weher uwagi

weher uwagi Məşhurlar 11-06-2025, 12:45

Jak-İv Kusto – 115

Jak-İv Kusto – 115

Zooloq, tədqiqatçı-səyyah, kinematoqraf, fotoqraf, okeanoqraf, yazıçı ssenarist, dəniz bioloqu, mühəndis, bioloq, kinorejissor, film prodüseri, dəniz zabiti, Fransa Akademiyasının üzvü və hamıya Kapitan Kusto adıyla tanınan Jak-İv Kusto (Jacques-Yves Cousteau) bu gün, 11 iyun 1910-cu ildə Fransanın cənub-qərbində yerləşən Bordo şəhərində doğulub.

İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər. Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib onun içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın suyun dibinə müstəqil enməsinə imkan verməyib.

1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və mühəndis Emil Qanyan (1900÷1984) "sualtı ağ ciyər" – akvalanq (üç yüz metrə qədər dərinliyə dalmağa imkan verən yüngül dalğıc avadanlığı) ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir. İçərisinə sıxılmış hava doldurulan üç balon dalğıcın kürəyinə keçirilir. Oksigen xüsusi şlanq vasitəsilə dalğıcın ağzındakı müştüyə dolur. Nəticədə insan suyun altında rahat nəfəs alır və hərəkət edir. Sukeçirməyən maska yaxşı görməyə imkan verir, dalğıcın gözlərini və burnunu qoruyur. Rahat kürəklər isə dalğıcın suyun dərinliklərində balıq kimi üzməsinə şərait yaradır.

Jak-İv Kusto və onun komandası bu ixtiranı əvvəlcə öz üzərlərində sınaqda keçirib. Onlar həyatlarını riskə ataraq akvalanqın bütün qüsurlarını aradan qaldırıblar. Sualtı təhlükəsizliyi təmin etmək barədə düşünən ixtiraçılar oksigen verilməsi üçün avtomatik tənzimləyici yaradıblar.

Akvalanqın kəşfi sualtı səltənətin qapılarını insanların üzünə taybatay açdı. Jak-İv Kusto və onun ardıcılları planetimizin müxtəlif guşələrində okeanların və dənizlərin dərinliklərinə baş vururlar. Dalğıclar okeanda gördüklərini dünyaya nümayiş etdirirlər. Buna görə də sualtı foto və videoçəkilişlər inkişaf etməyə başlayır. Sualtı aləmin gözəlliyi insanı valeh edir. Dalğıclar suya qərq olan gəmiləri, fantastik mərcan riflərini, dəniz sakinlərinin həyatını, suyun dibində yerləşən mağaraların şəklini çəkirlər. Kusto komandasının aşkar etdiyi qədim yunan amforaları və antik mərmər sütunlar hazırda əsl muzey dəyərlərinə çevrilib.

Dalğıclar suyun zəif qızdığı dərin qatlarda tez donduqları üçün Jak-İv Kusto xüsusi hidrokostyum yaradıb. Bu kostyum soyuq suya dalma zamanı istiliyi daha yaxşı saxlayır. Nazik ara qat ilə təchiz edilən rezinləşdirilmiş xüsusi geyim dalğıcın nəfəsi ilə dolur. Kostyumun çox şişməməsi üçün ixtiraçı artıq havanı çıxaran xüsusi klapanlar düzəldib. Yeni model Qrenlandiya buzlaqlarında uğurla sınaqdan keçirilib.

Jak-İv Kusto – 115

ABŞ prezidenti C.F. Kennedi (aşağıda soldan) Kustoya Milli Coğrafiya Cəmiyyətinin medalını təqdim edir. Vaşinqton, Ağ Ev, 19 aprel 1961-ci il.

Bu maraqlıdır: Qurudakı təzyiq hiss olunmur. Axı, biz yalnız havanın təzyiqinə məruz qalırıq. Dənizə baş vuranda isə su sütunun təzyiqini hiss edirik. Suyun təzyiqi 10 metr dərinlikdə iki dəfə, 20 metr dərinlikdə 3 dəfə artır və bu ardıcıllıqla davam edir. Suyun səthindən 9 min metr dərinlikdə hər kvadratsantimetrə düşən suyun təzyiqi təqribən bir tona çatır.

İlk həyat yoldaşının vəfatından bir il sonra 1991-ci ildə ikinci dəfə ailə qurmuş olsa da, onların artıq evliliyə qədər Diana (1979) və Pyev-İv (1981) adlı iki övladı var idi. İlk evliliyindən Jan Mişel (1938) və Filipp (1940÷1979) adlı oğlanları dünyaya gəılir. Filipp 1979-cu ildə PBY Catalina hava gəmisinin Portuqaliyanın paytaxtı Lissabon yaxınlığındakı Taxo çayında qəzaya uğraması nəticəsində həlak oldu.

Jak-İv Kusto 25 iyun 1997-ci ildə respirator xəstəliyinin kəskinləşməsi nəticəsində miokard infarktından 87 yaşında Parisdə vəfat etdi. Milli vida mərasiminə layiq görüldü.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
272 247 239 242 262 218

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.