O vaxtı
Yadındamı, bitirmişdik məktəbi,
Məhlənizə dadanmışdım o vaxtı.
Baksovetdən gül almışdım səninçün,
İlk pulumu qazanmışdım o vaxtı.
Yadındamı, univermağın tinində
Yükün aldım ananın da, sənin də.
Yıxılmışdım, dəmir yolun keçəndə,
Sizə qədər utanmışdım o vaxtı.
Yadındamı, leysan yağış yağan gün,
Elçilərin üzüyünü taxan gün?
Yadındamı, sən ağ günə çıxan gün,
Qaranlığa qapanmışdım o vaxtı...
Nə biləydim qəlbində var özgəsi,
Deyirdilər, dinləmirdim heç kəsi.
Andım idi dilimdə "sən" kəlməsi,
İmanıma inanmışdım o vaxtı.






