Molla Nəsrəddin lətifələri
Bir gün yenə də yolda eşşəyin tərsliyi tutur. Molla nə qədər döyür, nə qədər bizləyirsə, ayaqlarını götürmür ki, götürmür. Molla evə gəlib
arvada tapşırır:
– Arvad, o mənim atamı yandırıb. Gərək düz bir ay onu ac saxlayam.
Saman-zad versən, özün bil!
Arvad danlayır ki:
– A kişi, dəli olma! Eşşəyi ac saxlarsan ölər.
Qərəz... Bir çox dəlayildən sonra axır ki, Molla yumşalıb deyir:
– Yaxşı, arvad, apar saman ver, amma bilməsin ki, mən icazə vermişəm
ha... Ayağı yer alar.
Mollanın yaxın dostlarından biri kənddən ona qonaq gəlir. Həyətə
gircək, başlayır eşşəyi döyməyə ki:
– Çor dəysin sənə! Hər nə yüklədimsə gətirmədin. Məni əziz dostumun
yanında xəcalət elədin.
Molla deyir:
– Döymə! Onsuz da kənddən bizə heç bir şey gətirmədiyi kimi,
bizdən də kəndə heç bir şey apara bilməyəcək.
Deyirlər ki, Mollanın bir yaxşı, südlü inəyi var imiş. Günlərin
birində, necə olursa, inək azarlayıb ölür. Molla o qədər ağlayır ki, olur
lap dəli-divanə. Qonşular baxırlar ki, bir ay bundan qabaq arvadı öləndə
heç Molla bu qədər qəm-qüssə eləməmişdi. Amma indi inəyi ölüb
deyə nə özünü bilir, nə sözünü. Axırda biri Molladan soruşur:
– Ay Molla, heç arvadının ölməyi sənə belə əsər eləmədi. Bu necə
işdi?
Molla deyir:
– Arvadım öləndə kəndin hamısı yasa gəlib mənə dil-ağız eləyib,
hərə bir cür təsəlli verirdi ki, "qorxma, sənə ondan da yaxşı arvad alarıq",
mənim də dərdim azalırdı. Amma budu, iki gündü inəyim ölüb,
bir nəfər gəlib demir ki: "qorxma, sənə ondan da yaxşı inək alarıq".
Ağlamayım nə eləyim?







