Bilirsən mən əvvəl yağış olmuşam?
Bilirsən mən əvvəl yağış olmuşam?
Səmadan tökülüb ürəyim yerə
Sən o gün ovcunu göyə açmısan
Biraz həsrət qalıb kürəyim yerə
Torpağa çatmamış göyü atmamış
İlk mənə toxunan əllərin olub
Öpüb barmağının hər dənəsindən
Sonra da ürəyim güllərin olub
Beləcə başlayıb darıxmağımız
Güllərin qoxusu açmayıb məni
Sürünüb torpağa can atmışam ki
Gəzim yer üzünü axtarım səni
Atmışam özümü dənizə çaya
Bax belə yolunda qocalmışam mən
Əlinə bir daha toxunmaq üçün
Yenidən göylərə ucalmışam mən
Zamiq Kövsəri.







