Kəlbəcər yenidən qurulur və inkişaf edir - TƏHLİL
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Kəlbəcər regionun ən gözəl, müasir rayonuna çevirilir
İşğaldan azad edilən ərazilərdə geniş miqyaslı quruculuq, abadlıq, təmir tikinti işləri həyata keçirilir. İnsanlar yenidən qurulan doğma yurdlarına qayıdırlar. İndiyədək işğaldan azad olunmuş ərazilərdə 8517 nəfərin (2228 ailə) daimi məskunlaşması təmin edilib. 2022-ci ilin 19 iyul tarixindən başlayan köç karvanı ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə yola düşüb. İlk köç karvanı 53 nəfərdən (10 ailə) ibarət olub və onlar müharibənin bitməsindən cəmi 1 il 8 ay sonra (616 gün) öz doğma torpaqlarına yenidən daimi yaşamaq üçün qayıdıblar. Azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərinin sürətlə davam etməsinin nəticəsidir ki, 2024-cü ilin III rübündə daha 755 nəfər (231 ailə) öz doğma torpaqlarına geri qayıdıb. Qarabağımızın incisi, Türk dünyasının “mədəniyyət paytaxtı” olan Şuşa şəhərinə 2024-cü ilin 9 may tarixində 88 şuşalının (20 ailənin) köçürülməsi təmin edilib. Hazırda Şuşada 204 ailə və ya 763 nəfər məskunlaşıb. 2025-ci ilin 6 ayı ərazində işğaldan azad edilən ərazilərə ümumilikdə 43 minə yaxın insan köçürülüb və əhalinin məskunlaşması davam edir. Qısa müddət ərzində Şuşa, Füzuli, Laçın, Xocalı şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərinin sakinləri öz doğma evlərinə qayıdıblar. Əminliklə demək olar ki, çox qısa müddətdə əhali öz doğma yurdlarında məskunlaşacaqlar. Bununla da Azərbaycan Qarabağı işğaldan azad etməklə qələbə zəfəri yazdığı kimi quruculuq və abadlıq, təmir, tikinti işlərini uğurla həyata keçirməklə yeni bir tarix yazacaq. Təbii ki, bu möhtəşəm tarixin əsas müəllifi Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevdir. Məhz Onun tapşırığı əsasında işğaldan azad edilən ərazilərdə yeni-yeni uğurlu layihələr icra olunur. Bu layihələrin gedişi ilə mütəmadi tanış olan Prezident İlham Əliyev onların açılışlarında da iştirak edir. Kəlbəcərdə bir sıra obyektlərin açılışında iştirak edən Prezidentimiz İlham Əliyev həm də doğma yurd-yuvalarına qayıdan kəlbəcərlilərlə görüşərək, onlarla səmimi söhbətlər etmiş, fotolara çəkdirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq Kəlbəcər rayonunda 8,6 meqavatlıq “Aşağı Vəng” və 8,8 meqavatlıq “Nadirxanlı” kiçik su elektrik stansiyaları tikilib. Bu stansiyaları su ilə təmin etmək üçün Lev çayının Tərtər çayına qovuşmasından sonra baş suqəbuledici, eyni zamanda, Tutqu çayının Tərtər çayına qovuşan hissəsində ikinci suqəbuledici yaradılıb. Kaskad su elektrik stansiyaları silsiləsinə daxil olan bu stansiyalar üçün çətin relyefdə ümumilikdə 9300 metr uzunluğunda derivasiya borusu çəkilib. Çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğularla təchiz olunan suqəbuledicilərdə bütün ekoloji normalara riayət edilib. Hər iki stansiyada quraşdırılmış hidroaqreqatlar zərərli maddələrin suya qarışmasının qarşısını almaqla yanaşı, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən suyu aşağı axarda yenidən çaya qaytarır. Müasir avadanlıqlarla təchiz edilmiş stansiyalar ölkə enerji sisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya olunub. Burada istehsal edilən ekoloji təmiz yaşıl enerji ilə təxminən 25 min nəfər elektrik enerjisi ilə təmin olunacaq.“Aşağı Vəng” və “Nadirxanlı” stansiyalarında il ərzində 48 milyon kilovat-saat elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Qənaət edilən təbii qazın həcmi 12,5 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 23 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Kəlbəcər rayonunun 8 nəfər sakini stansiyalarda işlə təmin olunub. “Çaykənd” kiçik su elektrik stansiyasının isə gücü 5 MVt-dır. Bu, “AzərEnerji” tərəfindən Kəlbəcərdə istismara verilən sayca on birinci yaşıl enerji obyektidir. Stansiya ölkənin ən böyük bolsulu çaylarından birinin - Tərtər çayının üzərində yeni yaradılmış baş suqəbuledicidən 8 min 500 metrlik derivasiya borusu ilə gələn su ilə təchiz olunur. Təxminən 7 min nəfəri ekoloji təmiz yaşıl enerji ilə təmin edəcək stansiyada “ətraf mühitə dost texnologiyalar” tətbiq ediləcək. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması ilə yanaşı, stansiyaya Bakıdan nəzarət etmək də mümkün olacaq. Stansiyanın enerjisistemə inteqrasiyası üçün 5 kilometr uzunluğunda 10 kV-luq elektrik xətti çəkilib. Stansiya ölkə enerjisisteminin mərkəzləşdirilmiş SCADA sisteminə inteqrasiya edilib. Stansiyada il ərzində 15 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 3.2 milyon kubmetr təbii qaza qənaət edilməsi və 6 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması nəzərdə tutulur. Burada 4 nəfər Kəlbəcər sakini işlə təmin olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Kəlbəcər rayonunda yerləşən “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışı edilib. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar. Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını edib.
Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Görüşdə Prezidentimiz İlham Əliyev bildirib ki, bu gün tarixi bir gündür, doğma Vətənə, doğma şəhərə 32 ildən sonra qayıdırsınız və bu münasibətlə sizi ürəkdən təbrik edirəm: “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”.
Kəlbəcər şəhəri indi dünyanın ən gözəl şəhərlərindəndir
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə onu da bildirib ki, dövlət sizin üçün burada gözəl şərait yaradıb : “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Siz artıq birinci yaşayış kompleksində evlərlə təmin olunursunuz, amma inşaat işləri bununla bitmir. Bu gün təməlini qoyduğum növbəti yaşayış komplekslərində yaxın gələcəkdə sizin qohumlarınız, dostlarınız gəlib yerləşəcək. Birinci mərhələdə “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilibdir. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar.Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub”.
Prezident İlham Əliyev Ermənistanla imzalanması nəzərdə tutulan sülh müqaviləsindən danışarkən qeyd edib ki, sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür: “Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq. Artıq Ermənistan bu öhdəliyi də üzərinə götürmüşdür və ümid edirəm ki, yaxın bir neçə il ərzində biz qatarlarla və avtomobillərlə Azərbaycanın əsas hissəsindən Naxçıvana gedə biləcəyik. Eyni zamanda, bu, təkcə Azərbaycanın iki hissəsini bir-biri ilə birləşdirməyəcək. Bu, eyni zamanda, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək. İndi Azərbaycan ərazisindən bir neçə nəqliyyat dəhlizi keçir və bu, əlbəttə ki, ölkəmizin önəmini artırır. Bir dəhliz də məhz bu istiqamət üzrə gedəcək. Artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq. Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.
Fateh Sərkərdə, Ali Baş Komadan İlham Əliyev görüşdə onu da qeyd etmişdir ki, lAzərbaycan xalqı ən yüksək beynəlxalq müstəvidə öz böyüklüyünü bir daha göstərmişdir: “Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı nəticəsində yaratdığımız yeni reallıqlar dünya tərəfindən qəbul edildi. Bu da çox vacib idi. Çünki Vətən müharibəsindən və xüsusilə 2023-cü ilin sentyabr əməliyyatından sonra Ermənistanın havadarları, müxtəlif ölkələr və dairələr bizə qarşı kampaniyaya başlamışdılar. Azərbaycanı cəzalandırmaq, Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və digər səylər göz önündə idi. Düzdür, onların heç biri həyata keçmədi. Bizim kifayət qədər güclü tərəfdaşlarımız var və beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz hər zaman ədalətli mövqe kimi qəbul olunub. Çünki biz öz torpağımızda müharibə aparmışıq. Bəzi başqa ölkələr kimi heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu”.







