Hekaye
Bakıdan rayona gedən yolda dostum Səfiyar hər nə qədər məni uzaqlara aparsa da, fikrim bacımın telefondan eşitdiyim səsində, həmin cümlələrin yanında qalmışdı:
- Papa yaxşı deyil. Mama deyir, bir tərəfi tərpənmir, nəsə danışır, başa düşülmür.
Həmin ilk üç gün ki var idi, atamın sağalacağına inanırdım, həkimlər bir ağızdan dedi ki, ümid yoxdu, yerdə qalan altı günü də ha dedilər ki, ümid artır, bu dəfə mən inanmadım.
Ağ xalatlarının cibinə göy, sarı, çəhrayı kağızlar qoymaqdan başqa nəsə bacarmırdım. Bir də deyirdim, mən burdayam, divarın o tayında, it kimi orda gözləyirəm.
Hər səhər tibb bacılarının foyeyə çıxıb adımı çağırmağını gözləyirdim, əl boyda resepti qapıb təngnəfəs aptekə qaçırdım.
Həmin üç günə qədər atam nəsə danışırdı, bəzilərini başa düşürdüm:
“Sənə əziyyət oldu...”
“Məni burdan çıxar...”
“Bura xaraba qalsın...”
Mənsə elə hey deyirdim ki, papa, bu dəfə də ölmədin, hər şey keçdi, həkimlər deyir, təhlükə yoxdu, sağalırsan.
Yalanı azərbaycanca deyirdim ki, bəlkə ləzgi tibb bacıları başa düşməyə.
Üç gündən sonra atam susdu, gözlərini yumdu. Aramızdakı yeganə ünsiyyət belə idi; danışırdım, ona günü, saatı, sağalacağını deyirdim, axırda da dəqiqləşdirirdim: papa, eşidirsənsə, əlimi sıx! Sıxırdı. Bəsim idi.
O soyuq qış günlərində Günəş şəfəqlərini xəstəxananın foyesinə ilan zəhəri kimi qusurdu. O foyenin səhər-axşam sap-sarı saralan pəncərələrindən zəhləm gedirdi. Doqquz gün orda qaldım.
Reanimasiya xəstəxananın sonuncu – dördüncü mərtəbəsindədir, bu mərtəbənin foyesindən baxanda yuxarı ilan kimi qıvrılan daha bir pilləkən var və bu pilləkən bacımı narahat eləyirdi:
- Bura dördmərtəbəlidi, bəs bu pilləkən hara qalxır?
Mən belə suallar çox eşitmişəm, insan ən dəhşətli anlarda ən mənasız şeylərlə maraqlanır; necə ki, Kamyunun yad qəhrəmanı məhkəmədə öz edam hökmünü eşidə-eşidə çöldə çığıran dondurmasatan uşağı düşünür. Necə ki, dar ağacı qabağında başına torba keçirilən Dostoyevski öncə dördnala çapılan at səsi uydurur, sonra o səsi böyüdüb müşahidəçiyə çevirir, həmin çapar onun həyatını xilas edir.
Bacım da elə idi, onun bu sualına gülümsəməsəm, o da pilləkəni ilana oxşadardı.
Ölümündən sonra onu nə vaxt istəsəm, yuxuda görürəm, ancaq hər görəndə bircə kəlmə deyir:
“Aman bala, niyə ağlayırsan?”
- Papa, elə danışırsan, guya mənim ağlamaqdan ötrü ürəyim gedir.
İndi istədiyim gecə yuxuda gördüyüm atamı onda görmək üçün aramızda bircə divar var idi, divarın da qapısı var idi. Mən ağxalatlıların cibinə rəngli kağızlar doldurduqca atamı görə bilirdim, üstündən aylar, illər keçəndən sonra ən yaxşı halda haqqında yaza biləcəyim atamın ilıq əllərini tuta bilirdim, o da əlimi sıxa bilirdi