Sun.Az - Həyat Hekayəni Yarat
reklam
ADMiN

ADMiN Maraqlı 27-03-2017, 02:00

Transseksualizm: xəstəlik, yoxsa yeni həyat?

Transseksualizm: xəstəlik, yoxsa yeni həyat?
Sun.Az xəbər saytı



Azərbaycanda transseksuallar getdikcə çoxalır!

Elm və texnologiya inkişaf etdikcə insanların ətrafa və özünə müdaxilə formaları həm genişlənir, həm də inkişaf edir. Yer üzündə insan tükənmədikcə, insan ağlı dayanmadıqca, texnologiya daim irəliləyəcək, insan həmişə öndəki hədəfə çatmağa çalışacaq, təkamül prosesinə nöqtə qoyulmayacaq. İnsan indi az qala Yaradanla yarışır, oqarnizm üzərində cürbəcür əməliyyatlar aparır.

5-10 il öncə ürək, beyin cərrahiyyəsi bizə möcüzə kimi görünsə də günümüzdə bu cür əməliyyatlar sıradan hadisə kimi dəyərləndirilir. İndi nəinki daxili orqanların köçürülməsi, hətta insana yeni əl-ayaq, üz köçürülməsi də gerçəkləşdirilir. Təbii ki, bu cür əməliyyatların reallaşdırılması elmin inkişafı, insanlığın başarısıdır. Bəs plastik əməliyyatlar necə? Bəşəriyyət bu əməliyyatların gerçəkləşdirilməsindən bir şey əldə edirmi? Yaxud estetik əməliyyatlar hansı fəsadlara gətirib çıxara bilər? Bu yazımızda sözügedən məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Statistikaya görə plastik əməliyyatlar daha çox ABŞ-da həyata keçirilir. İl ərzində orta hesabla 14 milyon amerikalı plastik əməliyyat etdirir. Dövrümüzdə daha cox zərif cinsin nümayəndələrinin üstünlük verdiyi bu cür əməliyyatlardan ilk dəfə istifadə edənlər kişilər olub. Müharibə dövründə üzlərində çapıqlar olan kişilər bu üsulla qüsurlarını gizlətməyə çalışıblar. Elə bunun nəticəsində də müasir cərrahiyyənin yeni üsulları yaranıb.
Müasir dövrdə də estetik əməliyyatdan istifadə edən kişiləri sayı qadınlar qədər çoxdur. Güclü cinsin nümayəndələri daha çox burun formalarını dəyişdirmək, artıq piylərdən azad olmaq, üzlərindəki qırışları aradan qaldırmaq üçün estetik əməliyyata müraciət edirlər. Amma bu heç də kişilərin qadınlardan çox əməliyyat etdirdiyi anlamına gəlmir. Gözəllik üçün qadınlar qarşı cinsdən daha çox əməliyyat stoluna uzanırlar. Kişilər daha çox plastik əməliyyatın bir qədər fərqli və nadir növündən istifadə edirlər. Bu cinsiyyət dəyişdirmədir.

Cinsiyyətini dəyişdirənlər ��" Transseksuallar

Estetik-plastik əməliyyatların bir növü kimi bu gün dünyada cinsiyyyət dəyişdirmə kimi əməliyyatlar da reallaşdıılır. Daha çox kişilərin qadın olma istəyi üzərinə həyata keçirilən bu cür əməliyyatlar bir neçə il öncəsinə qədər bizim ölkəmizin hüdudlarından kənarda idi. Amma bu gün bizim insanımızın da istifadə etdiyi cinsiyyət dəyişmə əməliyyatları nədən artır?
Kimisində anadangəlmə, kimisində sonradan əmələ gəlmiş cins dəyişmək istəyi vaxt keçdikcə özünü büruzə verir. Dövrümüzdə belə hallar artıq adi hadisəyə çevrilib. Düzdür, bizim ölkəmizdə buna normal baxmırlar. Bu bizim mentalitetimizə yaddır. Ölkəmizdə barmaqla sayılacaq qədər transseksual var. Onlar da cəmiyyətin qınağına tuş gəlməmək üçün evdən bayıra çıxmırlar. Amma bu o demək deyil ki, bizim ölkəmizdə bu proses dayanıb.

Azərbaycanda transseksuallar getdikcə çoxalır!

Azərbaycanda cinsini dəyişdirmək üçün həkimə müraciət edənlərin sayı günü-gündən çoxalır. Daha çox kişilər qadın olmaq arzusundadır. Mütəxəssislər bildirir ki, qadının kişiyə çevrilməsi əməliyyatı daha ağırdır, nəinki kişinin qadına. Qadının kişiyə çevrilməsi üçün aparılan əməliyyat iki mərhələli olub 12 saat davam edir, birinci mərhələdə orqanın dəyişdirilməsi prosesi baş verir, ikinci mərhələdə isə protezlər yerləşdirilir. Kişini qadına çevirmək üçün edilən əməliyyat isə öncəki əməliyyatdan daha asandır. Bu əməliyyat 2-4 saat davam edir və bir mərhələli olaraq həyata keçirilir.

Elə insanlar da var ki, özünü həm kişi, həm də qadın kimi hesab edir. Bu cür insanlara ikicinsiyyətli deyirlər. Onlar iki cinsdən birini seçir, ya qadın olur, ya da kişi. Bu əməliyyatla həyata keçirilir.

Kişilər niyə qadın olmaq istəyir?

Fiziki baxımdan qadına xas özəlliklərə sahib, lakin cinsiyyətinə görə kişi olan insanlar transseksual adlanır. Bu əksinə də ola bilər, qadın olub özünü kişi kimi hiss edənlər də var. Tibb elminə görə əməliyyatla cinsini dəyişdirmiş transseksuallar artıq bu cür adlandırılmamalıdırlar, çünki artıq o olmaq istədiyi və özünü hiss etdiyi kimi olur. Belə insanlara “transseksual keçmişi olan” demək olar. İnsanlar anlamaq istəmirlər ki, bu bir növ xəstəlikdir, yəni özünü əməliyyatla qadın və ya kişi etdirən günahkar deyil.
Dünyada ilk cinsiyyət dəyişdirmə əməliyyatını amerikalı transseksual kişi Kristin Kongensen keçirib. Dini cəmiyyət bu əməliyyatı yaxşı qarşılamadı, xəstəxanalara təzyiq edildi, transseksuallar cərrahi əməliyyatlar üçün xaricə getmək məcburiyyətində qaldılar. Amerikada bu cür insanlara ruhi xəstə kimi baxırdılar, belə adamları elektroşokla müalicə edirdilər.

Bəs insanlar nədən bu yolu seçirlər? Niyə bəzi qadınlar kişi, bəzi kişilər qadın olmaq istəyir? Amerikalı alim Cozef Nikolos sübut etdi ki, transseksuallıq nə azğınlıq, nə şəxsi istək, nə də ruhi xəstəlikdir. Alim elmi işində sübut edib ki, bu, bir xəstəlikdir və bu cür insanlar anadan doğulanda bu xəstəliklə doğulur. Xəstəlik özünü gec və ya tez büruzə verə bilər.

Daha çox kişilərdə rast gəlinən cinsiyyət dəyişdirmə əməliyyatı ətraf mühit tərəfindən yaxşı qarşılanmır. Cəmiyyət səbəbini bilib-bilmədən ittiham etməyi sevir. Transseksuallara ona görə ruhi xəstə adını verirlər ki, onlar həqiqətən də bu duruma necə deyərlər “təhrik edilirlər”. Cəmiyyətin qınağına məruz qalan bu cür insanlar özlərini günahkar, narahat, tək, depressiv, çıxılmaz durumda və gərgin hiss edirlər.

Cinsini dəyişdirən məşhurlar

Qeyd edək ki, bu cür hadisələr Türkiyədə artıq adiləşib. Türkiyənin məşhur aktyoru, “Yaprak Dökümü” serialında Oğuz obrazını canlandıran Tolqa Karel bu günlərdə cəmiyyətin diqqəti önündədir. Aktyor uzun müddətdir ki, transseksual dostları ilə gecə klublarında görünür. Bu dəfə jurnalistlərə yaxalanan Tolqa yaxın günlərdə cinsini dəyişdirəcəyi barədə danışıb. “Mən qadın olmaq istəyirəm” deyən aktyor “cəmiyyət mənə heç nə deməyəcək” deyə bildirib.
Məhşur türk sənətçisi Bülent Ərsoy da əməliyyatla cinsiyyətini dəyişdirib. Əsl adı Bülənt Ərkoç olan bu sənətçi məhşurlaşdığı vaxt, 1970-ci illərdə görünüşünü sürətlə dəyişdi. Kişi olduğu halda səhnəyə qadın qiyafətlərində çıxmağa başladı. O illərdə bu hərəkət diqqəti cəlb etməyə bilməzdi, ona görə də bu müğənni sərt təpkilərlə qarşılaşdı.
1982-ci ildə Londonda keçirdiyi cinsiyyət dəyişdirmə əməliyyatı ilə qadın olan bu kişi-qadın müğənni indi də məhşur müğənnilər siyahısındadır. Bu əməliyyata sənətçi 40 min dollar ödəmişdi. O, kişi olduğu dövrə aid fotoşəkillərinin mətbuatda yayımlanmasından çox narahat olur. Vaxtilə kişi olduğunu unutmaq istəyən Bülənt Ersoy plastik əməliyyatlardan sonra cinsiyyətindən əlavə dərisinin rəngində, dodaqlarında, yanaqlarında, burnunda, qaşlarında və bir çox başqa yerlərində də dəyişikliklər etdirib.

Tanınmış müğənni Zəki Müren də öncə kişi olub, amma daha sonra cinsiyyətini əməliyyatla dəyişdirərək qadın olmağı seçib. Dövlətin qoyduğu qadağalara görə, bu durumda o səhnəyə qayıda bilməzdi. Çünki Türkiyə hökuməti transseksualların səhnədə görünməsinə icazə vermirdi. Birbaşa olaraq dövlət başçısı bu kimi hallara qadağa qoymuşdu. Maraqlıdır ki, bu qadağa Zəki Murenə aid edilmədi, o səhnəyə qayıtdı. Amma eyni münasibət Bülənt Ersoya göstərilmədi. Zəki Mürenlə eyni taleyi paylaşan, yəni onun kimi öncə kişi, daha sonra qadın olan Bülent Ersoy uzun müddət səhnədən uzaqlaşdırıldı.

Cinsini dəyişdirmə neçəyə başa gəlir?

Cinsiyyət dəyişmə əməliyyatı ölkəmizdə də həyata keçirilir. Azərbaycanda cinsin dəyişdirilməsi 15-30 min dollara başa gəlir. Eyni əməliyyat Türkiyədə 140 min dollardır. Yerli mütəxəssislər deyir ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər.

Plastik əməliyyatların təsirləri

Danılmazdır ki, estetik-plastik əməliyyatlar ölkəmizdə də bir çox xanımların həyatının ayrılmaz hissəsinə çevrilib. Elə xanımlar var ki, 2-3 ayda bir əməliyyat keçirir. Bir dəfə üzünü gərdirir, bir dəfə qaşlarını qaldırır, bir dəfə dodaqlarını şişirdir, başqa dəfəsində başqa bir yerini bıçaq altına verir. Maraqlıdır, qadınlar tez-tez keçirdikləri bu əməliyyatların sağlıq baxımından nə qədər zərərli olduğunu bilirmi?

Plastik cərrah Eldar İsmayılovun sözlərinə görə də, müraciətlər daha çox qadınlar tərəfindən edilir. “Üz dərisinin gərdirilməsi, qaşların qaldırılması, dodaqların formasının dəyişdirilməsi, piylərin götürülməsi bu əməliyyatlara daxildir. Əməliyyatların ağırlığı qiymətinə təsir edir, daha ağır əməliyyat sayılan liposaksiya- yəni qarın boşluğunundan piy qatının əməliyyatla götürülməsi 1700-2000 manata başa gəlir. Süd vəzisinin və dodaqlarının formasını dəyişdirmək istəyənlər də təxminən 1500-1700 manat xərcləməlidirlər. Plastik əməliyyatlar içərisində ən ucuzu burun və qulaqların əməliyyatıdır, bu əməliyyatı keçirmək istəyənlər 500-600 manat ödəməli olurlar”.

Bir az araşdırma etsə, hər bir xanım həvəslə etdirdiyi bu əməliyyatların orqanizmə vurduğu dəhşətli zərərlərdən asanlıqla xəbərdar ola bilər. Çox cərrahi müdaxiləyə məruz qalan bir çox xanımlar var ki, gözəl olmaq yerinə donuq və şeytani baxışlara sahib olur. Üz dərisini gərdirən xanımlarda mimik işarələr bir daha olmur, qısası, üz-göz hərəkəti edə bilmir. Nəticədə donuq və ifadəsiz sifət quruluşu əmələ gəlir ki bu ətrafdakılara heç də xoş təsir bağışlamır.

Plastik əməliyyatlarla ən çox nə dəyişdirilir?

Cərrah Aida Səfiyevanın dediyinə görə, ölkəmizdə xanımlar ən çox qaş qaldırma, dodaq böyütmə kimi əməliyyatdan istifadə edirlər. Mütəxəssis deyir ki, qaş əməliyyatı zamanı qaşlar ən çoxu 3 millimetr qaldırıla bilər. “Pasiyentlərə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar qaşlarının ən az 5 millimetr qaldırılmasını istəyir. Üz gərdirmə əməliyyatı zamanı ən azı 10 yaş cavanlaşma müşahidə edilir, 50 yaşında bir xanım bu əməliyyatı keçirsə 40 yaşlı xanım kimi görünə bilər. Amma heç kim pis hadisədən sığortalanmayıb, əməliyyatın uğurlu keçəcəyinə heç kim zəmanət vermir. Cavanlaşmaq həvəsində olan xanım bir daha gülə, ağlaya, üzünü hərəkət etdirməyə də bilər” - mütəxəssis deyir.

Ölümlə “gözəllik” rəqsi

Gözəlləşməyə çalışan bəzi pasiyentlər öz qərarları ilə ölümlərinə qol çəkmiş olurlar. Ölüm hadisəsi daha çox liposaksiya əməliyyatı zamanı başa verə bilər. Heç kimə sirr deyil, Azərbaycanda belə hadisələr baş verir. Unudulmaz xanəndə, əməkdar artist Nəzakət Məmmədova da bu əməliyyatların qurbanı oldu. Xanım müğənni boğazında və üz nahiyəsindəki qırışların aradan qaldırılması üçün keçirdiyi əməliyyatdan sağ çıxmadı.
Reyhan Müslümovanın adı çoxunuza tanışdır, gözəl və məlahətli daha bir xanım müğənnimiz. Artıq çəkidən əziyyət çəkən müğənni çarəni plastik əməliyyatda görür. Müğənni xanım diabet xəstəsi olduğundan həkimlər əməliyyata razılıq vermir. Nəhayət pul üçün bu məsuliyyəti boynuna götürən tapılır. 2002-ci ilin mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçi əməliyyatdan sonra komaya düşür. Onu əməliyyat edən cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır.

Bunlar ictimaiyyətin gözü önündə baş verənlərdir. Bilmək olmaz, hər il ölkəmizdə nə qədər insan gözəlləşmək əvəzinə ölümlə salamlaşmalı olur.
Məhşur rus aktyorları Lyubov Polişuk, Anna Samoxina, Oleq Yankovski və Aleksandr Abdulov da gözəllik və cavanlıq üçün istifadə etdikləri vasitələrin zərərindən vəfat ediblər.
Məhşur pop kralı Maykl Cekson keçirdiyi əməliyyatlar isə bütün dünyanın diqqət mərkəzində idi. Qaradərili Maykl ən böyük arzusunu gerçəkləşdirdi- dərisinin rəngini dəyişdirdi. 500 min dollarlıq əməliyyat onun istədiyi kimi sonuçlanmadı. Ağdərili olmağı xoşbəxtlik hesab edən pop ulduz bundan sonra müxtəlif əməliyyatlar keçirdi. Popçunun keçirdiyi əməliyyatların sayı dəqiq bilinməsə də, təkcə burnundan 10 dəfə əməliyyat keçirdiyi bilinir. Sonucda dəri xərçənginə yoluxdu, burnu çürüməyə başladı. Elə plastik əməliyyatların verdiyi zərərlər də ömrünü qısaltdı.

“Plastik” müğənnilər

Dünyanın estetik əməliyyat rekordu, 50 estetik əməliyyat etdirən Amerikalı Sindi Ceksona aiddir. Əməliyyatlara 100 min dollardan çox pul xərcləmiş olan Sindi, burun, üz gərdirmə, sinə əməliyyatı, çənə, yağ aldırma, qalıcı makiyaj kimi bir çox cərrahi əməliyyat keçirib. Bu günlərdə mətbuata verdiyi bir açıqlamasında həmin xanım belə deyib: “İndiki ağlım olsaydı qətiyyən plastik əməliyyatlara girməzdim, mən özüm öz əlimlə həyatımı kabusa çevirdim”.
Plastik əməliyyat riskdir, cərrah stolundan gözəl də qalxa bilərsən, heç nəyə bənzəməyən bir eybəcər kimi də. Cəmiyyətin tanınmış simaları daha çox gözəlləşmək arzusundadırlar. Elə bu istəkləri də onların başına bəladır.
Ajda Pekkan Türkiyədə sənətçilər arasında ən çox plastik əməliyyat etdirən xanımdır. Keçirdiyi plastik əməliyyatların sayı 18-dir, o 3 dəfə burnunu kəsdirib, 6 dəfə dodaqlarını silikon etdirib, 4 dəfə üzünü gərdirib. Türkiyənin superstarı hər 6 aydan bir üzünü botoks etdirir. Ajda Pekkandan cəmi bir əməliyyatla geridə qalan müğənni Dəniz Akkaya 17 əməliyyatla siyahıda ikincidir. 3-cü yerdə 11 əməliyyatla Hande Ateizidir. 4-cü pillədə 9 əməliyyatla Seda Sayandır. Hande Yener 6 əməliyyat keçirib. Asena və Ebru Yaşar 5, Ebru Gündeş 3, Pətək Dinçözlə Gülbən Ergen 2 əməliyyatla siyahını davam etdirirlər.
Ölkəmizdə plastik əməliyyatlar vasitəsi ilə gözəlləşməyə çalışanlar da az deyil.

Plastik əməliyyatlar keçirən Azərbaycan məşhurları kimlərdir?

Şou-biznesin tanınmış simaları bu siyahıda öndədir. Siyahıya 9 əməliyyatla bədəninin müxtəlif yerlərində əməliyyat keçirən Rəqsanə başçılıq edir. Gözəlləşmək üçün var qüvvəsi ilə çalışan, pul xərcləyən müğənni buna heç cür nail ola bilmir. Xanım müğənninin üzündə və bədənində qüsurlar yetəriicədir.

İkinci pillədə Aygün Kazımova qərarlaşıb. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən xanım müğənni əməliyyatları barədə öyünərək danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib və iki qabırğasını çıxartdırıb. Qaşlarını və üzünü dartdıran müğənni bilinən 7 əməliyyat keçirib.

İlk əməliyyatını 2000-ci ildə etdirən Nazpəri Dostəliyeva bilindiyi qədər ən azı 5 dəfə əməliyyat keçirib. 2 dəfə burnunda, 1 dəfə üzündə, 1 dəfə dodaqlarında, 1 dəfə də ayaqlarında əməliyyat edilib.

Dodaqlarının, burnunun ayaqlarının və bədəninin görünüşünü dəyişdirən Brilliant xanımın keçirdiyi əməliyyatlar həmişə gizli olur. Heç vaxt plastik əməliyyat etdirmədiyini deyən sənətçi əməliyyatları ilə demək olar ki sənətçilərin önündədir. Əldə etdiyimiz məlumata görə, müğənni xanım son olaraq belini inçəltmək üçün iki qabırğasını da çıxartdırıb.

Köhnə lent yazılarının yayımlanmasına qadağa qoyan xalq artisti Məleykə Əsədova da dəfələrlə əməliyyat keçirib. Burnunu, dodağını əməliyyat etdirib, üz dərisini gərdirib.

Xalq artisti İlhamə Quliyeva heç vaxt əməliyyat olmaması ilə öyünür, amma müğənni xanımın üzünə baxanlar asanlıqla anlayar ki, dodaqları və qaşları plastik əməliyyat keçirib. Bundan əlavə, o sinəsindən və üz dərisindən də əməliyyat olunub.

Şou-biznesin yeni simalarından olan Nura da gözəlliyinin bir qismini plastik əməliyyatlara borcludur. Dəhşətli avtomobil qəzasından sonra üzü tanınmaz hala düşən Nura ikinci sifətini Sankt-Peterburqun məşhur cərrahı Nekrasova borcludur.

Müğənni Röya da plastik əməliyyatı sevən müğənnilərdəndir, o təkcə burnunu 3 dəfə əməliyyat etdirib.

Kişilər plastik əməliyyatlara xanim müğənnilər qədər önəm verməsə də, şou-biznesin estetik əməliyyat keçirən kişiləri az deyil - Faiq Ağayev, Samir Bağırov, Nadir Qafarzadə və başqaları həkimlərin bıçağından istifadə ediblər.

Plastik əməliyyatlara və cinsini dəyişdirənlərə dini baxış

İnsanı cilddən cildə salan gözəlləşmə əməliyyatlarına dinlərin münasibətini öyrənməyə çalışdıq.
İlahiyyatşünas Ramil Hüseynli deyir ki, heç bir din ehtiyac olmadıqda insan orqanizminin bioloji və fiziki strukturunu dəyişməyə müsbət baxmır: “Tanrı insanı özünə bənzər olaraq qüsursuz yaradıb. Gözəllik nisbi anlayışdır, biri üçün gözəl olan mənim üçün gözəl olmaya bilər. Ümumiyyətlə, xarici gözəllik heç bir mənəvi dəyərə malik deyil”.
İlahiyyatşünas deyir ki, Tanrı hər bir insanı bənzərsiz və özünəməxsus yaradıb, bunu zorla dəyişdirmək baha başa gəlir, bu, insanın bu dünyada etdiyi günahlar sırasına yazılır: “İnsanın bütün dəyəri onun ruhudur, bədənin Tanrı önündə zərrə qədər də dəyəri yoxdur. Bədən bir növ ruhun- bizim əsl şəxsiyyətimizin paltarıdır. Bu paltarı nə qədər istəyirsən dəyişdir, “gözəlləşdir”- bu lazımsız və səmərəsiz bir işdir. Buna sərf edilən vaxta və zəhmətə insan ruhunu, biliyini təkmilləşdirsə daha yaxşı olar”.
Ramil Hüseynlinin sözlərinə görə, dinlərdə bəzi hallarda təbii nizamı pozmaq günah sayılmaya bilər- bir canlının həyatını xilas etmək və ya başqasına zərər verilməsinin qarşısını almaq hallarında, həmçinin insanı narahat edən, sağlamlığına zərər verən anadangəlmə və sonradan yaranmış qüsur və anormallıqları aradan qaldırmaq lazım gəldikdə.

Şərqşünas Hacı Seyid Camal isə bildirdi ki, bu cür əməliyyatlar insanın Yaradana asi olması deməkdir. “Yaradan hər kəsə haqq etdiyi vücudu verir, heç kim öz görünüşündən şikayət etməməli, dəyişdirməyə çalışmamalıdır. Ələxsus da bu daha da gözəlləşmək, daha yaxşı vücuda malik olmaq üçün edilirsə. İslam dini bunu doğru hesab etmir. Əgər insan öz bədənini dəyişməyə cəhd edirsə, demək o yaradanın qanunlarını tapdayır. Quranda buyurulur ki, insan Allahdan gələn hər şeyi gözəllik kimi qəbul etməlidir. Qloballaşan bir dünyada yaşayırıq, hər gün inkişaf edirik. Əgər bir insanın həqiqətən də plastik əməliyyata ehtiyacı varsa, yəni hər hansı bir qüsuru varsa və əməliyyat etdirməyə məcburdursa bu başadüşüləndir.”

Cinsiyyətini dəyişənlərlə bağlı sualımıza şərqşünas belə cavab verdi: “Tanrı insan övladını yaradanda kişi və ya qadın olacağına özü qərar verir. Əgər insan öz orqanizminə gərəksiz müdaxilələr edirsə, gərəksiz əməliyyatlar keçirirsə, o zaman o, Yaradana qarşı çıxmış olur. Yox, əgər cinsiyyəti dəyişmək həyatda qalmaq deməksə, buna din bir söz demir. Yəni, qadın əməliyyatla kişi olmasa və ya əksinə, kişi qadına çevrilməsə həyati təhlükə yaranacaqsa, islam dini buna qarşı çıxmaz. Çünki söz mövzusu insan həyatıdır və insan zamansız Yaradana qovuşacaqsa, bunu önləmək üçün cinsiyyətini dəyişmək çarədirsə, o zaman bu prosses gerçəkləşdirilə bilər”.

Son Olaraq

Deyirlər, gözəllik qurban tələb edir. Mütəxəssislər, din xadimləri deyir ki, bu məsələ uymayın, gözəllik üçün qurban olmayın, öz əlinizlə pul verib bəla almayın, həyatınızı kabusa çevirməyin. İnsana edilən hər süni müdaxilə bizi anormal sonluğa bir az da yaxınlaşdırır. Dünyaya özümüz olaraq gəldik, özümüz kimi də getməyi bacarmalıyıq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
834 805 686 761 617 704

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.