İbrətamiz hekayə (lV)
Günlərin birində bir sözgəzdirən Həsən Bəsriyə yaxınlaşıb dedi ki, filankəs sənin dalınca danışırdı, Barəndə pis-pis sözlər söyləyirdi. Hətta çox pis söyüş də söydü.
Həsən Bəsri soruşdu:
-Sən onu harada gördün?
Sözgəzdirən dedi:
-Öz evində. Günorta məni evinə qonaq çağırdı, doyunca yedirtdi, içirtdi və bu sözləri dedi.
Həsən Bəsri qəzəbləndi:
-Sən nə alçaq və namərd adam imişsən! Adam səni evinə qonaq çağırıb, qulluğunda durub, yedirib-içirib. Ürəyini sənə açıb, sənsə onun çörəyini qarnında saxladığın kimi onun sözünü ürəyində saxlaya bilmirsən. İndi qulaqlarını yaxşı-yaxşı aç və eşit! Birincisi, dediyin adamdan heç vaxt şikayətçi olmaram, ikincisi, qəlbimdə ona qarşı heç vaxt kin saxlamaram, üçüncüsü, nə bu dünyada, nə də o biri dünyada ona düşmən olmaram, dördüncüsü onunla böyük məmnuniyyətlə bir yerdə cənnətə girərəm. Sənə isə məsləhətim budur, dərhal yanına get, ondan üzr və halallıq istə!






