2026-cı ilin payızının ən diqqətçəkən 5 ətri
Payız isti, zəngin və çoxqatlı ətirlərin daha yaxşı hiss olunduğu fəsillərdən biridir. Sərin havada belə kompozisiyalar daha ifadəli açılır, qalıcı şleyfi isə obrazın əsas detallarından birinə çevrilə bilər.
Loading.az bu 5 ətiri təqdim edir:
2026-cı ilin payız mövsümü üçün fərqli xarakterə malik beş ətir diqqət çəkir. Onların hər biri isti, şirin, ədviyyəli və dərin notları ilə seçilir.
Balenciaga Amber Crush
“Balenciaga Amber Crush” sərin payız havasına uyğun zəngin və çoxqatlı kompozisiyaya malikdir. Ətrin tərkibində buxur, likör, səndəl ağacı, gavalı, qatran və müxtəlif ədviyyat notları birləşir. Bu qarışım ətirə isti xarakter verir və nəzərəçarpan şleyf yaradır.
Gucci Ambrosia del Deserto
“Gucci Ambrosia del Deserto” qırmızı portağal notu ilə başlayır. Bu nota kompozisiyaya canlı sitrus təravəti verir. Daha sonra şəkərlənmiş xurmanın şirin və dolğun qoxusu hiss olunur.
Ətrin son qatında isə məxməri qızılgül və torpaq çalarları verən paçuli yer alır. Təravətli üst not, şirin ürək və zəngin baza bu ətrin payızda daha maraqlı açılmasına imkan verir.
Jean Paul Gaultier Cuir 1976
“Jean Paul Gaultier Cuir 1976” əsasən üç not ətrafında qurulub. Kompozisiyanın üst notunda portağal çiçəyi, ürəyində şabalıd, bazasında isə dəri akkordu hiss olunur. Bu kombinasiya ətrə güclü xarakter verir və nəzərəçarpan şleyf yaradır.
Jean Paul Gaultier Musc Terrible
Siyahıda “Jean Paul Gaultier” brendinin daha bir ətri - “Musc Terrible” də yer alır. Ətrin başlanğıcında çəhrayı istiot və darçın hiss olunur. Ürək notlarında ənbər və yemişan, baza hissəsində isə müşk, vanil, şəkər, labdanum, tonka paxlası və paçuli yer alır.
Notların çoxluğu bu ətri zəngin və çoxqatlı edir. Məhz buna görə də sərin havada daha ifadəli açılır.
Pills Perfumes London Rain
“Pills Perfumes London Rain” daha qeyri-adi kompozisiyası ilə seçilir. Üst notlarda kakao, ozon akkordları və nanə, ürək hissəsində yenidən kakao ilə yanaşı geosmin və jasmin hiss olunur. Baza isə vanil və müşkdən ibarətdir. Nəticədə ətrin qoxusunda eyni anda həm təravətli, həm havalı, həm də şirin çalarlar duyulur. Bu beş ətir 2026-cı ilin payızında daha dolğun və ifadəli qoxuları sevənlər üçün maraqlı seçim hesab olunur. İsti, şirin və ədviyyəli notlar parfümü sadəcə obrazı tamamlayan detal deyil, onun əsas hissələrindən birinə çevirə bilər.







