İnzibati cəriməni vaxtında ödəməməyin məsuliyyəti
"İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın icra edilməməsi İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsi ilə məsuliyyət yaradır".
Bunu Sun.Az
-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, qanunvericiliyə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən etibarən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, şəxsə 160 saatdan 240 saatadək ictimai işlər təyin olunur:
"Bundan başqa, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar istisna olmaqla, inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 25 gün ərzində icra olunmadıqda, şəxsə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq edilir. İşin halları və xətanı törədən şəxsin şəxsiyyəti nəzərə alınaraq bu tədbirin kifayət etmədiyi qənaətinə gəlinərsə, üç ayadək müddətə inzibati həbs də tətbiq oluna bilər.
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş cərimələrin isə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay ərzində icra edilməməsi nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması ilə nəticələnə bilər.
Eyni zamanda, ictimai işlər növündə inzibati tənbehə məhkum edilmiş şəxs bu cəzanın icrasından boyun qaçırarsa, ona üç ayadək müddətə inzibati həbs tətbiq edilir".






