ice berg

ice berg Münasibətlər Dünən, 21:00

Münasibətlərdə bağlanmanın 4 üzü

Münasibətlərdə bağlanmanın 4 üzü

Təhlükəsiz bağlanma: Sevgidə yaxınlıq, güvən və sağlam sərhədlər

“Münasibətlərdə bağlanmanın 4 üzü” silsiləsində təşvişli, qaçınan və qorxulu-qaçınan bağlanmadan danışdıq. Silsilənin sonuncu mövzusu isə təhlükəsiz bağlanmadır (Secure Attachment).

Bəzən təhlükəsiz bağlanma haqqında yanlış təsəvvür yaranır: guya belə insanlar qısqanmır, incimir, ayrılıqdan qorxmur və münasibətlərində problem yaşamırlar.

Əslində isə təhlükəsiz bağlanma qorxunun olmaması deyil, qorxu yarananda münasibəti dağıtmadan həmin hissi idarə edə bilmək qabiliyyətidir.

Təhlükəsiz bağlanan insan da sevdiyini itirməkdən qorxa, inciyə və qısqana bilər. Fərq ondadır ki, bu emosiyalar onun bütün münasibətini idarə etməyə başlamır.

“Gec cavab verdi — deməli, məni sevmir?”

Sadə bir nümunəyə baxaq.

Təsəvvür edək ki, sevdiyiniz insan adətən gün ərzində sizinlə əlaqə saxlayır. Bu gün isə beş-altı saatdır mesajınıza cavab vermir.

Təşvişli bağlanmada insan düşünə bilər:

“Görəsən nə olub? Məndən soyuyub? Niyə onlayn olub mənə yazmayıb?”

Və ard-arda mesajlar göndərə bilər.

Qaçınan bağlanmada insan özünü qorumaq üçün:

“Yazmırsa, mən də yazmayacağam. Mənim heç kimə ehtiyacım yoxdur” deyə bilər.

Qorxulu-qaçınan bağlanmada əvvəl narahatlıqla yaxınlaşa, cavab ala bilmədikdə isə birdən tamamilə geri çəkilə bilər:

“Onsuz da heç kimə güvənmək olmaz.”

Təhlükəsiz bağlanan insan isə narahat ola bilər, amma dərhal ən pis ssenarini həqiqət kimi qəbul etməz:

“Cavab verməməsi məndə narahatlıq yaratdı, amma bunun müxtəlif səbəbləri ola bilər. Danışanda soruşaram.”

Məhz bu fərq çox əhəmiyyətlidir: emosiyanı hiss etmək başqa şeydir, emosiyanın yaratdığı ilk düşüncəni fakt hesab etmək başqa.

Təhlükəsiz bağlanma “mənə heç kim lazım deyil” demək deyil

Psixoloji baxımdan sağlam müstəqillik heç kimə ehtiyac duymamaq deyil.

Təhlükəsiz bağlanan insan:

“Sənsiz yaşaya bilmərəm” demir.

Amma eyni zamanda:

“Mənə heç kim lazım deyil” mövqeyində də dayanmır.

Onun daxili mövqeyi daha çox belədir:

“Mən təkbaşına da bütöv bir insanam, amma səninlə emosional bağ qurmaqdan qorxmuram.”

Bu, psixoloji yetkinliyin mühüm göstəricilərindən biridir: yaxınlıq içində özünü itirməmək, müstəqillik içində isə emosional divar qurmamaq.

Mübahisə zamanı bağlanma üslubu özünü daha aydın göstərir

Münasibətin keyfiyyətini yalnız xoşbəxt günlərdə qiymətləndirmək düzgün deyil. İnsanların bağlanma strategiyaları xüsusilə konflikt, məsafə və qeyri-müəyyənlik zamanı daha aydın görünə bilər.

Məsələn, cütlük mübahisə edir.

Təşvişli bağlanan tərəf:

“İndi danışmalıyıq. Məni belə qoyub gedə bilməzsən!” deyə bilər.

Qaçınan tərəf:

“Mən bu barədə danışmaq istəmirəm” deyərək söhbəti tamamilə bağlaya bilər.

Təhlükəsiz bağlanan insan isə belə deyə bilər:

“Hazırda ikimiz də əsəbiyik. Bir az sakitləşək, amma bu mövzunu yarımçıq qoymayaq. Axşam danışaq.”

Bu cümlənin içində üç mühüm psixoloji bacarıq var: emosiyanın tənzimlənməsi, sərhəd qoymaq və münasibəti tərk etməmək.

Yəni “indi danışmağa hazır deyiləm” deyir, amma “səni və problemi yox sayıram” mesajı vermir.

Təhlükəsiz münasibətdə sevgi sübut tələb etmir

Təşvişli bağlanmada insan bəzən sevgini daim yoxlamaq istəyir:

“Məni nə qədər sevirsən?”

“Əvvəlki kimi sevirsən?”

“Məni itirsən darıxarsan?”

Təhlükəsiz bağlanmada isə sevginin hər gün imtahan verib özünü sübut etməsinə ehtiyac azalır. Çünki insan qarşı tərəfin davranışlarında ardıcıllıq və etibarlılıq görür.

Mənim müşahidələrimdə sağlam münasibətin ən qiymətli xüsusiyyətlərindən biri məhz budur: insan münasibətdə daim qarşı tərəfin sevgisini ölçməklə məşğul deyilsə, həmin sevgini yaşamağa daha çox emosional enerjisi qalır.

Sağlam sərhəd sevgisizlik deyil

Təhlükəsiz bağlanmanın mühüm xüsusiyyətlərindən biri də “yox” sözünü münasibətin sonu kimi qəbul etməməkdir.

Məsələn, qadın deyir:

“Bu axşam səninlə görüşmək istəyirəm.”

Partnyoru isə:

“Bu gün çox yorğunam, sabah görüşək” deyir.

Təşvişli bağlanmada bu cavab “məni görmək istəmir” kimi qəbul edilə bilər.

Qaçınan insan isə “yaxşı, onda ümumiyyətlə görüşməyək” deyərək emosional məsafə yarada bilər.

Təhlükəsiz bağlanan insan məyus olsa belə, qarşı tərəfin sərhədini şəxsi rədd edilmə kimi qəbul etməyə məcbur deyil.

Bu çox mühüm fərqdir:

“Mənim istəyimə yox deməyin mənə yox deməyin deyil.”

Sağlam münasibətdə iki insanın hər istəyinin eyni olması lazım deyil. Əsas məsələ fərqliliyin münasibət üçün təhlükəyə çevrilməməsidir.

Təhlükəsiz bağlanan insan qısqana bilərmi?

Əlbəttə.

Təhlükəsiz bağlanma insanı bütün mənfi emosiyalardan azad etmir.

Məsələn, insan partnyorunun başqa biri ilə həddindən artıq səmimi davranmasından narahat ola bilər. Ancaq dərhal telefonunu yoxlamaq, gizli araşdırma aparmaq və ya qarşı tərəfi cəzalandırmaq əvəzinə hissini ifadə edə bilər:

“Bu vəziyyət məni narahat etdi. Səni ittiham etmək istəmirəm, amma bunun haqqında danışmaq istəyirəm.”

Burada insan öz hissinə sahib çıxır: “Sən məni belə hiss etdirdin” əvəzinə “mən belə hiss etdim və bunu səninlə danışmaq istəyirəm.”

Bu, münasibətdə emosional məsuliyyətin vacib hissəsidir.

Təhlükəsiz bağlanma necə formalaşır?

Bağlanma nəzəriyyəsində uşağın ehtiyaclarına həssas, kifayət qədər ardıcıl və əlçatan cavab verilməsi təhlükəsiz bağlanmanın inkişafı üçün mühüm amillərdən biri hesab olunur.

Uşaq zamanla belə bir daxili model formalaşdıra bilər:

“Ehtiyacım olanda yaxınlıq axtara bilərəm. Qarşımdakı insan əlçatan ola bilər. Mənim hisslərim qəbul edilə bilər.”

Lakin təhlükəsiz bağlanmanı yalnız uşaqlıqla məhdudlaşdırmaq düzgün olmaz.

Yetkinlikdə yaşanan etibarlı münasibətlər, özünüdərk, emosional tənzimləmə bacarıqlarının inkişafı və psixoterapiya insanın daha təhlükəsiz bağlanma xüsusiyyətləri qazanmasına kömək edə bilər.

Yəni uşaqlıqda təşvişli və ya qaçınan xüsusiyyətlərin olması insanın ömür boyu eyni münasibət modelində qalacağı demək deyil.

Sağlam sevgi həmişə “həyəcanlı” görünməyə bilər

Psixoloq olaraq münasibətlərdə maraqlı hesab etdiyim başqa bir məqam da budur: uzun müddət qeyri-sabit münasibətlər yaşamış insan üçün təhlükəsiz münasibət başlanğıcda hətta “darıxdırıcı” görünə bilər.

Çünki burada daim:

“Yazacaqmı?”

“Gedəcəkmi?”

“Məni istəyirmi?”

“Bu gün niyə dəyişdi?”

kimi emosional yüksəliş və enişlər olmaya bilər.

İnsan bəzən narahatlığın yaratdığı adrenalini sevgi ilə səhv sala bilər.

Halbuki münasibətin sakit olması onun hisssiz olması demək deyil.

Bəzən sağlam sevgi gurultulu deyil.

Proqnozlaşdırılandır. Etibarlıdır. Ardıcıldır.

Sən gecə yatanda sabah həmin insanın münasibətinin tamamilə dəyişəcəyindən qorxmursan.

Mənim fikrimcə, emosional təhlükəsizliyin ən gözəl göstəricilərindən biri də budur.

Təhlükəsiz bağlanmanın əsas mesajı

Bu dörd bağlanma nümunəsini bir neçə cümlə ilə müqayisə etsək:

Təşvişli bağlanma deyir:

“Məni tərk etmə.”

Qaçınan bağlanma deyir:

“Mənə çox yaxınlaşma.”

Qorxulu-qaçınan bağlanma deyir:

“Məni tərk etmə, amma mənə çox yaxınlaşsan qorxaram.”

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
8 7 8 13 14 7

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Hörmətli Qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.