Bu səhər
📕 Məmməd Qədir - Bu səhər
Gördüm ki, şam keçir, qoymuram sönə,
Əsir dodaqlarım, döyülür sinə,
Oyandım ürəyin döyüntüsünə,
Ağrıyam, harayam, küyəm bu səhər, -
Kimdi pəncərəmi döyən bu səhər?
Döydükcə canıma ağrı gətirdi,
Yenə hicran əkdi, həsrət bitirdi,
Sirdaşım gecəni qətlə yetirdi,
Dərdli ürəyimə dəyən bu səhər, -
Kimdi pəncərəmi döyən bu səhər?
Ürəyim kövrəkmiş, qəlb yuxa çıxdı,
Baharı saraldı, yay yoxa çıxdı,
Ulduzlar əridi, Ay yoxa çıxdı,
Buludu ağlayan göyəm bu səhər, -
Kimdi pəncərəmi döyən bu səhər?
Yağdı, quraq bəxtin doldu çalası,
Dağ dərdim göyərdi, açdı lalası,
Allah axırını xeyrə calasın,
Ümid çicəkləyir, göyəm bu səhər,
Kimdi pəncərəmi döyən bu səhər?







