“Real”ın azarkeşləri klub prezidentinin istefasını tələb etdilər
Madrid “Real”ının azarkeşləri La Liqanın 20-ci turunda “kral klubu”nun “Levante” ilə ev oyununda “Florentino, istefa ver!” şüarları səsləndiriblər.
Qarşılaşma İspaniya nəhənginin “Santyaqo Bernabeu” stadionunda keçirilib.
Xatırladaq ki, Madrid klubunun prezidenti Florentino Peresdir. O, bu vəzifəni 2000–2006-cı illərdə tutub və 2009-cu ildə yenidən həmin posta qayıdıb.
Yanvarın 14-də “kral klubu” İspaniya Kubokunu tərk edib: 1/8 final mərhələsində “Albasete” klubuna 2:3 hesabı ilə məğlub olub. Yanvarın 11-də isə Madrid komandası İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzub. La Liqanın 19 turundan sonra “Real” 45 xal toplayaraq ikinci pillədə qərarlaşıb.







