Ömrün işığı
Şəhərdən kəndə gedən adam üçün kənddəki yappayuppa evlər çox boz-bulanıq görünə bilər. Mən də nənəbabamın yanına kəndimizə gedəndə bu yekrənglikdə olduqca sıxılırdım. Əlimi bozlaşan divarlarda, evlərin solmiş kirəmitlərində gəzdirib boyamaq istəyirdim . Elə boyamaq istəyirdim ki, hər daşı başqa rəngə çalsın. Bəlkə də, özümü bu qədər kirli, bulanıq hiss etməyimin səbəbi yaşıdım uşaqların mənə gözlərini qıyaraq, dodaqlarını büzərək istehzalı baxmaqları idi. Çəlimsiz əyri ayaqlarım, xırda əllərim, səliqəli kəsilmiş dırnaqlarım onlara məzəli görünürdü. Bu halda onlara heç cür qarışa bilmirdim. Odun yarmaq istəyəndə baltanın ağzından çırtlayan qırıntılar gözümə dolur, elə olurdu ki, qırmaq istədiyim oduna balta dəycək odun qayıdıb əlimə, ayağıma çırpılırdı. Çayı keçməli olanda corablarımı çıxarıb qatladığım şalvar balağının içinə qoyur, mamırlı, sürüşkən daşların üstündən ehtiyatla adlayırdım. Mən çırmanana kimi kənd uşaqları çayın o tayına keçib qaqqıldaşırdılar. Onlar gülüşdükcə üzüm boyamaq istədiyim evlər kimi bozarırdı. Dünyanı allandırmaq, rəngləmək istədikcə özüm də tutqunlaşırdım, süstləşirdim. Səhərlər yerimdən durmaq istəmirdim. Kəndə yaslanan, boş qalmış çay yatağına baxdıqca axıb o yatağı doldurmaq istəyirdim. Dayanmadan axmaq, nələrəsə qarışmağı arzulayırdım. Tərslikdən nənəm də mənimlə nəfəs alırdı. O yana da, bu yana da keçəndə tutub sinəsinə basır, burnunu qulaqlarımın dalına dirəyib qoxumu içinə çəkir, boynumu, sinəmin böyür-başını öpüşlərə qərq edirdi. Elə bil saçlarım yuva idi, nənəmin barmaqları quş, uçub-uçub gəlib dolurdular saçlarıma. Əlləri boşalan kimi nəsə düşünə-düşünə barmaqları ilə saçımı qurdalayır, sığayırdı. Mən də üzümü onun qırış-qırış olan sinəsinə, sallanan buxağına söykəyəndə canıma rahatlıq gəlir, yügülləşirdim, amma tez də özümü yığışdırır, aralanırdım. Uşaqlarla söhbətləşəndə həmişə mənə “nənəsinin xınalı quzusu” deyib məzəmmət edirdilər. Ona görə də nənəmin canının cibimdə olmasından çox narahat olur, xəcalət çəkirdim. Bununla belə nənəm hara getsə, qolumdan tutub məni də aparar, yanında oturdardı. Mən də belə vaxtlarda kiçilib ələ sığışacaq boyda olardım. Utandığımdan, çəkindiyimdən başımı aşağı dikər, deyilənləri eşitməz, eşitsəm də qulağımın birindən alıb, o birindən buraxardım. Babam nənəmdən fəqli olaraq, mənə bir o qədər fikir verməz, heç adicə başıma tumar da çəkməzdi. Bilmirəm özünəmi sığışdırmırdı, ya o da mənim kimi utanırdımı. Ardada gecənin bir yarısı başımın üstündə hənirti hiss edirdim. Babam oyananda üstümdən sürüşüb düşmüş yorğanı qaldırar, saçıma, gözlərimə ehmal və asta tumar çəkər, hərdən əllərimdən öpərdi. Belə vaxtlarda yuxumun dərinlərinə doğru axmaq, oyanıb babamı duyuq salmaq istəmirdim. Qorxurdum ki, babam oyandığımı bilib bu gecə görüşlərini kəsər, yuxuda öpdüyü əllərimə alıb əcinnələrlə savaşdığım, uşaqları məğlub etdiyim qılıncım yerə düşər, əllərim bir daha qılınc qavraya bilməz. Yuxuda da bozluq hökm sürər, Günəş də Ay kimi sönər, başqasının işığına möhtac qalar. Alsın qalxırdı. Saralıb gedən otların arasından yeniyeni çiçəklər, otlar cücərirdi . Elə bil dünya özü də mənimlə əlbir olmuşdu, rəng rəngə qarışırdı. Saralmış otların arasından hərəsi bir rəngdə gül-çiçək boy verirdi. Elə sevinirdim ki, az qalırdım gedib yenicə açan güllərin hamısını bir-bir qoxlayam, qoxlaya bilmədiklərimə yalvaram-yaxaram, ağlayam. Heyif, sevincim çox çəkmədi. Əlinə kərəntini, tapdağı alan cumdu bu körpə çiçəklərin üstünə. Doğradılar, qırdılar, ətirlərini bir-birinə qarışdırdılar. Babam da o günlər görüşümə gəlmirdi, o da bütün kəndin adamları kimi ot biçirdi. O qədər yorulurdu ki, gecələr oyanmırdı. Yuxularıma da bozluq çökürdü. İndi əlimdən qılınc tez-tez yerə düşürdü. Qan-tər içində yuxudan oyanırdım. Çiyinlərimə çökən ağırlıq altında ləngər verirdim. İstəyirdim ki, yer aralansın içinə girim. Yer aralandı aralanmağına, kərəntilərin ucu hərdən otu biçmək əvəzinə, yerə batırdı. Sanki yer də adamların əllərindən tutmaq, bu qətliamı durdurmaq istəyirdi. Kərəntilər batdıqca yer açılırdı, yer açıldıqca məni çağırırdı. Kimsə canıma ip bağlayıb aşağı dartırdı. Bir neçə gündən sonra hava tutuldu, göyün üzündə topa-topa buludlar göründü. Bozlaşan dünyanın üstündə ağ-ağ buludlar alırdı. Sonra elə bil onlar da dönük çıxdı. Bir-birlərinə dəydilər. Dəydikcə bozardılar, qaraldılar, tündləşdilər. Adamlar da bir-birinə dəydi. Hamı tələsirdi, əllərinə yaba alıb ot yığmağa gedirdilər. Otları üst-üstə yığıb tayalayır, üstlərindən bastalayırdılar. Hər yerdə qətl edilmiş otlardan yığınlar qalxırdı. Yuxularımdansa danışmağa dəyməz, əcinnələr yığılıb əlimi, ayağımı bağlamaq istəyirdilər. Gecələr işığı yanılı qoysaq da yuxularımın qaranlığı otağıma dolurdu. Babam da tələsirdi. Mən iki ayağımı bir başmağa dirədim, ağladım, hönkürdüm, amma xeyri olmadı. Üstümə təpinib əlimə balaca bir yaba tutuşdurdular. Qolumdan tutub məni də ot yığmağa apardılar. Biraz əlimlə, ayağımla oynadım, yadlarından çıxdım, gözlərindən aralandım. Yabamın ucu ilə yeri eşələməyə başladım. Yeri eşələyəndə yumuşaq bir yeri yabanın ucu ilə qımıldatdım. Yabamın üstünə sürətlə qara qarışqalar dırmaşmağa başladı. Ürəyim az qalırdı ayağımın altına düşə. Elə bilirdim ki, qaralıq, tutqunluq yerin altından da məni haqlayacaq. Qışqırığım oraları götürdü, dişlərim bir-birinə dəyib şaqqıldadı. Səsimi ilk babam eşitdi. Yabasını tullayıb qabağıma qaçdı. Yerdən çıxan qara qarışqaları, qorxudan bozarmış simamı görüb başıma ilk dəfə oyaqkən sığal çəkdi, sinəsinə sıxdı. Sinəsi nənəmin sinəsinə oxşamırdı. Daha qaba, daha sərt idi, açıq qalmış yaxasından sinəsinin ağarmış, codlaşmış tükləri göründü. Qulağıma pıçıldadı: “Qorxma, ağrın alım. Qara qarışqadı. Yağış yağacaq. Qara qarışqa yağışın, sarı qarışqa günəşin xəbərçisidi”. Biraz özümü toxdadım amma, qara qarışqaların qara xəbəri içimi titrətdi. Yağış da bozdu, torpaq da bozaracaq. Mən də qor kimi bu yağışın altındaca cızdağım çıxa-çıxa əriyəcəm, sönəcəm. Günü-gündən sonuncu işıqlı yerlər-nənəmin gözləri də yaş tökürdü. Yaşardıqca da gözləri bulanırdı. Onun gözləri bulandıqca tutmayan əlim, ayağım, dilim də düyünlənirdi. Nənəm dizlərinə döyür, birçəklərini yolurdu. Babam tündləmiş dodaqlarına qoyduğu siqareti sümürür, havaya tüstü buraxırdı. Qar yağmağa başladı. Yavaş-yavaş yer ağarır. Mən ancaq eşidirəm, o da quyudan gələn səs kimi. Neçə gündü ancaq nənəmin səsini eşidirəm, hərdən babamın da titrəyən səsi qulağıma dəyir. Nəsə uğultuludu bu gün. Qapımızda kalan adam yığılıb. Burnuma qırmızı rəngin iyi dəyir. Qoxuların rəngi olan kimi rənglərin də iyi olur. Son dəfə nənəmin boğuq səsini bir də qırmızıya qarışan qarın hənirtisini duydum. Həmin gün məni qırmızılar içində qap-qara qaralan torpağın içinə qoymağa apardılar. Daha səs gəlmədi...
15-16 avqust 2021-ci il, Sumqayıt.
Amin Namazlı
15-16 avqust 2021-ci il, Sumqayıt.
Amin Namazlı







