ice berg

ice berg Evlilik 3-04-2026, 10:00

"Nişan pozulması uğursuzluq deyil, uyğunsuzluğu vaxtında fərqinə varmaqdır" - PSİXOLOQ

"Nişan pozulması uğursuzluq deyil, uyğunsuzluğu vaxtında fərqinə varmaqdır" - PSİXOLOQ

"Müasir dünyamızda təəssüf ki, bu mövzu hələ də sosial-psixoloji problemli məsələ kimi davam edir. Azərbaycanda nişanlılıq iki insan arasındakı münasibət deyil, sanki "ictimai müqavilə" kimi qəbul olunur. Nişan pozulduqda, oğlan tərəf heç narahat olmadığı təqdirdə belə, sanki "uğursuz, qüsurlu, kiminsə artığı" kimi sözlər qız tərəfə yapışır".

Bu sözləri psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, əslində, bu evlilik öncəsi gənclərin bir-birini tanıma mərhələsi olsa da, nişan qayıdanda cəmiyyətin reaksiyası, xüsusilə xanımın özünə baxışı zədələnir:

"Güvən problemi, həddindən artıq ehtiyatlılıq və ya tez bağlanıb tez də qırılma kimi travmatik hallar baş verir. Özünü ətrafa sübut etmək ehtiyacı duyduğundan, uyğun olmayan münasibətlərə belə daxil ola bilir. Bu isə zamanla daha dərin psixoloji yorğunluğa səbəb olur.

Niyə bizim cəmiyyətdə nişan qaytarılması ağır qarşılanır? Dəfələrlə qeyd etmişəm, bir daha təkrar edirəm: bizim cəmiyyətdə fərdin fikri yox, qrupun fikri önəmli hesab olunur. Camaat nə deyər? Ailəli olmaq fikri insanın şəxsi xoşbəxtliyindən daha vacibdir və nişan nədənsə yarıevlilik kimi qəbul olunur.

Bunun kök səbəbi nədir? Siz vəzifəyə təyin olunan hər hansı subay dövlət məmuruna heç rast gəlmisiniz? Artıq orta yaşlarda boşananlar ola bilər, amma məhz vəzifəyə subay məmur təyin olunmur. Bu, rəsmi olaraq heç yerdə qeyd olunmasa da, evli dövlət məmuru cəmiyyətə daha "sabit" və daha "məsuliyyətli" kimi görünür.

Bu isə o deməkdir ki, dövlət məmurları "nümunəvi ailə adamı" obrazını cəmiyyətə bir "imic" kimi göstərir, dəyərli olduğunu nümayiş etdirir, subay adamı isə arxa planda "uğursuz" kimi təqdim edir. Bu müşahidə olunan qeyri-rəsmi tendensiya psixoloji stereotiplərə xidmət edir. Çünki subaylıq həm də bir növ azad seçim deməkdir.

Amma Azərbaycan cəmiyyətində kollektivin dəyər anlayışı fərdi azadlıqdan daha önəmlidir. Buna görə də ailələrdə "azad" və "sərbəst" sözü qəribə qarşılanır. "Mən azad və ya sərbəst yaşamaq istəyirəm" - deyəndə qohum, qonşu cəmiyyət səni əxlaqsız kimi görməyə başlayır. Yəni, fərdin öz bildiyi və istədiyi kimi yaşamaq və şəxsi qərarlarını vermək hüququ birmənalı qarşılanmır. Ölkədə guya azadlıq var, amma sosial çərçivədə. Yəni Azərbaycanda azadlıq anlayışı tam yoxdur, sadəcə fərqli formada yaşanılır. Nişan məsələsinə gəldikdə isə, nişan pozulması uğursuzluq deyil, uyğunsuzluğu vaxtında fərqinə varmaqdır".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
195 152 164 154 168 144

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.