"Ayrıldıq
Deyirdik ki, ayrılmarıq heç zaman,
Zaman gəldi, dolanmadıq, ayrıldıq.
Utanardıq ayrılıqdan söz olsa,
Ayrılanda utanmadıq, ayrıldıq.
Bir gecəydi danışırdıq, müxtəsər,
İstəyirdik açılmasın heç səhər,
Deyirdik kaş, zaman dursun bir qədər,
Zaman durdu, dayanmadıq, ayrıldıq.
Nə deyim ki, uzun sözün qısası,
Heç bilmirdik nə cür olar sonrası,
Adımıza söz çıxmadı əsası,
Evlənmədik, boşanmadıq, ayrıldıq.
Əvvəl inam qazansaq da, nə xeyri?
Birgə gəzib, dolansaq da, nə xeyri?
Sevgimizə inansaq da, nə xeyri?
Sözümüzə inanmadıq, ayrıldıq...
Mirələm Məmmədov






