ice berg

ice berg Hekayələr 13-08-2023, 22:00

Kamança ustası (hekayə)

Kamança ustası (hekayə)


Böyük şəhərlərdə kiçik insanların işıqları yanmaz (c)

Bəzi ömürlər, bəzi insanlar şeir kimi gəlib keçir bu dünyadan. Bizim kitablardan oxuduğumuz hekayələr kimi olar, onların həyatları. Kitablar utanır bu cür həyatların yanında. Bax, Tanrı biz yazarları boşuna yaratmadı.

Var olmamızdakı ilahi hikmət belə insanların hekayələrini yazmaq, onları ədəbiyyatın sehrli dünyasında ölümsüz etməkdi. Bu gün sizə bir kamança ustasının həyatından kiçik bir hissəni nəql edəcəm, mənanı sözlərin qəlbində gizlədən Tanrının izni ilə.

Bəli, bu həyatda onun balaca bir emalatxanası, bir otaqlı, ancaq gözəl və səliqəli mənzili, bir də həyatını bəzəyən çox sevdiyi bir qadını vardı. Hər kəslər kimi sevib, bəyənib, ancaq bir çoxlarından fərqli olaraq sevdiyi qadınla yaşlana bilmişdi qəhrəmanımız. Onların sevgisi də digər bütün sevgilər kimi başladı.

Ehtiraslı sevişmələr, qarşılıqlı hörmət və ağaran saçlar. Bu ardıcıllıqla gəlib keçdi ömürləri. Tanrı onlara bir övlad qismət etmədi. Olsun, övlad olmadan yaşamaq olmazdımı?!- deyə düşündü hər ikisi. Nə qadın övladı olanlara paxıllıqla baxdı, nə də kişi ona bir uşaq doğmadığı üçün sevdiyini incitdi.

Sabah namazı ilə gedər işə, günəşi emalatxanasında qarşılayardı. İkindi vaxtına qədər kamançalar düzəldir, elə ki, günəş artıq solmağa doğru gedirdi, bax, o zaman emalatxananı kilidləyər və əsasən, aşiqlərin olduğu yerlərdə düzəltdiyi kamançalarını satardı. Kamança ustası olmaqla yanaşı, həm də gözəl şəkildə ifa edə bilirdi bu musiqi alətini.

Bir metro çıxışına, ya da sahilə - sevgililərin əl - ələ tutub gəzişdiyi məkana gələr, dəzgahını açıb, kamançalarını müştərilərinə göstərər, bir yandan da yanıqlı nəğmələr çalırdı. Gənclər onun başına toplanıb, gözəl duyğularla onun musiqilərini dinləyərdi. Dəfələrə ona yüksək yerlərdən təkliflər gəlmiş, çox pul qazanmaq imakanı əldə etmişdi. Di, gəl ki, bütün bu təklifləri geri çevirib, öz işi ilə məşğul olurdu.

Axşam günəş batana yaxın dəzgahını toplayıb, evinə - sevdiyi qadına gəlirdi, qaça - qaça. Onu evdə sevgi, xoşbəxtlik gözlədiyini bildiyi üçün bütün günü işləmək, əziyyət çəkmək ona xoş gəlirdi. Düz bir ömrü belə yaşadılar. İndi kamança ustasının yaşı yetmişə yaxınlaşıb, ancaq o, yenə köhnə qaydada işləyir, yalnız bir fərqlə. İndi o, evə ayaqlarını sürüyə- sürüyə gedir, indi onu evdə gözləyən, bişirdiyi yeməklərə sevgisini qatan bir qadını yoxdu.

Beş il bundan öncə yenə hər zamankı kimi qaçaraq evinə gedirdi. Evinə çatanda sevgilisinin yerdə qıvrandığını görüb, ilk dəfə itirmə qorxusunu yaşadı, ancaq tez özünü topladı. Həyətə çıxaraq, orada oynayan uşaqların birindən taksi çağırmasını istədi. Bir saatdan da az vaxtda xəstaxanaya çatdılar. Gecəni xəstəxanada keçirdi. Dua – dua göylərə yüksəldi ki, sevdiyi qadını ona bağışlasın Tanrı.

Sabaha yaxın qadın özünə gəlsə də, çox bitkin görsənirdi. Yanına buraxmadılar onu bir müddət, yalnız pəncərənin şüşəsindən seyr edə bilirdi qadınını. Bir qədər sonra onu baş həkimin otağına çağırdılar. Yüzlərlə ölüm xəbəri vermiş olan bu orta yaşlı həkim tərəddüd etmədən arvadının xərçəng xəstəliyinə tutulduğunu söylədi.

Xəstəlik bütün daxili orqanlarını sarmaşıq kimi sarmışdı. Əməliyyat, yalnızca əzabını artırardı. Bir neçə ay ömrü qalan qadına çoxlu ağrı kəsicilər yazıldı. Əzab çəkməməsi üçün. Bir neçə gündən sonra xəstəxanadan çıxıb, evlərinə gəldilər. Evləndikləri gün söz vermişdilər ki, nə olursa olsun bir- birilərinə yalan söyləməyəcəkdilər. Onun üçün sevgilisinə bütün həqiqəti danışdı. Ölümü birlikdə mətanətlə qarşılamaqdan başqa çarələri qalmamışdı.

Bu bir neçə ayın necə keçdiyini bir onlar, bir də Allah bildi. Yavaş - yavaş əridiyini görmək onun, bir gül tək solduğunu hiss etmək... Bütün bu acılar kamança ustasının saçlarını ağartdı. Ölümünə az qalmış ağrı kəsicilər təsir etmir, qadın fəryad qoparırdı. İş o yerə çatdı ki, qadın ölüm üçün dua etdi və sevgilisindən də dua etməsini istədi. Siz heç sevdiyinizin ölümü - ölməsi üçün dua etdiniz mi?! - etmədinizsə kamança ustasını anlaya bilməzsiniz.

Tanrı onların dualarını çox tez qəbul etdi. Gecələrin birində sevdiyi qadın mələklərə qonaq getdi, Tanrının ölkəsində sonsuz xoşbəxtliyə qovuşdu. Məzarını başqasına qazdırmadı, öz əlləri ilə - dırnaqları ilə qazdı sevdiyi - öpüb, oxşadığı bədənin son evini. O gündən sonra bir daha əvvəlki kimi olmadı nə həyat, nə də ki, yaşlı kamança ustası...

İndi aradan düz beş il keçir. Bu qədər zamanda onsuz - sevgisiz yaşayır, ona qovuşacağı günü gözləyirdi. İşləməyə bilər, səfil biri kimi tamamlayardı həyatını, ancaq işləmək, o həyatda olduğu zaman etdiklərini etmək sanki qadınını xatırladırdı. Bir də öz kamançası ilə gənclərə sevgini anladırdı. Əvvəlki qədər güclü deyildi ayaqları. Onu çox uzaqlara apara bilmirdi. Evinin yaxınlığındakı parkda əyləşib, kamançalarını orada satırdı. İndi onun hazırladığı kamançaların səsi ney səsini xatırladır, onun qədər həsrət, ayrılıq dadırdı.

Düz bir ildi ki, onun dəzgahının qarşısında balaca qızcığac gül satır. Onun satdığı güllər, kamança ustasının müsiqisinə qarışır, parkı tam bir sevgililərin görüş yerinə çevirirdi. Artıq dostlaşmışdılar. Qızcığaza balaca bir kamança düzəltmişdi. Bu kamança digərlərindən fərqli olaraq ayrılıq deyil, ümid pıçıldayırdı onu dinləyənlərin qulaqlarına.

Ana işləyə bilməyəcək qədər xəstə, ata haralardadı bilinməz. O, anadan olduğunda belə yanında olmamışdı. Anası hamilə olarkən işləmək adı ilə xarici ölkələrdən birinə gedib, bir daha geri qayıtmamışdı. Ailəsinin bütün yükü qızcığazın balaca çiyinlərinə düşürdü. Onun satdığı güllərin pulu ilə yaşayırdı anası. Bu balaca qız indi onu həyata bağlayan tək səbəbdi.

Axşama yaxın qızcığazın satılmayan güllərini satın alar, sevdiyi ilə görüşə gedərdi. Bu güllər bir yetimi sevindirdiyi üçün qadının məzarında da sevgi qoxuyardı. Nə zaman məzarına gül qoysa, gecə yuxusuna gələr, qovuşacaqları günə çox az qaldığını deyərdi, sevgilisi. Bir də "çalış, mənim yanıma sevgi, ümid və o qızcığazın güllərinin ətri ilə gəl” - deyərdi.

Günlərin birində yenə ikindiyə yaxın parka gəlib, dəzgahını qurdu, ancaq balaca dostunu görə bilmədi. Yəqin, bir işi çıxıb deyərək düşündü. Ancaq eyni hal üç gün ard -arda baş verincə narahat olmağa başladı. Kamançalarını da alan olmadı o günlərdə. Qızcığazın gülləri olmadan sevdiyi qadının məzarına da gedə bilmirdi. Gecəni narahatlıqla keçirdi. Sabah tezdən yollara düşdü.

Axtarıb qızın yaşadığı balaca daxmanı tapdı. Qapını qorxa - qorxa döydü. Zəif bir səs "gəlin, qapı açıqdı” dedi. İçəri girəndə yataqda yatan balaca dostunu və onun başı üzərində ağlayan xəstə anasını gördü. Üç gündü qız xəstələnib, yatırmış. Kimsələri olmadığından xəstəxanaya da getməyib. Qocanın gözləri yaşardı. Qızı qucağına alıb tez çölə çıxdı. Bu zaman sevdiyi qadının ilk xəstələndiyi günü göz yaşları içində xatırlayırdı. Yenə bir taksiyə əyləşib, xəstəxanaya gəldi.

Həkimlərin verəcəyi cavabdan çox qorxurdu. Cavab bu dəfə pis olsa da, bir balaca ümid vardı. Qızcığazın hər iki böyrəyi işləməkdən imtina etmişdi. Qısa zamanda uyğun bir böyrək və 25 min manat pul tapılsaydı onun həyatını xilas etmək mümkün olardı. Varlı biri deyildi, ancaq balaca dostunun ölməsinə izn verə billməzdi. İlk olaraq onun böyrəyinin uyğun olub - olmamasını yoxlatdırdı. Bu dəfə Tanrı onun üzünə qapıları bir - bir açırdı.

Böyrək uyğundu. Pul da tapılsaydı, işlər düzələcəkdi, ancaq çox az vaxt qalmasına baxmayaraq pulu düzəldə bilmirdi. Evini və emalatxanasını satmaq istəmirdi, çünki onları balaca dostuna vəsiyyət etmək istəyirdi ki, evində anası ilə rahat yaşasın.

Emalatxanasını isə gül dükanı edib, soyuqda dayanmaqdan xilas olsun. Bir neçə gün göz yaşları içində qıvrandı. Bircə gün qalırdı. Qız əməliyyat olunmasa gözlərini aça bilməyəcəkdi. Elə bu zaman yaxınlıqdakı bir nəfərin həkimlə danışdıqlarını eşitdi. "Həkim, oğlumu itirmək istəmirəm, nə qədər pul lazımdırsa, verirəm. Artıq tapın o uyğun böyrəyi”...

Görkəmindən zəngin birinə oxşayırdı bu adam. Tez ona yaxınlaşıb, əgər alınsa, böyrəyini onun oğluna verə biləcəyini söylədi, ancaq bircə şərti vardı. Balaca qızcığazın əməliyyat pulunu da verəcəkdi. Adam bu xəbərə çox sevindi.

Xoşbəxtlikdən bu dəfə də böyrəyi oğlana uyğun gəldi. Elə həmin günün axşamı əməliyyat olacaqdı. Bir vəkil tapıb, evini və emalatxanasını balaca dostuna vəsiyyət elədi. Nəhayət, əməliyyat zamanı gəldi.

Kamança ustası narkoz verilmədən öncə, sonuncu dəfə kamançasını istədi. Ətrafdakılar göz yaşı içində qocanın ən gözəl nəğməsini dinlədilər. İnsan bilə- bilə ölümə gedərdi mi?! - o, gedirdi. Yəqin ki, bu ölümün iki fidanın həyatı olduğunu bildiyi üçün gülə - gülə yuxuya getdi.

Tural Sahab

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
519 537 496 449 455 519

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.