inandırmağa çalışdım ki, evə getmək lazımdır. Lakin o, mənə inanmadı və yasəmən ağacının yanında oturaraq qaldı. Həmin gün ağacın qəribə görünüşü balaca oğlana qarşı mərhəmət və nəvaziş ifadə edirdi. Mən bunları necə gördüm?! Bilmirəm, amma bunu dərindən hiss edirdim...
Günlər, aylar keçdikcə oğlanla yasəmən ağacı arasındakı ağlasığmaz əlaqə daha da böyüyürdü. Əgər o zavallı vəziyyətdə olardısa, ağac da soluxardı. Oğlan xəstələnəndə yasəmənlər saralıb-tökülərdi. Səbəbini bilməyənlərdən başqa kimsə baxsa idi, ağacın görünüşündə dərin kədər duyardı. Uşaq yaxşılaşanda isə ağac çiçəkləyib qol-budaq atardı, təravətli və gözəl görünərdi.
Bir səhər pəncərəmdən baxanda gördüm ki, ağacın çiçəkləri solub, yarpaqlarının da rəngi dəyişib. Uşağın səhhətindən narahat olmağa başladım. Soruşanda öyrəndim ki, o xəstədir. Onu ziyarət etməyi qərara aldım. O, yataqda hərarət içərisində sayıqlayırdı. Məni görəndə: "Yasəmən ağacı!” – deyib ağlayaraq üzümə baxdı. Sonra gözlərini yumub yuxuya getdi.
Növbəti gün ağaca baxanda o, bir neçə gün əvvəlki vəziyyətindən də solğun görünürdü. Yasəmən ağacı gündən-günə saralırdı.
Hər gün tezdən durub pəncərədən yasəmən ağacına baxmağı vərdiş etmişdim. Bir səhər erkən yuxudan oyandım və adətim üzrə pəncərəmi açanda budaqlarda bir dənə də olsun yasəmən çiçəyi görmədim. Bundan başqa, mən yasəmən ağacından bir əlamət də görmədim! O bir zamanlar dərdini bölüşmək üçün sarmaşdığı divarı tərk edərək quru gövdənin üzərinə tökülmüşdü. Ağacın bu cür mənzərəsi məni ciddi təlaşa saldı. Birini uşağın səhhəti barədə xəbər tutmağa göndərdim. Sonradan öyrəndim ki, uşaq səhərə yaxın, təxminən dördün yarısında dünyasını dəyişib. Bu xəbəri alanda, sanki, dünya gözlərimdə qaraldı. Ürəyimi sızladan kədər hər şeyi gözlərimdə alt-üst etdi.
Mən onların evlərinə baxan pəncərəmi heç vaxt açmıram. Çünki yasəmənin kədər qoxuyan məhvoluşunu duyuram. O alt-üst olmuş arzuların xarabalıqları mənə cansıxıcı qəbiristanlıq kimi görünür.
Yusif İzədin İsa