Virtual xuliqanlıq "bahalaşacaq" - Bəs nəticə olacaq?
Sosial platformalarda hər dəqiqə kimsə böhtan və təhdidlərin qurbanına çevrilir. Mənəviyyata, əxlaqa zidd videolar yayılır, çağırışlar edilir. Sosial şəbəkələr bəzi adamların təhqir və söyüşlərini ünvana çatdırmaq üçün münbit tribunaya çevrilib. Bunun qarşısını almağa kömək edəcək optimal mexanizm illərdir ki axtarılır. Təəssüf ki, hər dəfə gündəmə gələn bu aktual məsələ az sonra heç nə olmamış kimi unudulur.
Bu günlərdə Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinin "Xırda xuliqanlıq” maddəsinə yeni hissələrin əlavə olunması ilə bağlı səslənən təkliflər isə problemi yenidən gündəmə gətirib. Təklifə görə, sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsinə görə cərimə və cəzalar müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər reallaşarsa, söyüş, təhqir, kobud jestlər, bədən hissələrinin əxlaqa zidd formada nümayişi və s kimi hallara görə 500 -1000 manat aralığında cərimə və ya 30 günədək inzibati həbs həyata keçiriləcək. "Xırda xuliqanlıq” kateqoriyasına aid ediləcək xoşagəlməz, lakin etik sərhədləri pozan hallara görə 50–100 manat cərimə və ya 15 günədək inzibati həbs tətbiq olunacaq.
Bəs yeni qaydalar qüvvəyə mindikdən sonra sosial şəbəkələrdəki mövcud mənzərə dəyişəcəkmi?
"Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri, media eksperti Müşfiq Ələsgərlinin sözlərinə görə, Azərbaycan qanunvericiliyinin mövcud variantlarında sosial şəbəkələrdə etik norma və mənəvi-mədəni dəyərlərə zidd olan paylaşımlar üzrə məsuliyyəti müəyyən edən maddələr pərakəndə haldadır. Məsələn, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-cü maddəsi qanunlarla məhdudlaşdırlan məlumatların onlayn informasiya resurslarında yerləşdirilməsini qadağan edir:
"Bu müddəanın tam olaraq açılması üçün digər qanunlara müraciət etmək lazım gəlir. Yəni, bu maddənin işləməsi üçün əvvəlcə digər qanunları nəzərdən keçirmək, hansı məlumatların yayımının qanunla məhdudlaşdırıldığını bilmək lazımdır. Sosial şəbəkə istifadəçiləri isə bu cür araşdırmanı və məntiqi uzlaşdırmanı heç vaxt etmirlər. Nəticə olaraq, öz paylaşımlarında çoxsaylı qanun pozuntularına yol verirlər”. M.Ələsgərli bildirir ki, Milli Məclisdə indi irəli sürülən təkliflər internet informasiya resurslarında "ictimai mənəviyyata, milli-mənəvi dəyərlərə zidd”, "cəmiyyətə açıqca hörmətsizlik” ehtiva edən paylaşımların hansı hüquqi məsuliyyət yaratdığı barədə təsəvvürləri konkretləşdirir: "İndi hər kəsə aydın olacaq ki, bu cür pozuntulara yol vermək inzibati xətaya çevrilir, hüquqi məsuliyyət yaradır”. İB sədrinin sözlərinə görə, təkliflər cinayət məsuliyyəti yaratmayan, yəni zor, fiziki təzyiq və ya mülkiyyətə ziyanla müşayiət edilməyən, inzibati tənbeh tələb edən halları nəzərdə tutur: "Bu təşəbbüs interneti "boz zona” hesab edən, etik və mənəvi normaları pozanları məsuliyyətli davranışa sövq etməyə yönəlib”.







