weher uwagi

weher uwagi Məşhurlar 4-06-2025, 11:30

Ancelina Coli – 50

Ancelina Coli – 50

ABŞ aktrisası, Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibi, BMT–nin xoşməramlı səfiri olan Ancelina Coli (ing. Angelina Jolie Voight) 4 iyun 1975-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub.86 yaşlı məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir, lakin aktrisa özü fransız dilini bilmir.

Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir. Elə bu dövrdə kiçik Ancelinada kinoya maraq yaranır. 14 yaşında model işləməyə başlayır. Lenni Krevits, Rolling Stones və Meat Loaf kimi əfsanələşən qrup və sənətçilərin kliplərində çəkilir. Hətta qardaşının eksperiment üçün çəkdiyi bir neçə filmlərdə rol almasına baxmayaraq, o qədər də tanına bilmir. Lakin, "Hakerlər" filmi ilə o artıq özünü tanıtmağı bacarır. Hətta Nyu-York Tayms kimi qəzet onun haqqında yazır. 1997-ci ildə çəkilmiş "Corc Volles" filmindəki roluna görə Emmi və Qızıl Qlobus mükafatına sahib olur. 1 il sonra, 1970-ci ildə məşhur model olmuş Cia Karanci haqqında çəkilən "Cia" filmində baş qəhrəmanı canlandırır. Coli yenə də 2 il ardıcıl olaraq Qızıl Qlobusun sahibi olur.

Çətin və yorucu "Cia" filminin çəkilişlərindən sonra Ancelina Coli səhnələrdən dincəlmək üçün Nyu-Yorka köçür. Burada o Nyu-York Universitetində ssenarist təhsili almağa başlayır və ABŞ aktyoru Denzel Vaşinqtonla birgə "Qorxunun hökmü" filminə çəkilir. Film 151 milyon kassa gəliri əldə edir.

1999-cu ildə Ceyms Menqoldun filmi "Yarıda buraxılmış həyat" ekranlara çıxır. Bu film baş rol oyunçusu Vaynona Rayderin ekranlara yenidən dönüşü kimi dəyərləndirilsə də tam əksinə 2-ci plan aktrisası Ancelina Colinin triumfu olur. Ancelina filmdəki Liz Rou roluna görə 3-cü dəfə Qızıl Qlobus mükafatı qazanır, Amerika Kinoaktyorlar Birliyi mükafatı və nəhayət Oskarın sahibi olur. Yay aylarında Coli "60 saniyəyə oğurluq" filmində Nikolas Keyclə birgə rol alır. Bu film isə 230 milyon kassa gəliri əldə etdi.

2001-ci ildə məşhur kompüter oyunu Tomb Raiderin ekranlaşdırılmış əsərində baş rol məhz Ancelinaya təklif olunur. Lara Kroft adlanan filmin 1-ci hissəsi 270 milyon gəlir əldə edir. Lara Kroft filminin 2-ci hissəsi isə 2003-cü ildə ekrana çıxır. Film birincisindən uğursuz alınır və bu səbəbdən kassa gəliri 160 milyon dolları keçmir. Ancelina isə bu filmə görə 12 milyon dollar qonorar alaraq Hollivudun ən bahalı aktrisalarından birinə çevrilir. Filmdə Coli üçün xüsusi olaraq solaxaylarçün nəzərdə tutulmuş silah da tapırlar. Lara Kroft filmləri arasındakı fasilədə Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri kimi bir çox kasıb ölkələrə səfərlər və humanitar yardım etməyə başlayır.

2004-cü il Ancelina Coli üçün uğurlu olur. Öncə o Robert De Niro, Rene Zellveger və Uil Smitlə birgə "Sualtı qardaşlar" cizgi filmini səsləndirir. Animasiya filmi 363 milyon dollar qazanır. Daha sonra Oliver Stounun Makedoniyalı İsgəndər haqqında çəkdiyi filmdə İsgəndərin anası obrazını yaradır. Və nəhayət 2005-ci ildə ekranlara çıxan "Cənab və Xanım Smit" filminin kontraktını imzalıyır. Bu filmlə o 20 milyon dollar qonorar alaraq Culiya Roberts və Kameron Diaz kimi məşhur xanım aktrisalarla eyni pilləyə yüksəlir.

2008, 2011 və 2016-cı illərdə üç buraxılışı ilə ekranlara çıxan ən məşhur “Kunq-fu Panda” animasiya filmində Master Pələngi – Ancelina Coli, Master Meymunu – Çeki Çan səsləndirir. 2024-cü ilin 8 martında ABŞ-də çıxan “Kunq-fu Panda-4” animasiya filmində adları qeyd edilən həm personajlar, həm də aktyorlar yer almadı.

2005-ci ilin yayında ekrana çıxan "Cənab və Xanım Smit" filmi 480 miyon dollar kassa gəliri yığır. Bu filmdə Ancelina filmdəki əri Con Smitlə sakit və darıxdırıcı ailə həyatı altında profesional qatil olduğunu gizlədən Ceyn Smit obrazını canlandırır. Con Smit rolunu isə Bred Pitt ifa edir. Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktyor və aktrisası adını qazanan məşhurlara diqqət çəkilişlər boyu azalmaq bilmir. Və dəfələrlə şayiələr yayılaraq onların görüşdüyü yazılır. Bir az keçmiş deyilənlər doğru olur. Bred Pitt aktrisa Cenifer Enistondan ayrılaraq Ancelina Coli ilə (14.08.2014) evlənir. Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan, lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən (Kambocanın bir əyalətindən, Efiopiyanın paytaxtından və Vyetnamın cənubunda yerləşən bir şəhərdən) övladlığa götürüb. İki il keçdikdən sonra cütlük 15 sentyabr 2016-cı ildə ayrıldı, sentyabrın 19-da isə səbəb kimi “barışmaz fikir ayrılıqlarını” göstərərək Coli boşanma ərizəsi verdi. Rəsmi olaraq onların nikahı 12 aprel 2019-cu ildə pozuldu.

Keçmiş cütlük arasında münaqişə boşanmadan sonra da davam etdi. Birgə üzümlükdəki payının üçüncü tərəfə satılmasına görə Pitt Colini məhkəməyə verəndə, aktrisa əks ittihamlar irəli sürdü. O, öz sənədlərində bildirirdi ki, 2016-cı ildə şəxsi təyyarəsində uçuş vaxtı Pitt ona və övladlarına qarşı fiziki və emosional təzyiq göstərmişdir.

Kamboca kralı Norodom Siamoni (14.10.2004-cü ildən hakimiyyətdə, 72 yaşındadır) göstərdiyi humanitar fəaliyyətinə görə Coliyə 2005-ci ildə Kral fərmanı ilə Kamboca vətəndaşlığı verdi.

Time jurnalı 2006 və 2008-ci illərdə onu dünyanın 100 ən nüfuzlu şəxsləri siyahısına daxil etdi. Forbes 2009-cu ildə onu dünyada ən görkəmli məşhur, həmçinin Hollivudun 2009, 2011 və 2013-cü illərdə uyğun olaraq 27, 30 və 33 milyon $-lıq gəlirə sahib ən yüksək maaşlı aktrisası adlandırdı. Bundan başqa, o, 2006-2013-cü illərdə Forbes-in ən güclü aktrisalar siyahısına dəfələrlə başçılıq edərək, sənayenin əsas fiqurlarından biri statusunu təsdiqləyib.

2013-cü ilin martında 37 yaşı Coli BRCA1 genində mutasiya səbəbindən süd vəzi xərçənginin 87% risklə inkişafını öyrəndikdən sonra tam profilaktik mastektomiya (süd vəzlərinin götürülməsi) keçirdi. Bu testin keçirilməsi onun ana tərəfdən onkoloji xəstəlik tarixçəsinin olması ilə səciyyələnirdi. Xəstəliyi azı 5% aşağı salan mastektomiyadan sonra Coli implantların və allotransplantların (donor hüceyrlərinin) istifadəsi ilə rekonstruktiv əməliyyat keçirdi. İki ildən sonra 2015-ci ilin martında yumurtalıqların xərçəngini ilkin mərhələdə göstərən illik müayinələr əsasında o, eyni genetik anomaliyaya görə xəstəliyin inkişaf riski 50% olduğu üçün profilaktik Salpinqo-ooforektomiya (yumurtalıqların və uşaqlıq borularının çıxarılması) keçirdi. Hormon əvəzedici terapiyaya baxmayaraq, əməliyyat vaxtından əvvəl menopazuaya gətirib çıxardı. Hər əməliyyatdan sonra aktrisa The New York Times üçün öz təcrübələri haqqında danışır, digər qadınlara sağlamlıqları ilə bağlı düşüncəli qərarlar verməyə yardım etməyə çalışırdı. Colinin xəstəliklər barədə bu bəyanatı geniş ictimai rezonansa səbəb oldu və genetik testlərdən keçmə məsələsinə diqqəti cəlb etdi. Onun qərarı bir çox ictimai xadimlərin dəstəyini qazandı, səhiyyə sahəsinin fəalları isə profilaktik tədbirlər haqqında ayıqlığın artırılmasını qeyd etdilər. Time-ın birinci səhifəsində Colinin “Coli effekti” adlanan nəşrlərindən gələn təsir bütün dünyada BRCA genlərinin testi üçün müraciətlərin (Avstraliyada üç dəfə, Böyük Britaniyada, Kanada və Hindistanın ayrı-ayrı regionlarında iki dəfə, ABŞ və Avropa ölkələrində də nəzərə çarpan artım qeydə alındı) əhəmiyyətli dərəcədə artmasına gətirdi. Coli özünün ilk yazısında genetik testlərin çox baha olduğunu qeyd edərək onların əlçatanlığının genişləndirilməsi üçün çıxış edirdi. ABŞ-nin Ali Məhkəməsi 2013-cü ildə BRCA genlərinin yoxlanması üçün Myriad Genetics şirkətinin patentini ləğv etdi, bu da qiymətlərin aşağı düşməsinə və diaqnostikanın əlçatanlığının artmasına səbəb oldu.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
204 234 243 234 262 213

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.