Rəsul

Rəsul Hekayələr 10-05-2024, 12:00

SONUNCU ÖLƏN ÜMİDLƏRDİR ( 1-ci hissə )

SONUNCU ÖLƏN ÜMİDLƏRDİR ( 1-ci hissə )
Bu adamlar, bu adi adamlar, hər biri özlüyündə bir-iki balaca qayğısıyla yaşayan bu lap adi adamlar necə də qeyri-adi adamlarmış, ilahi... Bəlkə, insan dünyaya ona görə ac və çılpaq halda gəlir ki, bütün həyatı boyu başı qarnını doydurmağa və əyin-başını düzəltməyə qarışsın?

Sonuncu ölən ümidlərdir... Hm... Əcəb başlıqdır... Son illərdə yaranan ən təsirli və ən dramatik sevgi əhvalatını mənə danışacaqları saatın yetişdiyindən mütəəssir ola-ola redaksiyamızın yerləşdiyi altıncı mərtəbəyə qalxdım. Dərhal da işçilərimizdən Şölə xanımın gəlib-gəlmədiyini soruşdum. Hələ gəlməmişdi. Vədələşdiyimiz vaxta nə az, nə çox, yeddi dəqiqə qalırdı. Redaksiyanın pəncərəsindən Mətbuat prospektinin yeknəsək mənzərə sini seyr edə-edə çox pis şeyləri ağlıma gətirdim. Birdən Şölə xanım gəlməz... Gəlmədi, gəlmədi də. Axı kim zəmanət verər ki, o gələcək? Düz on il bundan əvvəlki qətl hadisəsi barədə dünən "Məhkəmə arxivindən" rubrikasında dərc etdiyimiz yazıdan sonra redaksiyaya zəng edib məni telefona çağırtdırmış və demişdi:

Siz bilsəniz ki, həmin o qətl hadisəsinin arxasında nə durur, siz bilsəniz ki, “Ə. adlı gənc qız "Az LTD" şirkətinin prezidenti, tanınmış iş adamını namusuna toxunduğu üçün qətlə yetirmişdir" kəlmələrinin altında nələr yatır, mənimlə görüşmək istəyərdiz.

Mən dərhal: Siz kimsiz ki? deyə soruşmuşdum.

Onun səsindəki qəhər açıq-aşkar sezilirdi:

- Mən Ə.-nin ən yaxın rəfiqəsi, demək olar ki, bacısıyam. Onun taleyini yazmağınızı çox istərdim. Qəzetinizin onuncu səhifəsində gedən "Talelər" rubrikasının, inandırım sizi ki, şah əsərinə çevrilər bu əsər.

Azacıq fasilədən sonra əlavə etmişdi:

Leyli və Məcnun, Romeo və Cülyetta, Tristan və İzolda... Sizinçün maraqlı deyil, bəs niyə müasir dövrdə dillər əzbəri olan sevgi cütlükləri yaranmır?

Mən suala cavab tapmaqda çətinlik çəkərək demişdim: - Yəqin, indi elm, texnika əsridir. İnsanlar hiss və ehtirasların, romantik duyğuların əsiri deyillər...

O, sözümü tamamlamağa imkan verməmişdi: - Yəni deyirsiz, indiki dövrdə heç kim heç kimi sevmir? Özümə bəraət qazandırmaq üçün dediyim sözləri sı- ğortalamışdım:

Yox, sevməyinə sevirlər. Ancaq indiki sivilizasiyanın insanları daha soyuqqanlıdırlar. Ürəklə, qəlblə yox, başla, beyinlə sevirlər. İndiki sevgi təmənnalı sevgidir.

Şölə xanım, təbii ki, mənimlə razılaşmamışdı:

Xeyr, siz səhv edirsiz. Sabah saat on birdə redaksiyanıza gələcəm. Və sizə ən çətin anlarda belə ümidlərini itirməyən cütlüklə bağlı dünyanın ən təsirli, ən drama- tik sevgi əhvalatını danışacam.

Sonra adını, soyadını söyləyib nəşriyyatın buraxılış bürosunda ona buraxılış vərəqəsi yazdırmağımı xahiş etmiş və dəstəyi asmışdı. Və elə həmin andaca, mən yeni yazılacaq əsərimi "Sonuncu ölən ümidlərdir" adlandırmağa qərar vermişdim...

Saat on bir tamam oldu. On ikiyə də işlədi. Ürək döyüntüsü ilə onu gözləməkdə idim. Tərs kimi telefon nömrəsini də soruşmamışdım...

Məktublar şöbəsində işləyən xanım mənə yaxınlaşdı, əlindəki bir qalaq məktubu göstərib dedi:

Oxucular "Talelər" rubrikasında son vaxtlar yazı verməməyimizdən bərk narahatdırlar.

Mən: Bilirəm, söylədim.

O, uşaq kimi dodaqlarını büzdü:

Bəs bir şey yazmaq istəmirsiz? Nə olar, yazın da. Axı bizim üçün də bu yazılar çox maraqlıdır. Xaricilərin gicgicə seriallarına nə qədər baxmaq olar?

Mən baxışlarımı xanımdan yayındırıb yenə də küçəyə boylandım. Nəşriyyata girib-çıxan adamların hansının Şölə xanım ola biləcəyini təxmin etməyə çalışdım.
Xanımın hələ də məndən cavab gözlədiyini görəndə isə dilucu ona ürək-dirək verəsi oldum:

Fikir eləmə, yazacam. Qoy bir, başım açılsın.

Şölə xanımın mənə danışacağı əhvalat əsasında yeni əsər yazmaq planım barədə ona heç nə demədim. Nəyisə qabaqcadan danışmaq mənə düşmür... Bir də ki, bu pla- nın reallaşacağına heç əmin də deyildim axı...

Artıq saatın əqrəbləri on ikinin yarısını haqlamışdı. Şölə xanımın məni aldatması fikrini başımdan çıxarmaq üçün qəzetin dünənki sayında getmiş "Amansız qisas" başlıqlı yazıya göz gəzdirdim.

Dəqiq xatırlayıram, 1995-ci ilin oktyabrında baş vermişdi bu hadisə. Bakının ən böyük özəl şirkətlərindən birinin prezidenti N.İ.-nin meyiti Sulu Tәрә әгаzisində xidməti "QAZ-31" markalı avtomobilinin salonundan tapılmışdı. Kimsə xüsusi qəddarlıqla ona on yeddi bıçaq zərbəsi vurmuşdu... Bu hadisə o vaxt bütün respublikanı sarsıtdı. Qatilin 1975-ci il təvəllüdlü qız olması isə hamını heyrətləndirdi. Məlum oldu ki, N.İ. katibəsi işləyərkən Ə-nin namusuna toxunubmuş... Məhkəmənin hökmü ilə Ə. on iki il azadlıqdan məhrum edildi...

Oxucularımızı mütəmadi olaraq arxivlərdəki məhkəmə işləri ilə tanış etmək redaksiyamızda bir ənənə halını alıb. Bu yazılar böyük rezonans doğurur, onları çoxsaylı oxucu auditoriyası izləyir. Mən bir neçə dəfə kəm-hövsələlik edib arxiv işlərinin çapını dayandırmaq istə mişdim. Çünki bəzi ağzıgöyçək həmkarlarımız "Qəzetlərini doldurmağa yazı tapmayıb gör hansı vasitələrdən istifadə edirlər", deyə bizə replikalar atırdılar. Ancaq istər-istəməz oxucu rəyi ilə hesablaşmalı olmuşdum. İndi isə Allaha şükür edirdim ki, nə yaxşı arxiv işlərinin çapını dayandırmamışıq. Elə Şölə xanımın peyda olması və yazılacaq yeni bir yazı dünyaya dəyərdi...

Saat birə işləmişdi. Görəsən, bu qadın niyə belə etdi? Məni dolamaq buna nə verirdi axı?

Onu telefon xuliqanı zənn edib lap dilxor oldum. Amma sonra yenə də gözümü Mətbuat prospektinə dikib qadının yolunu gözləməyə başladım. Qulağımsa qapı tıqqıltısını, ya da ki, heç olmasa, telefon zəngini gözləməkdə idi...

..."Sonuncu ölən ümidlərdir..." Əcəb başlıqdır. Doğrudandamı, ümid sonda ölür, insanın özündən sonra?

Ta qədimdən insanlar ümidlə yaşayıblar. Bilmirəm, vəhşi insanların hansı ilk dəfə ümidi kəşf edib, ancaq təxmin edirəm ki, bu kəşfetmə ov prosesi ilə bağlı olub. Yəni dördayaqlı vəhşi insan daş alətlə ova çıxıb qənimət əldə etmək istəyəndə onun içində ilk dəfə ümid cücərib. O, ümid edib ki, ov ovlaya biləcək, kahasına əliboş qayıtmayacaq...

Min illər keçsə də, insan ən gözəl vərdişindən ümidlə yaşamaq vərdişindən hələ də vaz keçməyib. İndiki ümidlər keçmişdəkilərə nisbətən xeyli inkişaf ediblər, təkmilləşiblər. Ancaq öz mahiyyətlərini dəyişməyiblər. Ümid insanı yaşadan sonuncu nəsnə, son tutalqadır. Bəzən ümid okeanda batan birisi üçün yapışmaq istədiyi saman çöpü qədər öz əhəmiyyətini kiçiltsə belə, yenə də insan mövcudluğunun ən vacib atributudur...

...Ayaqqabı taqqıltısı eşidilirdi... Görəsən, gələn odurmu?..
...Sonuncu ölən ümidlərdir... Bəlkə, ümidlər, ümumiyyətlə, heç ölmürlər, insan öldükdən sonra onun ruhunun içinə çökürlər? Sonra da ruhla birgə yaşayırlar?... Ruhu da ölməyə qoymayan, bəlkə, haçansa cismə dönə bilmək ümididir?...

Hər vaxtınız xeyir. Gecikdiyimə görə üzr istəyirəm...

İlahi, bu, yəqin odur, Şölə xanımdır.

Sevindiyimdən qol götürüb oynamaq istəyirdim.

Vaxtım azdır, cəmi bir saat. Diktofonu işə salın, başlayaq. Ancaq bircə şərtim var. Əsərinizdəki bütün adlar dəyişdiriləcək.

Qadının təqribən otuz yaşı olardı. Saçları sarı idi. Yəqin ki, onları boyamışdı. Çünki özü qarabəniz idi.

Keçib masanın arxasında əyləşdi. Mən də keçib onunla üzbəüz əyləşdim.

Diktofonun düyməsini basmamış: Sizə çay gətirsinlər, yoxsa kofe? sualını verdim.

O: Hələ ki, heç nə, deyib, bayaqkı şərtinin üstünə qayıtdı:

Söz verirsiz ki, adlar şərti olacaq?

Mən: Əlbəttə, cavabını verdim.

Gülümsədi: Bu yazının qonorarı da mənə çatasıdır. Mən əlbəəl bu şərtlə də razılaşdım:

- Bu, əhəmiyyətsiz bir şeydir. Vacib olanı yazının yaxşı alınmasıdır.

Onun gözündə hədsiz kədər var idi. Masanın üstündəki qəzet yığınını əli ilə gah sola, gah sağa çəkirdi... Dilucu dedi:

Zarafat edirəm, ağlınıza başqa şey gətirməyin.
Masanın üstünə iki müqavilə blankı qoydum:

- Niyə zarafat edirsiz ki? Biz kapitalizm cəmiyyətində yaşayırıq. Burada hər şey satılır, hər şey də alınır. Mən peşəkaram, informasiyanı pulla almağa vərdiş etmişəm. Gəlin rəsmi müqavilə bağlayaq, işə başlayaq. Qadın xeyli tərəddüddən sonra çətinliklə dilləndi:

Yox. Bu yazının işıq üzü görməsi mənim Ə. qarşısında rəfiqəlik, bacılıq borcumdur. Bütün bu illərdə ona kömək edə bilmədiyim üçün vicdan əzabı çəkmişəm. Heç -həbsxanaya gedib onu yoluxa da bilmədim. Başa düşün məni, ailəli qadınam. Yoldaşımın xasiyyəti çox ağırdır. O bilsəydi ki, həbsxanada yatan qatillə rəfiqəlik edirəm, gedib onu yoluxmaq istəyirəm, heç bilirsiz, necə həngamə qoparardı?

Sonra su istədi. Divarı döyəcləyib xanımlara çay gətirməyi tapşırdım...

Redaksiyanın "yetimdoyduran" fincanındakı çayı qurtumlaya-qurtumlaya Şölə xanımın gözləri yol çəkirdi...

- Ə. indi haradadır?

Sualımdan diksindi. Hiss etdim ki, cavab vermək onunçün çətindir.

- Yəqin ki, həbsxanada. Çıxsaydı, bilərdim. Hesabnan hələ iki il də yatmalıdır.

Fincanı geri itələyib sözünə davam etdi:

Onun bir addımı da mənsiz olmazdı. Hər işini, hətta gələcəkdə görmək istədiyi işlərini belə mən qabaqcadan bilirdim. Hətta duyğularını, hisslərini də bilirdim. Elə bil, ikimiz bir adam idik. İdeal qız idi. Gözəlliyini görən hər kəs ona valeh olurdu. Arzusu moda evi açmaq, ətrafına modelyerlər toplamaq, maniken qızlarla məşğul

olmaq idi. Allah yetimçiliyin üzünü qara etsin. Bədbəxt

bacımın necə də ömrü puç oldu... Qəhərləndi... Əl çantasını açıb yaylıq çıxartdı, gözlə. rini sildi.

Mən istəyirəm ki, əsərdə Ə. nin adı Nailə olsun. Ən çox sevdiyi qız adıydı Nailə. Deyirdi, qızımın adını Nailə, oğlumun adını isə İlqar qoyacam. R.-in adı isə qoy əsərinizdə İlqar olsun.

Mən cəld soruşdum:

R. kimdir ki?

- Necə kimdir? Ə.-nin istədiyi oğlandır, sevgi əhvalatının ikinci qəhrəmanı.

- Bəs N.İ.? Mən elə bilirdim, əsərin əsas qəhrəmanları Ə. və N.İ.-dir?

- O qoca kaftarın adını Abbas yazarsız. Allah baiskarın evini yıxsın. Qaratikan kolu kimi arada bitdi, yazıqları bədbəxt etdi... Hamısının adını dəyişin... Təkcə məndən savayı...

Saata baxıb sözünü yarımçıq kəsdi, narahatçılığını bildirdi:

- Vay. Nə tez üçə işlədi? Siz Allah, açın diktofonu. Saat üçə kimi vaxtım var. Yoldaşım gəlib məni evdə gör məsə, vay halıma..

1-ci hissənin sonu ( davamı olacaq )

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
335 316 382 317 351 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.