Hazır yeməkləri soyuducuda nə qədər təhlükəsiz saxlamaq olar
Vaxta qənaət etmək üçün əvvəlcədən yemək hazırlamaq geniş yayılıb, lakin düzgün saxlanma qaydalarına əməl edilmədikdə bu, sağlamlıq üçün risk yarada bilər. Loading.az BB.LV saytına istinadla xəbər verir ki, həkim-infeksionist hazır qidaların soyuducuda saxlanma müddətini açıqlayıb.
Mütəxəssis bildirir ki, tərəvəz və meyvələr, eləcə də bişmiş tərəvəzlər nisbətən təhlükəsiz qidalar hesab olunur və adətən 3-5 gün, bəzi hallarda isə 7 günə qədər saxlanıla bilər. Paxlalılar daha uzun müddət – təxminən 10 günədək dözə bilir. Taxıl məhsulları, makaron və sıyıqlar isə 3 gün ərzində təhlükəsiz qalır. Şorba və ətli yeməklər düzgün temperaturda (5°C-dən aşağı) 4-5 gün saxlanıla bilər.
Daha həssas məhsullara xüsusi diqqət yetirilməlidir. Ət və toyuq yeməkləri 3-4 gün, yumurta və onun əsasında hazırlanan salatlar isə 1-2 gün ərzində istehlak olunmalıdır. Dəniz məhsulları və balıq maksimum 2-3 gün saxlanmalıdır. Restoran və kafelərdən alınan hazır yeməklər üçün isə ən təhlükəsiz yanaşma onları 24 saat ərzində istifadə etməkdir. Qaydalara riayət etmək qida zəhərlənməsinin qarşısını almaqda mühüm rol oynayır.







