ice berg

ice berg Azərbaycan 28-05-2025, 10:10

Xalqımız 28 May – Müstəqillik Gününü böyük fəxarət və qürur hissi ilə qeyd edir

Xalqımız 28 May – Müstəqillik Gününü böyük fəxarət və qürur hissi ilə qeyd edir

28 May – Müstəqillik Günü Azərbaycan Respublikasının dövlət bayramlarından biri kimi hər il may ayının 28-i tarixində tarixində qeyd olunur. Bu gün Azərbaycanın ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci ildə yaradılmasının ildönümüdür.

 

1918-ci ilin 28 may tarixində Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Azərbaycan Milli Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Azərbaycan xalqı istiqlaliyyətini elan edərək və müstəqillik əzmini nümayiş etdirərək özünün və Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını yaratmışdır. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olaraq tarixə düşmüşdür.

AXC parlamentli idarəetmə formasına malik, demokratik prinsiplərə əsaslanan və qadınlara seçki hüququ verən ilk müsəlman dövlətlərdən biri idi. Lakin bu cümhuriyyət uzun ömürlü olmadı. 1920-ci ilin 28 aprel tarixində Sovet Rusiyası tərəfindən işğal edildi və Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti zamanı Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırılmış, Dövlət bayrağı və Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Həmçinin qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.

Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. 23 ay qısa müddət olsa da bu müddət ərzində AXC bir çox mühüm nailiyyətlər əldə etmişdir.

Bu nailiyyətlər ölkənin təhsil sistemindən də yan keçməmişdir. Belə ki, 1918-ci ilin avqustunda AXC-nin müvafiq qərarı ilə tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanmış, 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edilmişdir. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür.

Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə də xüsusi önəm vermişdir. Məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilmiş, həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunmuşdur.

Uzun illər Sovet hökumətinin işğalı altında olan Azərbaycan nəhayət 20-ci əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin siyasi bilik və bacarıqları, uzaqgörən siyasəti sayəsində yenidən öz müstəqilliyinə qovuşmuş və suverenliyini bərpa etmişdir.

Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etmiş, bundan sonra Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilli ilə bağlı bir çox önəmli və ibrət götürüləsi fikirlər söyləmişdir. Əbəs yerə deməmişdir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
236 241 224 264 227 228

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.