Bağlı gözlərini kim açar indi?!
📕 Məmməd İsmayıl - Bağlı gözlərini kim açar indi?!
Dünya da gözəldi...Ömür də gözəl,
Sinəni göynədən eşq sarı simdi.
Arxadan gözünü bağlayan bir əl
Hərdən soruşardı: tap görüm kimdi...
Ad sayıb çəkdiyin çilələr hədər
Tapmadın! Boynunda babalı qaldı.
Çəkilib getmədi üzündən əllər
O vaxtdan gözləri qapalı qaldın...
Vaxtı da unudar baxtı unudan,
Baxdı oyaq qalan yatmaya bilər.
Hardan biləsiydin gözünü tutan,
Axırda sözünü tutmaya bilər...
İnsanı azdıran insan ağlıdı,
Nədən qaçılsa da, bəxtdən qaçılmaz.
Hər şeyin bir yerə başı bağlıdı
Dərddən bu dünyanın başı açılmaz...
Gələcək ölümmüş illərin ardı
Sirr dedin, sirrin də yeri bilindi.
Qolun bağlı olsa, kimsə açardı,
Bağlı gözlərini kim açsın indi?!
Qışın çiləsindən üzü yazaydın,
Nəydi uduzduğun, udduğun onda.
Əlinə keçmişdi...buraxmasaydın,
Bəxtin qollarıymış tutduğun onda...
Nağıl quyusunun görünməz dibi
Kəsilən kəndiri ölüm-itimdi.
Axırda, nə əl var, nə əl sahibi
Nədə ki üç kəlmə: – Tap görüm kimdi!
Ümid – korun-korun sönəcək ocaq,
İçində səssizcə inləyən uddu...
Bağlayan bağladı gözünü, ancaq
Qayıdıb açmağı çoxdan unutdu..
Gör harda fürsəti verdin əlindən
Gözünü bağlayan korun bəxtimi?
Sən xoşbəxt olmadın dərdin əlində,
Bax sənə dərd verən dərd, xoşbəxtdimi?
https://t.me/seiralemii








