Ya ürək yerinə daş gəzdirəsən
Ya ürək yerinə daş gəzdirəsən,
umrunda olmaya insanlıq filan,
ya da dünya boyda ürək gəzdirib,
olasan dünyanın halına yanan.
Ya əclaf olasan,alçaq olasan,
yüz-yüz ürəkləri qırıb gedəsən,
ya da İNSAN olub İNSANLIQ deyib,
neçə təşəkkürlər alıb gedəsən.
Ya hisslər öldürən bir qatil olub,
neçə ümidləri məhv eləyəsən,
ya da ki hər kəsi,hamını sevib,
bu qədər sevməklə "səhv" eləyəsən.
Ya min-min ürəyi qurbanlıq seçib,
Hər günə bir ürək içi yeyəsən,
Ya da İNSANLIĞA qurbanlıq olub,
Bir ömür boyunca sevgi verəsən.
Ya səndə döyünən bir qarın ola,
Qarnını düşünən heyvan olasan.
Ya da ki çırpınan bir ÜRƏK olub,
Sevgiylə yaşayan İNSAN olasan.
Müəllif: Shamil Enveroğlu






