Sevdik, bu dünyanın nazını sevdik
Sevdik bu dünyanın nazını sevdik,
çoxuna gözləyib, azını sevdik.
Payıza dözmədik, yazını sevdik.
Bu ömrün qışını kim sevəcək, kim?!
Hələ sevgilərin quraçağı var,
hələ istəklərin alaçağı var.
Bu yerdən, bu göydən, ... doğmadan, yaddan,
hələ könüllərin umacağı var.
Gecələr qurtarmır…, gündüzüm gəlmir,
hənirtim səs salır, nəfəsim gəlmir.
Çönüb boylanıram dünənlərimə
çox şeyə əvvəlki həvəsim gəlmir.
Daha əllərim də üzülüb düşür,
uçur xəzan kimi hər əsən mehlə.
Baharın gül üzlü təzə qöncəsi
hər gün səhər-səhər bəzənir şehlə.
Sevdik bu dünyanın nazını sevdik,
çoxuna gözləyib, azını sevdik.
Payıza dözmədik, yazını sevdik.
Bu ömrün qışını kim sevəcək, kim?!
Rəfail Tağızadə







