İnsanlar niyə qışqırır?
Bir dəfə müəllim tələbələrdən soruşdu:
- İnsanlar niyə mübahisə edəndə qışqırır?
- Çünki əsəbiləşirlər, sakit ola bilmirlər – biri cavab verdi.
- Qarşındakı adam düz yanındadırsa, qışqırmaq nəyə lazımdır? – müəllim soruşdu – Olmazmı ki, sakit danışasan?
Tələbələrin hərəsi bir cavab verdi. Lakin heç biri müəllimi razı salmadı. Axırda özü izah etməli oldu:
- İnsanlar bir-birilərindən razı olmayanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Ona görə də bir-birlərini eşitmirlər və qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox əsəbiləşirlərsə, bir o qədər bərkdən qışqırırlar. Bəs insanlar bir-birlərini sevəndə nə baş verir? Onlar qışqırmırlar. Əksinə sakit danışırlar. Çünki ürəkləri bir-birinə çox yaxın olur və qışqırmağa ehtiyac qalmır.







