Rusiya-Ukrayna arasında PUA hücumlarının azərbaycanlı qurbanları
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi 2026-cı ildə PUA hücumları nəticəsində azərbaycanlılar arasında da itkilər qeydə alınıb.
Duz.az xəbər verir ki, açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, il ərzində müxtəlif tarixlərdə Azərbaycan vətəndaşları, eləcə də Azərbaycan əsilli şəxslər PUA hücumlarının qurbanı olublar.
İyunun 5-də Azov dənizində “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumu nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub. İlkin məlumatda 5 Azərbaycan vətəndaşının öldüyü bildirilsə də, sonradan Azərbaycan Xarici İşlər Nazirliyi ölənlərin sayının 4 olduğunu açıqlayıb. Onların nəşləri iyunun 10-da Azərbaycana gətirilib.
İyulun 14-də Odessa sahillərində “Atlas Bey” mülki ticarət gəmisinə dron hücumu zamanı gəminin azərbaycanlı kapitanı Səməd Nəsrullayev həlak olub. Onun nəşi daha sonra aşkarlanaraq Odessaya gətirilib.
İyulun 1-də Ukraynanın Sumı vilayətində əslən Beyləqandan olan Elmar Əliyev Rusiya ordusuna məxsus dronun zərbəsi nəticəsində həyatını itirib. O, Ukrayna vətəndaşı olub.
Sentyabrda isə azərbaycanlı dənizçilərin olduğu “TEDY” gəmisinə Qara dənizdə dron hücumları nəticəsində Aslan Əliyev və Asim Qasımov həlak olublar. Digər iki azərbaycanlı dənizçi yaralanıb.
Həmin ay Krımda yük avtomobilinə PUA zərbəsi nəticəsində daha bir azərbaycanlı Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndindən olan Mahir Məmmədov da həyatını itirib.
Sentyabrın 23-də Ukraynanın Rusiya ərazisinə PUA hücumu nəticəsində Ucar rayonunun Boyat kəndində anadan olan Hüseyn Mussaliyev həlak olub.
Sentyabrın 27-də isə Kiyevə Rusiya tərəfindən həyata keçirilən dron hücumu zamanı Azərbaycan vətəndaşı Abbas Abbasov həlak olub. Onun nəşi Azərbaycana gətirilib və Kürdəmirdə dəfn olunub.
Eyni tarixlərdə Kiyevdə Azərbaycan əsilli Aşur Əkbərov da dron hücumunun qurbanı olub. O, Ukrayna vətəndaşı idi və uzun illər Kiyevdə yaşayıb.
Qeyd edək ki, bu rəqəm rəsmi vahid statistika deyil və açıq mənbələrdə yayılan məlumatlar əsasında hazırlanıb. Rusiya-Ukrayna müharibəsi zamanı azərbaycanlılar arasında PUA hücumları ilə yanaşı, hərbi əməliyyatlar nəticəsində də itkilər qeydə alınıb.







