Sətirdən sətirə sevirəm səni
Səhərlər duranda adın dilimə,
Gətirə-gətirə sevirəm səni.
Əzabla canımı zalım ölümə,
Götürə-götürə sevirəm səni.
Gələndə susuram sənlə göz-gözə.
Çalışaq, bəd nəzər dəyməsin bizə.
Şeirdən şeirə, ya sözdən sözə,
Sətirdən sətirə sevirəm səni.
Sağalmaz xəstənin zalım həkimi!
Mən sənə yazdığım hər şeirimi,
Başlaya-başlaya sevdiyim kimi,
Bitirə-bitirə sevirəm səni.
Getmisən, ürəyim dönübsə külə,
Bu yalqız aşiğin çox çətin gülə.
Dərdə yoldaş olub, sevinci çölə,
Ötürə-ötürə sevirəm səni.
Yolumuz açıqdır, yoxsa bağlımı?
Vaxtsız yorulmağım kəsir bağrımı.
Vaxt, zaman ötdükcə bu kəm ağlımı,
İtirə-itirə sevirəm səni.
Kaş ki, çin çıxaydı bütün yuxular.
Məhv olub gedərdi, bütün qorxular.
Səni xatırladır bütün qoxular,
Ətirdən-ətirə sevirəm səni.
Sözündə durmadın, dalsaq dərinə.
Gəl, əzab verməyək biri-birinə.
Verdiyim sözləri bir-bir yerinə,
Yetirə-yetirə sevirəm səni...
#Xəyalİsazadə







