
“Həmişə yanan şam” adlı kitabda Ayətullah şeyx Əli Damiğanidən belə nəql olunur:
Nəcəfə etdiyim səfərlərin birində mərhum Ayətullah seyyid Əbul-Qasim Xoyi ilə görüşmək üçün Kufədə olan evinə getdim. O ev balaca həyəti olan kiçik və sadə bir ev idi. Orada seyyid tək qalmasın deyə yalnız bir xadim var idi.
Heç vaxt yadımdan çıxrmır ki, atam (Ayətullah Məhdəvi Damiğani) seyyidin dərsinin əzəmətindən danışmağa və onun alim yetişdirmə üsulunu tərifləməyə başladı. Sonra mərhum seyyid Xoyidən bu cür ali keyfiyyətə malik olan çoxlu müvəffəqiyyətinin səbəbini soruşdu. Ayətullah seyyid Xoyi cavabında belə dedi: “İcazə ver sənə bir rəvayət danışım. Bir gün həzrət İbrahim (əleyhissəlam) Allaha dedi ki, İlahi, bal arısı balı necə hazırlayır? Allah-təala buyurdu: “Ey İbrahim, əlini qabağa tut ki, bal arısı gəlib əlinin üstündə otursun və bal versin. Qoy bal arısının necə bal verdiyini görəsən.” Həzrət İbrahim (əleyhissəlam) əlini qabağa tutdu. Bu zaman bir bal arısı gəldi və onun əlinin arxasında oturdu. Bir qədər orada hərəkət etdikdən və vızıldadıqdan sonra getdi. Həzrət İbrahim (əleyhissəlam) əlinin üstünə baxdı və gördü ki, bal yoxdur. Zehnində sual qalmışdı. Allaha belə dedi: “İlahi, əlimdə bal yoxdur.” Allah-təala buyurdu: “Ey İbrahim, ovucuvun içinə bax.” Həzrət İbrahim ovucunun içinə baxdıqda gördü ki, ovucunun ortasında bir tikə bal mövcuddur. Həzrət İbrahim heyrətə gəlmişdi. Bal arısı onun əlinin üstündə oturmağına baxmayaraq bal onun ovucunun içinə düşmüşdü. Bu zaman İbrahimə belə xitab olundu: “Ey İbrahim, bal arısının işi vızıldamaqdır. Balı isə biz veririk.”
Bu zaman Ayətullah seyyid Xoyi təvazökarlıqla belə dedi: “Bizim işimiz vızıldamaqdı. Müvəffəqiyyət, bərəkət və inayət isə Allahdandır.””
: